HACIYEVDƏN NAZİRƏ ŞOK İTTİHAMLAR – “Araşdırmaq lazımdır ki, o niyə ölkəyə düşmən kəsilib?”

0
594

“Beynəlxalq Bank işi”nə görə həbs edilənlərin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib. Bankın sabiq rəhbəri C.Hacıyev məhkəmədə ifadə verib.

O, əvvəlcə saxlanma şəraiti ilə bağlı danışıb: “Dekabrın 19-dan qaldığım kameradan məni başqa korpusa köçürüblər. Hansı ki, həmin korpusda məhkum olunmuş şəxslər saxlanılır. Əvvəlki korpusda gündə iki dəfə su verilirdi. Burada cəmi bir gündə 4 dəqiqə su verilir. Soyuducusu isə yoxdur. Təsəvvür edin ki, həftə bir dəfə yemək qəbul edirlər. Əgər soyuducu yoxdursa, bu o deməkdir ki, bir gün yeyib 6 gün ac qalmalısan. 45 dərəcə istidə belə şəraitdə saxlanmaq nə deməkdir? Allah heç kimə qismət etməsin. Ancaq yaddan çıxarmayın ki, hamının başına gələ bilər.Dustaqların bir günlük yeməyinə 18 manat 50 qəpik pul ayrılır. Amma heç 50 qəpiklik yemək vermirlər. Xahiş edirəm ki, bu məsələlərə qanun şəklində baxasınız. Mənə işgəncə vermək nəyə lazımdır? Bunu da bilsinlər ki, buna göstəriş verənlər heç nəyə nail olmayacaqlar”.
O, istintaq işinin aparılamasından da narazılıq edib:  “Mən istəmişəm ki, bu işi Baş Prokuroluq araşdırsın. Oranın məsuliyyətli, peşəkar mütəxəsisləri var. Əfsuslar olsun ki, bu işin istintaqını BMCQMİ aparıb. Orada isə mütəxəsis yoxdur. Onlara çox şeyi mən özüm başa salırdım. İttiham aktında deyilir ki, guya mən 211 milyon ziyan vurmuşam. Nə qədər hesablayıramsa, bu qədər məbləğ alınmır. Bunu hesablayanların məktəbdə riyaziyyat müəllimləri kim olub?”- deyə C.Hacıyev iddialı danışıb.

C.Hacıyev qızının adına borc yazılmasından da narazılığını bildirib. O, söyləyib ki, qızı Leylanın ümumiyyətlə borcu yoxdur: “Niyə onun adı ittiham aktına yazılıb? Məqsədləri budur ki, məbləği 211 milyona çatdırsınlar? Yüzlərlə  insanı təcrid edib, minlərlə adamın ölkədən çıxışına qadağa qoymaqla nə qaytarılıb? Heç bir qəpik də qaytarılmayıb”.

Özünün və ailə üzvlərinin səhmlərinin satıldığını deyən C.Hacıyev həmin məbləğin onun borclarının silinməsinə yönəldilmədiyini bildirib: “Mənim və yaxınlarımın 5 milyona yaxın səhimlərimiz alqı-satqı olunub. Ancaq həmin məbləğ kreditin ödənilməsinə yönəldilməyib. Niyə həmin məbləğ kreditimin ödənməsinə xərclənməyib? Çünki ortada qərəz var. Harada bir cümlə var ki, bu pullar bizim cibimizə gedib. Biz tərəfdən mənimsəmə deyilən bir hal olmayıb. Adi kredit əməliyyatları olub. Bu işdə cinayət yoxdur, ola da bilməz.
Dəfələrlə ifadə verib istintaqı istiqamətləndirmişəm ki, fiziki şəxslərin adına verilmiş kreditlər filan layihələrin həyata keçirilməsinə yönəlib. Mən yazılan və yazılmayan qanunları gözəl bilirəm. Və bu qanunların da heç birini pozmamışam”.

