Hacı Zeynalabdin Tağıyev rus çarını niyə pərt etdi?

0
464

Bakının bütün dünya üçün parladığı bir zamanda, neft quyularının ard-arda fontan vurduğu dövrdə bura xeyli məşhur insanlar gəldi. Moderator.az-ın yazdığına görə,onların arasında bir nəfər vardı ki, onun gəlişi əsl möcüzə sayılırdı. Bu, Çar Rusiyasının imperatoru III Aleksandr idi. Xanlıqların süquta uğrayıb Rusiyanın tərkibinə keçməsindən sonra müsəlman, türk şəhərinə – Bakıya gələn ilk Çar məhz Aleksandr oldu. Onun 1888-ci ildəki səfəri bir Çarın Bakıya həm birinci, həm də axırıncı güzarı oldu… Çünki 1917-ci ilə bir o qədər də çox qalmamışdı…
Romanovlar sülaləsinin sonuncu imperatorlarından olmuş Çar III Aleksandr 1881-ci ildə 25 yaşında hakimiyyətə gəlib. İki ildən sonra tacqoyma mərasimi baş tutub. Hakimiyyətdə olduğu müddətdə əsasən iki məsələyə xüsusi diqqət yetirib: birincisi, bütün imperiya ərazisində ortodoksal dinin, xristianlığın yayılması, ikincisi isə, Çar təbəəliyində olan bütün yerlərdə ruslaşdırma siyasətinin həyata keçirilməsi. Bu səbəbdən də imperiyanın tərkibində olan ən ucqar yerlərdə belə, kilsələr tikilməsinin tərəfdarı idi. Elə Bakıya da bu səbəbdən gəlmişdi. III Aleksandrın siyasətinin əsasında vahid dini, vahid dili və vahid idarəetmə mərkəzi olan bir ölkə yaratmaq dururdu. Lakin Çar Rusiyasının sərhədləri çox geniş idi. Nəhəng Qafqazın özü həmin dövlətin yalnış bir canişinliyi sayılırdı. Həmin canişinlik quberniyalara, quberniyalar isə mahal və nahiyələrə bölünürdü. Bu səbəbdən də III Aleksandrın Sankt Peterburqdan ayrılaraq, kiçik (XIX əsrin sonlarındakı baxış bucağı ilə) Bakı quberniyasına (o dövrün ərazi bölgüsünə görə) gəlməsi həqiqətən də, gözlənilməz idi. Çar ilk dəfə olaraq hakimiyyət müddətində bir müsəlman şəhərinə gəlmişdi. Amma əbəs yerə yox…
O dövrün ən mahir bilicisi sayılan tədqiqatçı, yazıçı Manaf Süleymanov özünün xatirələrində və qələmə aldığı iki kitabda Çarın Bakıya gəlişi barəsində maraqlı məqamları vurğulayıb:

Hacı Zeynalabdin Tağıyevun “itaətsizliyi”…
“1888-ci ilin payızında, oktyabr ayının əvvəllərində imperator III Aleksandr Tiflisdən ailəsiylə Bakıya gəlir. Vağzal başdan-başa xalı-xalça, bayraqlarla bəzədilmiş, hasarların üstündə və birmərtəbəli binaların kəlləbəndlərində bir-birindən bir arşın aralı qara çıraqlar yandırılmışdı. Milyonçular, tacir və əyanlar bir tərəfdə, yüksək rütbəli mülki və hərbi məmurlar digər tərəfdə, silahlı əsgərlər divar kimi səf çəkib durmuşdular. Çarı əvvəlcə milyonçu Hacı Zeynalabdin Tağıyev salamlayacaqdı. Şahanə qatar stansiyaya daxil olur. Az sonra Çar III Aleksandr hərbi libasda vaqondan düşür. Hamı papağını götürür, Tağıyevdən başqa. Qubernator təkid edirsə də, o, qulaqardına vurur. Hacı Zeynalabdin Tağıyev, bir tərəfində qubernator, bir tərəfində şəhər bələdiyyə rəisi III Aleksandra yaxınlaşır. Hacı xoşgəldin edir. Çar papağını çıxarmadığı üçün ona tünd-tünd baxıb soruşur: “Çey tı podannıy?” (sən kimin rəiyyətisən?).
Qubernator Hacıya pıçıldayır ki, “Skaji, ya podannıy vaşeqo veliçestva” (de ki, siz əlahəzrətin təbəəsiyəm). Hacı Zeynalabdin isə öz bildiyini deyir: “Ya podannıy Russkoy İmperii” (Mən Rusiya İmperiyasının rəiyyətiyəm).

