“Heç kim Azərbaycandan belə nəticə gözləmirdi””

0
677

11

Azərbaycan idmançıları indi əvvəlki illərdən yaxşı durumdadırlar. FIFA-nın (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) saytında Azərbaycan haqda yazıda belə deyilir.

Müəllif Azərbaycan idmançılarının Rioda, 2016-ci il Olimpiya Oyunlarında əvvəlkilərdən daha çox medal qazandığını xatırladır. «Düzdür, bu medallar boks, güləş, cüdo üzrə yarışlarda qazanılıb, amma iki idman növünün – şahmat və futbolun bu ölkədə daha populyar olması faktdır… İndi Azərbaycan futbolçuları öz peşəkarlıqlarını göstərməyə başlayaraq böyük ümidlər yaradıblar».

FIFA yazır ki, San-Marino və Norveç komandalarına 1-0 hesabıyla qalib gəlməklə Azərbaycan yığması 2018-ci il Dünya çempionatına çox böyük uğurla başladı. Bu qələbə komandanın Çexiya yığmasının da qarşısına yaxşı çıxmasına səbəb oldu. Oyun qolsuz başa çatsa da, Azərbaycanı Almaniyadan cəmi iki pillə arxaya çatdırdı.

«PEŞƏKARLARIN KƏŞFİYİK»

Müəllif bu yaxşı başlanğıcın arxasında Azərbaycan futbol yığmasının baş məşqçisi, xorvatiyalı Robert Prosinečki-nin dayandığını vurğulayır, bu əfsanəvi müdafiəçinin Azərbaycan yığması haqda ümidlə danışdığını qeyd edir. «Biz dünya çempionatı peşəkarlarının kəşfiyik. Heç kim Azərbaycandan belə nəticə gözləmirdi. Amma biz hər kəslə yarışmağa qadir olduğumuza inanırdıq. Biz çox oyunçunu dəyişmişik və etdiklərimizə inanırıq. Ən vacibi də budur». R.Prosinečki Goal.com-a müsahibəsində belə deyib.

Kamran Ağayev

Kamran Ağayev

Müəllif Azərbaycan futbolçularının FIFA Dünya çempionatı, ya da UEFA Avropa çempionatına heç vaxt belə uğurla başlamadıqlarını yazır, ən yaxşı nəticəni 2014-cü ildə əldə etdiklərini, yarışmanı 9 xalla 4-cü yerdə, yəni indikindən cəmi 2 xal irəlidə bitirdiklərini xatırladır. Son uğurları nəticəsində azərbaycanlılar FIFA dünya reytinqində 88 yerdən 45-cisini tutublar. İndiyə qədər bu sırada Azərbaycanın tutduğu ən yaxşı yer 73-cü idi.

«Hər gün inkişaf edirik. Oyunçularım möhkəmdirlər. Onlar hər qol uğrunda savaşırlar, bütün oyunlarda diqqətlidirlər», – R.Prosinečki deyib.

YEGANƏ ZƏİFLİK HÜCUMDADIR

Müəllif hesab edir ki, məşqçinin əminliyinə səbəb qapıçı Kamran Ağayevin güclü duruşu və Maksim Medvedev ilə kapitan Rəşad Sadıqovun mərkəzi müdafiəni təmin edən «əməkdaşlığıdır». Uğurun digər səbəbkarları kimi müəllif UEFA Avropa Liqası oyunlarında təcrübə qazanmış futbolçular Rahid Əmirquluyev və Qara Qarayevin adını çəkir.

Müəllif komandanın yeganə zəifliyini hücumda görür. Buna baxmayaraq, Ruslan Qurbanovun San-Marino ilə oyunda qol hesabını aça bildiyini xatırladır. Baş məşqçi R.Prosinečki də hücum tərəfdarı olduğunu bildirib: «Köməkçilərim və mən Azərbaycan komandasının, sadəcə, müdafiə olunmasını deyil, futbol oynamasını istəyirik. Oyunçularda özlərinə inam yaratmağa çalışırıq və indi onlar hamını təəccübləndirə biləcəklərinə əmindirlər».
Müəllif baş məşqçinin fəlsəfəsinin bəhrəsinin ortada olduğunu qeyd edir.

Gələn qarşılaşma martda almanlarla olacaq. 1998-ci ildə Xorvatiya yığmasının Almaniya üzərində məşhur qələbəsində iştirak etmiş R.Prosinečki bu görüşü dəyərləndirərkən, almaniyalı futbolçuların həm qüsursuz, həm də sevilən komanda olduğunu deyib: «1/4 finalda almanlarla üz-üzə gəlmək, az qala, mümkünsüz missiya təsiri bağışlayır».

BIR CAVAB BURAXIN