C.Hacıyev çıxışının davamında maliyyə naziri Samir Şərifovu ittiham edib:“Beynəlxalq Bankın Lüksemburqdakı nümayəndəliyi indi Samir Şərifovun və bankın indiki rəhbərliyinin mülkiyyətinə keçib. 2013-cü ildən 600 min iş yeri yaradılması ilə bağlı prezidentin fərmanı çıxarkən gəlib dedilər ki, pambıqçılıq, fındıqçılıq, kənd təsərrüfatı ilə bağlı Qazaxıstanda, Rusiyada, BƏƏ və s. ölkələrdə layihələr maliyyələşdirilməlidir. Ayrılmış kreditlər vasiyəsi ilə də maliyələşdirirdik. İndi deyirlər ki, o layihələr uğursuz olub. Əgər  o layihələr uğursuz idisə, niyə ən yüksək sərgidə prezidentə həmin layihələri son 10 ilin ən uğurlu layihələri kimi təqdim edirdiniz? Beynəlxalq maliyyə təşkilatlarının hebatlarına görə bizim yaratdığımız baza qeyri-neft sektorunun 50 faizini təşkil edirdi.
Mənə deyirlər ki, “limiti aşmısan və bankın Müşahidə Şurasının razılığı olmadan 1.5 milyondan artıq kredit vermisən”. Düz edib vermişəm. Müşahidə Şurasının qərarları qanuna ziddi idi. Mən Samir Şərifovun qərarlarını icra etməli idim, yoxsa Milli Məclisin qərarlarını? Audit Komissiyasının üzvləri həm də Maliyyə Nazirliyinin işçiləridir. Onlar 3 qanunu- dövlət qulluğu, korrupsiyaya qarşı mübarizə, bank və bank fəaliyyəti haqqında qanunları pozurdular. Mən qanunu seçməli idim, yoxsa hansısa bir məmurun istəyini yerinə yetirməli idim? Bir daha deyirəm ki, bu pul bizim cibimizə getməyib, layihələrə yönəldilib. Sadəcə istintaq aparılmayıb. Dediyim məsələlərin arxasınca heç kim getməyib”.
C.Hacıyev ona və rəhbərlik etdiyi banka qarşı qərəzin 2008-ci ildən başladığını deyib.

O, Samir Şərifovu ittiham edərək, devalvasiyanın günahkarının da onun olduğunu açqılayıb: “Beynəlxalq maliyyə böhranı baş verəndə bütün dövlətlərin maliyyə nazirlikləri, mərkəzi bankları kapitalın möhkəmləndirilməsi isitiqamətində işlər görməyə başladılar. Bircə bizdən başqa. 2013-cü ilə qədər dövlətdən banka heç bir vəsait gəlmədi. Əksinə biz maliyyə nazirliyi tərəfindən təzyiqlərə məruz qaldıq.
Biz ölkə rəhbərliyinə, baş nazirə məktublar yazırdıq ki, bir sıra layihələr kağız üzərində qaldı. Bununla da dövlətdən vəsait çıxarılır. 15 il sədr işləmişəm. Bu, burada oturanların da uğurudur. Bu müddət ərzində bankın reytinqi ölkənin maliyyə reytinqindən 2 dəfə yüksək olub. Samir Şərifov MOODYS-un nümayəndələri ilə görüşdə deyirdi ki, niyə onların reytinqini artırırsınız? Mən dəfələrlə demişəm ki, bu adamın fəaliyyətini araşdırmaq lazımdır ki, o niyə ölkəyə düşmən kəsilib?

Samir Şərifov dövlət rəhbərliyini aldadıb. 2014-cü ildən Beynəlxalq Bank 25 milyon xalis mənfəətlə çıxıb. Mən oxuyuram, görürəm və bilirəm ki, internetdə insanlar arasında Elman Rüstəmov haqqında pis-pis sözlər deyirlər. Onun devalvasiyanın səbəbkarı olduğu yazılır. Amma inanın ki, onun devalvasiyaya aidyyəti yoxdur. O, bunun əleyhinə idi. Bir gecənin içində 34 fazilik devalvasiyanın tək müəllifi Samir Şərifovdur. Devalvasiya olmalı idi. Ancaq bu şəkildə yox, tədricən olmalı idi. Bank sistemində kapital artırılmalı, möhkəmləndiriləndən sonra bu tədricən olmalı idi. Beynəlxalq Banka əvvəlcədən heç bir xəbər vermədən bu addımı atdılar. Bu qərara görə bir gecədə 130 milyon kapital itirdik. Oradakı menecmentlərin sayəsində aktivlərin dəyişməsindən 7-9 milyon ziyanla çıxdıq. Əgər menecmentlərin səyi olmasa idi, 150 milyon ziyan olacaqdı. Hamı bilsin ki, bunun günahkarı Samir Şərifovdur. Mən elə-belə demirdim ki, o adam burada oturmalıdır. İnanıram ki, bir gün oturacaq da”.
C.Hacıyev fəaliyyəti dayanan və ona məxsus olduğu deyilən “Azərinşaat”la bağlı da danışıb və qeyd edib ki, şirkət Azərbaycanda yol tikintisi ilə məşğul olan ən böyük şirkətlərdən biri olub:“Şirkətə 2013-cü ilə qədər dövlət büdcəsindən 250 milyon manat vəsait ayrılmışdı. Amma reallıqda həmin vəsait oraya çatmamışdı. Büdcə vəsaiti başqa yerə yönəldilib. İstintaqda da bu məsələ sübuta yetirilib. Tələb etdik ki, “Azərinşaat”ın rəhbəri olmuş Bülənt Kara dindirilsin. O demişdi ki, məndə vəsait yoxdur. Vəsait Samir Şərifovdadır”.

