Hindistan pilotları varlı ailənin 11 yaşlı oğlunu Bakı aerportunda unutdu, qalmaqal baş verdi

0
573

Hindistanın Air İndia hava yolları şirkətinin pilotları London-Mumbai reysi ilə uçan “Boeing 787 Dreamliner” təyyarəsinin sərnişini olan 11 yaşlı oğlanı Bakı aerportunda yaddan çıxarıb. Nəticədə qalmaqal yaranıb və hazırda uşağın valideyinləri hava yolları şirkətindən kompensasiya tələb edir.

Virtualaz.org Hindistan KİV-lərinə istinadən xəbər verir ki, insident iyulun 10-da baş verib. Həmin gün Air İndia şirkətinin London-Mumbai reysi ilə uçan “Boeing 787 Dreamliner” təyyarəsi texniki nasazlıq üzündən Heydər Əliyev Bakı Beynəlxalq Aeroportuna qəza enişi edib. Təyyarədəki nasazlığı həmin gün aradan qaldırmaq mümkün olmadığından Air İndia sərnişinlərin dalınca yeni təyyarə göndərib. Sərnişinlər yeni təyyarə gələnə qədər Bakı aerportund 12 saatdan çox gözləməli olublar.

Təyyarənin sərnişinlərindən  biri də 11 yaşlı Karan Sinqh Kotari idi. O, Mumbaidən olan imkanlı ailənin uşağıdır, Londonda təhsil alır və həmin gün valideyinlərinin müşaiyəti olmadan Hindistana ailəsinin yanına dönürdü. Beynəlxalq mülki aviasiya normalarına görə 12 yaşdan aşağı uşaqların valideyinlərin müşaiyəti olmadan uçmasına ancaq bir şərtlə icazə verilir ki, həmin uşaq təyyarənin heyət üzvlərinin himayəsinə verilsin. Bundan ötrü hava yolları şirkətləri ayrıca xidmət təklif edir və Karanın ailəsi də bu xidmətdən istifadə edib.

Həmin gün Hindistan təyyarəsi qəza enişi edəndə heyət üzvləri Karanı kondisionerin işlədiyi salonda 2 saat saxlayıblar. Daha sonra ona təyyarədən çıxmağa icazə veriblər, hindistanlı uşaq Bakı aerportunun ərazisinə daxil olub və ekipaj onu orada müşaiyətsiz buraxıb. Daha sonra yaddan çıxarıb və uşaq 12 saat ərzində aerportun ərazisində baxımsız qalıb.

Valideyinləri deyir ki, uşaq bütün gecəni bir buterbrod və bir stəkan su ilə keçirib. Uşağın anası Sonali deyir ki, təyyarə Bakıya qəza enişi edəndə və sərnişinlərdən təyyarəni tərk etmə xahiş olunanda ekipaj Karanın qarşısında bütün məsuliyyətini yaddan çıxarıb. Yaxşı ki, uşaq Hindistandan gələn yeni təyyarəyə minik başladığını eşidib və qapıya tərəf qaçıb, aerport əməkdaşlarına valideyinlərinin müşaiyəti olmadan uçduğunu təsdiq edən sənədi təqdim edərək təyyarəyə minə bilib. Valideyinləri deyir ki, uşağın 12 saat başqa sərnişinlərin də olduğu terminalda nəzarətsiz qalması nəticəsində ən müxtəlif hadisələr baş verə bilərdi, o, səhvən başqa təyyarəyə də minərdi.

Ailə bildirir ki, Karan ildə 12 dəfə London-Mumbai-London reysi ilə gedib-gəlir və belə hadisə ilk dəfə baş verir. “Ona vəhşicəsinə yanaşıblar, heç bir başqa aviaşirkət bunu etməzdi ki, Air İndia edib”-Karanın babası deyir. Valideyinlər şirkətə baş verənlərə görə kompensasiya ödəmək üçün iki həftə vaxt veriblər, kompensasiya ödənməsə onlar məhkəməyə müraciət edəcəklər.

Virtualaz.org

BIR CAVAB BURAXIN