“Həsən bəy Zərdabi evlənəndən sonra qayınları onu axtarıb haqq-hesab çürütmək istəyirdilər”

0
848
Bir neçə gündən sonra Azərbaycan milli mətbuatının yaranmasının növbəti ildönümü qeyd olunacaq. 1875-ci il iyulun 22-də “Əkinçi”nin çapı ilə Qafqazda ilk müsəlman-türk qəzeti fəaliyyətə başladı. Bu, Azərbaycan ictimai-fikir, maarifçilik tarixində əsl inqilab hesab edilir.

Bu işdə Azərbaycan jurnalistikasının banisi Həsən bəy Zərdabinin xidmətləri çox olub. Onun hansı çətinliklər hesabına bu qəzeti yaratmasından danışmaq isə artıq olar.

Amma bütün bu işlərdə onun ən yaxın köməkçisi həyat yoldaşı Hənifə xanım Abayeva olub. Tanış olduqları ilk gündən (1872), Zərdabi vəfat etdiyi günə qədər (1907) Hənifə xanım hər bir işdə ona yardımçı olub. Əlindən gələn köməyi əsirgəməyib.

Modern.az saytı təqdim etdiyi bu yazıda Həsən bəylə Hənifə xanım Məlikova (Abayevanın) tanışlıq və sevgi tarixçəsindən, mürəkkəb həyat yolundan bəhs edir. Yazıda mətbuat tarixçisi üzrə araşdırmaçı Tahir Aydınoğlunun mövzu ilə bağlı sayta verdiyi açıqlamalarından istifadə edilib:

Lap əvvəldən başlayaq -1872-ci ildəki böyük tanışlığa gedən yoldan… Bir zamanlar aşiq olduğu professor Solovyovun qızına nakam sevgisindən sonra Həsən bəy qarşısına bir məqsəd qoyur: O, bundan sonra quracağı ailə həyatını da məhz bir missiyaya-vətənə xidmətə sərf etməlidir. Bunun üçün isə eyni millət, eyni dindən olan təhsilli bir xanımın vacibliyini anlayır. Tahir Aydınoğlu bu barədə maraqlı məqamlara toxunur:

 

“Həsən bəy Zərdabi bir çox ilklərə imza atıb. Amma onun ən vacib ilki bəlkə də, budur: O, ziyalı qadınla ailə həyatı quran birinci Azərbaycan maarifçisi oldu. Ona qədər heç Axundov da savadlı qadınla ailə həyatı qurmamışdı. Dayısı Axund Ələsgərin qızı Tubu ilə evlənmişdi ki, o da təhsil görməmişdi. Amma Zərdabi elə etmədi; o, qarşıdakı missiyasının çətinliyini yaxşı dərk edirdi. Odur ki, bu yolda ona yardımçı olacaq ziyalı qadınla evlənmək istəyirdi. Elə bu səbəbdən də gec, 30 yaşında ailə həyatı qurdu. Çünki o axtardığını məhz 30 yaşında, 1872-ci ildə tapmışdı. Bunun da maraqlı tarixçəsi var. Amma bu haqda az sonra… Hələlik isə onu qeyd edək ki, Zərdabi Moskvada oxuduğu zaman nakam sevgi də yaşayıb. O, Moskva Dövlət Universitetinin tarix-filologiya fakültəsinin dekanı, sonradan orada rektor olan Solovyovun sevimli tələbələrindən idi. Mütəmadi olaraq, onun evinə gedər, Şərq dünyası haqqında saatlarla söhbət edərdilər. Solovyov bu qafqazlı, şərqli tələbənin biliyinə heyran idi. Bu gəl-get zamanı professorun qızı Həsən bəyə vurulur. O zaman cavan olan Həsən bəyin özü də qıza biganə qalmır. Amma sonda sevgisini, vətəninə, millətinə xidmət etməyə qurban verir. Çünki qızla evlənsəydi, məcburən orada yaşamalı, ömrünün əsas hissəsini orada çalışmalı və işığa möhtac olan vətəninə yardım əlini əsirgəməli idi. Çünki Mirzə Kazım bəyin timsalında bu nümunəni görmək olar; müsəlmanları rus qızlarla evləndirib onları Rusiyada saxlayırdılar. Belə şəxslərdən sonradan çox güclü şərqşünas kadrlar hazırlanırdı. Amma Zərdabi bunu etmir. Birbaşa Solovyovun özünə deyir ki, “mən Vətənə dönmək istəyirəm”.
Solovyov Qafqaz, Azərbaycan müsəlmanları haqqında çox ağır danışır və Zərdabiyə o cür insanların yanında necə yaşaya biləcəyini irad tutur. Amma Həsən bəy buna qulaq asmır. Onun vətənə dönüşü çar III Aleksandrın torpaq islahatlarının, kəndlilərin üzərində təhkimçilik hüququnun götürdüyü zamana təsadüf edir. Qayıdan kimi öz ixtisasi üzrə Rusiyada təhsil alan ilk azərbaycanlı kimi onu həmən dövlət qulluğunda işə götürürlər. Amma Zərdabinin Tiflis həyatının ömrü çox çəkmir. O, burada əsilzadələrdən ibarət palataya üzv qəbul edilsə də, sonradan oradan çıxarılır. Onun hər ədalətsizliyə qarşı çıxan “cəncəl” adam olduğunu görüb oradan uzaqlaşdırırlar. Həm də Zərdabinin özü hiss edirdi ki, xalqının maariflənməsi üçün Tiflis o qədər də əlverişli mühit deyil.