Hacı Zeynalabdin Tağıyev sonradan bu “sərtliyinin” fəsadlarını görür. Birbaşa Çar tərəfindən ona qarşı xeyli maneələr yaradılır ki, bu da milyonçunun biznesinə ağır zərbələr vurur.
Çarın qəribə təltifi
Çarın  gəlməyinə üç gün qalmış carçılar küçələrə düşüb car çəkə-çəkə şəhər əhlinə xəbər verirdilər ki, “əlahəzrət şəhərimizə varid olacaq”.
Vaxt çatanda, camaat səhər tezdən Çarın keçəcəyi Balaxanı (indiki-Füzuli) küçəsinə, Quba (Füzuli) meydanına və Bazar (Hüsü Hacıyev) küçəsinə gəlir. O vaxt həmin küçələr birmərtəbəli binalarla əhatə olunmuşdu. Vağzaldan ta keçmiş müsəlman qəbiristanına qədər yolboyu küçələrə, meydanlara xalı-xalçalar döşəmişdilər. O tay-bu tay alçaq binaların damlarına qara çıraqlar qoymuşdular, hamısı da yanırdı. Hər iki tərəfdə səkilərin qırağında əsgərlər durub, tüfəngləri hazır saxlamışdılar. Camaat isə əsgərlərin arxasında-qabaqda ruslar, arxada qeyri millətlər dayanıb həyəcanla, maraqla çarın gəlməyini gözləyirdilər.
Həmin hadisələrin şahidi olan Mütəllib adlı bir çarıqçı öz xatirələrini köhnə Bakının araşdırmaçıları ilə də bölüşmüşdü:
“Bir də gördük ki, uzaqdan padşahın (Çar nəzərdə tutulur) qızıl-gümüş bəzənmiş karetası gəlir. Quba meydanına səmt götürən karetanı daldan atlı kazaklar, yanlardan jandarmlar müşayiət edirdilər. Camaat da arxada yeriyirdi. Birdən bir qoca müsəlman kişi, əlində də məşəl, mühafizə dəstələrinə baxmayıb, karetanın qabağına atıldı. Başladı meydan tərəfə qaçmağa. İmperatoru müşayiət edən kazaklar atlarını məhmizləyib, kişini bir anda araya alıb tutdular. Bu mənzərəni karetadan görən imperator, atları saxlatdırdı, əmr etdi ki, qocanı onun yanına gətirsinlər. Qoca diz çöküb təzim etdi, əlindəki ərzi-halı Çara uzatdı. O da kağızı dilmanca verib nə yazıldığını xəbər aldı. Mətləbdən halı olanda, dodaqları qaçdı, gülümsədi, dönüb yavərinə nə isə tapşırdı. Qocanı buraxdılar. Sonra məlum oldu ki, qocanın oğlu sözünə baxmır, onu incidir, xərclik vermir. Oğlu Şəhər Dumasında qulluq sahibi idi. Deyilənə görə, padşah əmr edib ki, kişiyə oğlunun rütbəsindən bir pillə yüksək rütbə-ad verilsin ki, oğlan onun sözünə qulaq assın, üzünə qayıda bilməsin, sözündən çıxanda qanunla onu cəzalandıra bilsin”.

Altı qızıllı kilsə
İndi keçək, əsas məsələyə. Çarın Tiflis səfəri əsnasında səmtini Bakıya döndərən əsas səbəbdən, yəni, kilsədən danışaq. O dövrün zənginləşməkdə olan, ard-arda fontan vuran neft quyularının sayəsində artıq bütün Avropada, dünyada tanınmaqda olan, varlıları cəlb edən Bakısına Çarın qəfil gəlişi əslində, düşünülmüş siyasət idi. O, bu addımı ilə həm əsas siyasi addımlarından birini həyata keçirmiş, kilsənin özülünü qoymuş, həm də “kükəklər şəhəri”nə olan nəzarətin artırılmasının vacibliyini göstərmişdi.
“Kareta köhnə qəbiristan tərəfə getdi. Qəbiristanı təmizləyib, kilsə binası üçün özül qazmışdılar. Ətrafdakı alçaq binaların üstü tamaşaçılarla dolu idi. Kareta yaxınlaşanda camaat əl çaldı. III Aleksandr qabaqda, dalınca iki keşiş karetadan düşüb özülə endilər. Keşişlərin hər biri Çara qızıldan balaca bir kərpic verib mərasim duası oxumağa başladılar. Fiziki gücünü yeri gəldikcə nümayiş etdirməyi sevən imperator bel-külüngü alıb zəxirə qoyulacaq yeri düzəltdi, sonra da malanı qapıb əməliyyatı davam etdirdi. Bu, izdihama çox xoş təsir bağışladı, afərinlər deyildi. (III Aleksandrda doğrudan da pəhləvan gücü vardı. Ailəsilə Peterburqa gedəndə inqilabçıların vaqona qoyduqları bomba partlamışdı. III Aleksandr tez çiynini uçmaqda olan tavanın altına verib, ailəsinin vaqondan düşməsi üçün imkan yaratmışdı).
Çar qızıl kərpicləri şahanə sincab mantosunun ətəyilə silib öz əlilə özülə qoydu. Bakı milyonçuları da, Hacı Zeynalabdin Tağıyev başda olmaqla hərə öz adına layiq qızıl doldurulmuş mücrü, qapaqlı mis qab və taxta qutu gətirib imperatora verdilər ki, özül dəfinəsinə qoysun. III Aleksandr verilən hədiyyələri də özülə qoydu, keşişlər avazla ucadan dua oxudular. Bənnalar özülün inşaat tarixi yazılmış sicili bünövrəyə qoydular. Divarını hörməyə başladılar”. (Manaf Süleymanov, “Hacı Zeynalabdin Tağıyev” kitabı).
Baş tutmayan “aministiya”
Çarın Bakıda olduğu günün səhərisi carçılar bəziləri piyada, bəziləri dəvə üstündə küçə və bazarlarda gəzib car çəkdilər ki, “Çar dustaqlara mərhəmət edib bağışlayıb. Özü Kömürçü meydanı ilə Quba meydanı arasındakı mərkəzi həbsxanaya gedib dustaqları azad edəcək. Tamaşa eləmək istəyənlər dustaqxana qabağına gələ bilərlər”.