Özünü təqsirli bilməyən C.Hacıyev daha sonra prokuror Fərid Nağıyevin suallarını cavablandırıb.
Kreditlərin necə ayrılması ilə bağlı sualı cavablandıran C.Hacıyev belə deyib: “İş adamları müraciət edirdi. Layihələrə baxılırdı, kreditlərin verilib-verilməməsi ilə bağlı qərar verilirdi”.

Sonrakı dialoq:
Prokuror: Kim müraciət edirdi?

C.Hacıyev: Adlar eşitmək istəyirsiniz? Məncə açıqlamasam yaxşı olar.

Prokuror: Niyə müxtəlif şəxslərin adına kredit ayırıb, başqa ölkələrə göndərirdiniz?

C.Hacıyev: Çünki başqa ölkədə olan şəxslər və ya şirkətlərin adına pul ayırmaq mümkün deyildi. Ona görə də fiziki şəxslərina adına ayrıb, oraya köçürürdük. Bundan bütün bank sistemində istifadə olunur.

Prokuror: Sizin özünüz və ailə üzvlərinizin adına 16 plastik kart vasitəsi ilə faizsiz kredit verilib?

C.Hacıyev: Təminatsız kredit verilməsinə qadağa yoxdur. Bütün banklar bunu verirlər. Sıfır fazilə verilib. Həmin ayrılan vəsaitlər bizim ailə xərclərimizə getməyib. Həmin xərclər səhimlərin alınmasına- kapitala yönəldilib. Bundan həm də bank qazanıb.

Prokuror: Səhimlərin alınmasında məqsəd nə idi?

C.Hacıyev: Kapitalın artırılması.

Prokuror: Bankın öz vəsaiti ilə bankın kapitalını artırıdınız?

C.Hacıyev: Bu doğru yanaşma deyil. Mənim üçün deyirdilər ki, iki təyyarəsi var. Amma heç birini tapmadılar. Guya lordlar yaşayan yerdə mənim evim var. Samir Şərifovun bir sürücüsü var. O, internet resursunun rəhbəridir. Ona görə bu cür məsələlər aydındır.

Prokuror: Sizin yoldaşınızın, qızınız Leylanın adına olan kartlardan sağlamlıq, istirahət mərkəzlərində, Avropada turizm mərkəzlərində istifadə olunmayıbmı?

C.Hacıyev: Olunub. Ancaq eyni zamanda Azərbaycanda da nəğd vəsaitlər çıxarılıb. Bu da az vəsait deyil. Konkret hər bir kreditlə bağlı mən göstəriş verməmişəm. Mən ümumi olaraq göstəriş vermişəm ki, bu şəkildə kredit ayırmaq olar.

C.Hacıyev çıxışının davamında bunları əlavə edib: “Azər Bayramov mənə demişdi ki, mənim və yaxımlarımın səhimlərinin alqı-satıqısından əldə edilmiş vəsait “Texnikabank”ın borcunun bağlanmasına yönəldilib. Baş prokurorun və nazirin yanında sual verdim ki, niyə bizim pulumuzla “Texnikabank”ın borcunu bağlamısınız? O, hörmətli şəxslərin yanında dedi ki,  Emil Mustafayev bizə belə deyib”.

Prosesdə maraqlı bir dialoq da qeydə alınıb.

C.Hacıyev: “Hamı futbola baxmağı sevir. Ancaq burada futbol tək qapıya oynanılır”.

Prokuror: Ola bilsin ki, hava dumanlıdır və siz  digər qapını görmürsünüz.

