‘Hicab boykotu İran qadınlarının işinə yaramır’

0
648

Amerika şahmat çempionu Nazi Paikidze bildirib ki, o, gələn il İranda keçiriləcək qadınlar arasında şahmat üzrə dünya çempionatına qatılmayacaq.

Nazi Paikidze boykot qərarı ilə İranda qadınların hicab geyinməsi qaydasına etiraz edir. Onlayn petisiyada (imzatoplama) o bildirib ki, İranda hətta ölkəyə qonaq gələn qadınlara hicabın məcburən geyindirilməsi qadın əsarətinə haqq qazandırmaqdır.

Hicab müzakirəsinə qatılan iranlı qrossmeysterlər Sara Khadem və Mitra Hejazipour“Guardian”“The New York Times” qəzetlərinə müsahibələrində bildiriblər ki, boykot İranda qadın idmanına zərər verə bilər.

Qadın idmanında geyimi məhdudlaşdırmağın istədiyini geyinmək hüququna zidd olması ilə bağlı müzakirələr mediada və sosial şəbəkələrdə geniş yayılıb.

“The Guardian” qəzetində çap edilən “Şahmat yarışında hicab boykotu kimə faydalıdır? İran qadınlarına yox” məqaləsinin müəllifi Choncheh Ghavami qeyd edir ki, onun şəxsi təcrübəsinə görə, Paikidze-nin qərarı digər şahmatçılara da təsir edə bilər, bəziləri boykot qərarını dəstəkləyə, bəziləri rədd edə bilər:

“İki il öncə vətənim İranda əxlaq polisi məni hicab standartlarını pozma ittihamıyla həbs elədi. Saxlanma mərkəzinə gətiriləndə gördüklərimdən heyrətə gəldim”.

İranda qadınlar hicaba görə həbsdən qorxmurlar

Müəllif yazır ki, iranlı qadınlar həbs olunmaqdan qorxmurlar və adətən, bir neçə saat içində azadlığa çıxırlar:

“Və hicabı əvvəllər necə geyirdilərsə, o formada da geyməkdə davam edirlər”.

Məqalədə deyilir ki, əxlaq polisi gündə milyonlarla sadə iranlı qadını saxlayır, ancaq polisin bu canfəşanlığı onların istədiyi nəticəni vermir. Müəllif qeyd edir ki, qadınlar hicabla bağlı rəsmi qaydaları pozmaqla, sadəcə, buna etiraz edirlər. O, sadə iranlı qadınların bir mərkəzdən idarə olunmayan, gündəlik həyatdakı belə bir etirazından indiyədək xəbərsiz olduğunu yazır.

Məqalə müəllifi Pakidize ilə razılaşdığını vurğulayır:

“Hər kəsin öz geyimini seçmək azadlığı var. Mən onun qadın hüquqları ilə bağlı qətiyyətini alqışlayıram, amma fikrimcə, oyunun boykotu yanlışdır”.

Məqalədə göstərilir ki, hicabın belə sərt şəkildə gündəmə gətirilməsi İranla Qərb arasında çatları dərinləşdirir. Öz durumunu dəyişdirməyə iradəsi çatmayan iranlı qadınlar isə bu vəziyyətdə passivlik göstərirlər.

“Xilaskar kimi görünmək yox, həmrəylilik lazımdır”

Müəllif qeyd edir ki, ölkənin patriarxal sistemi və qadın məsələləri barədə yetərli bilgi olmadan İrandan xaricdə təşkil edilən kampaniyalar hicab tələbi qoyan qanunu hədəfə alır, ancaq iranlı qadınların təkcə hicab qanunu deyil, həm də siyasi-sosial-iqtisadi müstəvidəki diskriminasiya əleyhinə fəallığını gözardı etmiş olurlar. Bu zaman belə bir ismarıc verilmiş olur ki, İran qadınlarına, öz ölkəsinin qanunlarından azad olmaqdan ötrü xarici xilaskar lazımdır.

Müəllif qeyd edir ki, amerikalı şahmatçının hicab məcburiyyətinə tərəfdar durmaması və İrana səfərdən imtinası onun hüququdur, ancaq boykot qərarı iranlı qadınlara öz tələblərini reallaşdırmağa kömək etməyəcək. Yazar vurğulayır ki, iranlı qadınların bərabərlik uğrunda mübarizəsi on illər öncədən başlayıb və bu yol onlara baha başa gəlir.

Məqalədə müəllif amerikalı şahmatçı Paikidize-ni İrana çağırır, deyir ki, o, İranda qadınların həyatını öz gözü ilə görməli, onlar barədə onların dilindən eşitməlidir:

“Əsarətlə mübarizədə biz, xilaskar kimi görünməkdənsə, həmrəylik və rəğbət nümayiş etdirməliyik. Boykot çıxış yolu deyil”, yazar vurğulayır.

BIR CAVAB BURAXIN