Bundan sonrakı hadisələri Manaf Süleymanov özü nəql edir. Birbaşa gözləri ilə gördüklərini:
“Camaat səhər tezdən qazamat qabağında idilər. Mən də getmişdim. Cavan vaxtım idi, kənarda dayanıb tamaşa edirdik. Atlı kazakların araya aldıqları kareta gəlib qazamatın dəmir darvazası qabağında dayandı. Padşah düşdü. Zəhmli, yekəpər, kürən adam idi. Pişik gözü kimi parıldayan gözlərindən od yağırdı. Yanındakılara əlilə nə isə işarə etdi. Nəhəng dəmir darvazanı açdılar. Dustaqları bir-bir Qanlı təpə küçəsinə buraxmağa başladılar. Qorxa-qorxa yeriyən dustaqlar ikiqat əyilib özlərini mümkün qədər divar tərəfə verirdilər. Görünür padşahın qəzəbli görkəmi, zəhmi onları lərzəyə salmışdı. O gün mollalar camaatı məscidlərə yığıb böyük mərhəmətinə görə dua oxuya-oxuya Çara təşəkkür edir, özünə və ailəsinə cansağlığı, taxt-tacının yüz illərlə bərqərar olmasını diləyirdilər.

Bu əhvalatdan bir ay keçməmiş, jandarmalar evbəev düşüb Çar tərəfindən buraxılmış dustaqların bəzilərini asi adlandıraraq, təzədən tutub qazamata saldılar”.

Sonuncu gün və gizli niyyət
Üçüncü gün Çar ailəsi neft mədənlərinə tamaşaya gedir. Milyonçular Çarı Sabunçu stansiyasında duz-çörəklə qarşılayırlar. Çar ailəsi Nobel qardaşlarının neft anbarlarına, sonra Şəmsi Əsədullayevin nasos stansiyasına, ən güclü üç buruğuna tamaşa edir.
Çar kanat üsulu ilə qazılan bir quyuya da baxır. Neft milyonçuları imperatoru və onun ailəsini qəbul etmək üçün iki yerdə xüsusi çadır-pavilyon qurmuşdular. İmperator onu müşayiət edənlərlə əvvəldən iki yerdə-biri Avropa, digəri Şərq üslubunda düzəldilmiş çadırların birincisinə girir. Oturandan sonra çadırın ətəklərini qaldırıb fontan vuran quyunu nümayiş etdirirlər. Çay içib, şirniyyat yeyə-yeyə fontana maraqla tamaşa edirlər.
Daha sonra isə Çar  Şərq çadırına gedir. Bunun özü əslində, bir siyasət idi. Həm Qərb, həm Şərq düşüncəsini özündə birləşdirən Bakı ruhunu bu iki çadırda görmək olardı:
“Sonra da Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və qeyri-müsəlman neftxudaların düzəltdirdikləri şərqsayağı bəzədilmiş ikinci çadıra gedirlər. Tağlı girəcəyi qiymətli xalı-xalçalarla bəzəmişdilər. Darvazadan çadıra qədər yerə bahalı, nadir xalı, gəbə və xalça döşəmişdilər. Çadırın içərisi ipəyə, zər-ziba parçalara tutulmuşdu. şəhərə qayıdandan sonra Çarın şərəfinə ziyafət verildi”.
Deyilənlərə və yazılanlara görə,  Çar Bakıdan çox razı gedib. Özü də təkcə şərəfinə verilən qonaqlıqlara görə yox. Həm aşkar, həm də gizli niyyətinin nisbətən də olsa həyata keçdiyi üçün o, çox xoşbəxt idi…

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

10 − 6 =