C.Hacıyev: Hava yox, kiminsə başı dumanlıdır. Müşahidə Şurasının 4 üzvü Maliyyə Şurasının işçisi idi. Onlar gündəlik sistemdəki əməliyyatı görə bilirdilər. Hər 6 ayın yekunlarında yoxlama olurdu. Həmişə də xeyirlə çıxırdıq. Müşahidə Şurasının qərarlarını icra etməməkdə düz edirdim. Çünki hüquqi baxımdan qanuna ziddi idi. Digər bir tərəfdən də bankın fəaliyyətini dayandırmağa yönəldilmişdi”.

Məhkəmə prosesi avqustun 26-da davam edəcək(musavat.com).

***************

cahangir haciyevBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallyev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə C.Hacıyevin vəkilləri Aqil Layicov və Fəxrəddin Mehdiyev vəsatətlərlə çıxış edib.

Müdafiəçilər ötən prosesdə qaldırdıqları 6 vəsatətdən yalnız 2-nə münasibət bildirildiyini deyib. Onlar hazırkı məhkəmə heyətinə etiraz etdiklərini qeyd ediblər. Vəsatət baxılmamış saxlanılıb.
Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları yenidən dəqiqləşdirilib.
Bundan başqa, vəkil A.Layicov və F.Mehdiyev daha bir vəsatət verib.
Müdafiəçilər C.Hacıyevin müəyyən məsələləri məsləhətləşmək üçün vəkillərin yanında əyləşməsini istəyib: “Cahangir Haciyevin saxlanıldığı təcridxanada kamerası dəyişdirilib, soyuducudan məhrum edilib. Bu səbəbdən o, qida saxlaya bilmir və hüquqlarını müdafiə etdiyimiz şəxs günlərlə ac qalır. Məhkəmədən xahiş edirik ki, bu məsələnin həllinə kömək edərdiz”.

Vəkil Aqil Layıcov isə çıxışında C.Hacıyevin qəsdən “QAZ- 53″ həbsxanaya aparıldığını və həmin maşında isti olduğunu deyib.
A.Layıcov çıxışında qeyd edib ki, prezident tərəfindən 15 iyun 2015-ci il tarixində Beynəlxalq Bankın sağlanmlaşdırılması ilə bağlı fərmanı var: “Fərmandan irəli gələrək Maliyyə Nazirliyi, Beynəlxalq Bank və “Aqrarkredit” QSC arasında üçtərəfli müqavilə imzalanıb. Təhvil-təslim zamanı 5.7 milyard manat öhdəlik götürülüb və bank sağlamlaşdırılıb. İttiham aktında 211 milyon manat zərər dəyməsi qeyd edilir. Ancaq yenidən əlavə olaraq 7 milyonluq dəymiş maddi zərər göstərilir. Həmin təhvil-təslim zamanı imzalanan sənədlər məhkəməyə təqdim edilməsini tələb edirik”.
Vəsatət təmin edilməyib.
Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyib.
Proses saat 14:00-da davam etdiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə C. Hacıyev ifadə verib. O, ilk öncə saxlanma şəraitindən narazılıq edib, istintaq təcridxanasında ona qida məhsullarını saxlamaq üçün soyuducu verilmədiyini deyib: “Mən həmişə istəmişəm ki, istintaq baş prokurorluq tərəfindən aparılsın. Çünki oranın məsuliyyətli işçiləri var. İttihamda göstərilir ki, 211 milyon ziyan vurulub. Amma nə qədər hesablasan belə, bu rəqəm alınmır. Mənim və yaxınlarımın 5 milyona yaxın səhmləri alqı-satqı olunub, amma əldə olunan vəsait kreditlərin ödənilməsinə yönəlməyib. Mən istintaqda bildirmişəm ki, fiziki şəxslərin adına olan kreditlər layihələrə yönəlib. Mən qanunları gözəl bilirəm və onların heç birini pozmamışam.

Hər şey 2008-ci ildən başladı. Dünyada maliyyə böhranı başlayanda bütün dünyada qabaqlayıcı tədbirlər görüldü, amma bizdə belə olmadı.
Beynəlxalq Banka heç bir xəbər vermədən devalvasiya qərarı verildi. Bu qərardan sonra bank bir gecədə 130 milyon manat vəsait itirdi”.
Mən heç kimlə birlikdə mütəşəkkil dəstə yaratmamışam. Biz terror təşkilatıyıq?”

Sonra C. Hacıyev prokuror və vəkillərin suallarını cavablandırıb.

Proses avqustun 26-da davam edəcək.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digər 7 şəxsin Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BIR CAVAB BURAXIN