Həsən bəy Zərdabi necə olursa olsun, Bakıya can atırdı. Nicat yolunu bu şəhərdə görürdü. Bütün bunlar Zərdabinin gec ailə qurmasına səbəb olan faktorlardı. Yəni, universiteti bitirib vətənə dönəndən sonra bu kimi problemlərlə üzləşdi ki, onun ailə qurmasına mane oldu.

Amma 1872-ci ildə “Qafqaz” qəzetindən oxuduğu bir buraxılış elanında Tiflisdəki Nəcib Qızlar Gimnaziyasının tələbələrindən birinin müsəlman olduğunu görür. Ondan sonra onunla maraqlanmağa başlayır”.

Hər şey də bundan sonra başlayır. O zaman Bakıda yaşayan Həsən bəy həmən qatara minərək Tiflisə, həmin gimnaziyaya gəlir. Birbaşa direktorun özü ilə söhbət edir. Ondan razılıq alandan sonra elə məktəbin özünə molla gətirdərək, kəbin kəsdirir. Amma bu yeganə versiya deyil. Həsən bəyin Hənifə xanımla ailə qurması haqqında bir versiya da var ki. Tahir Aydınoğlu o barədə ətraflı danışır:

 

“Təəssüf ki, çox da uzaq olmayan bu tarix barədə, yəni, Zərdabinin evlənməsi haqda araşdırmaçılar demək olar ki, heç nə yazmayıb. Onun ilk bioqrafı olan həyat yoldaşı Hənifə xanım bu barədə yazıb. Lakin məlumat  çox qısa, bir neçə cümlədən ibarətdi. İkinci bioqafı isə kürəkəni Əlimərdan bəy Topçubaşov özünün “Azərbaycanın mayakı” adlanan məqaləsində bu barədə yazıb. Burasını da deyim ki, Hənifə xanımın xatirələri sovet dövründə ixtisarlarla verilmişdi. Onu bütöv halda mən  dilimizə çevirib təxminən, 15 il bundan əvvəl çap etdim. Eyni  dövrdə Vilayət Quliyev da öz variantını çap etdirdi. Orada da ailə qurması haqqında mükəmməl məlumat yoxdu.

Bizə “Əkinçi” və “Molla Nəsrəddin” kurslarından dərs demiş professor Abbas Zamanov ötən əsrin 1970-ci illərində apardığı araşdırmalardan çıxış edərək  nələrsə deyirdi. O, danışırdı ki, “Qafqaz” qəzetinin nömrələrinin birindəki elanda müsəlman, türk qızı soyadını görən Həsən bəy qatara minib Tiflisə gedir. O zaman Bakıdan Tiflisə yeni dəmiryolu xətti çəkilmişdi. Qatarla gedib  gimnaziyadakı həmin qızla maraqlanır. Gimnaziyanın direktorundan Hənifə xanım haqqında soruşur. O da məlumat verir. Deyir ki, Hənifənin atası balkardı. Şimalı Qafqazın Günnümyurd adlanan kəndindəndir. Bu barədə milli mətbuatımızın məhsuldar  araşdırmaçılarından olan Şəmistan Nəzirli 1980-ci illərdə tədqiqat aparıb. Bu mövzulu araşdırmalarında yazıb ki, mən əslində Səməd Vurğunun izi ilə Şimali Qafqaza getmişdim. Şairin böyük dostlarından olan Qaysim Quliyevlə görüşmək üçün Nalçikə  səfər etmişdim. Qaysim Quliyev Səməd Vurğun haqqında danışandan sonra dedi ki, bizim siz Azərbaycan xalqı ilə qohumluğumuz da var. Bizim əsilzadələrdən birinin qızı sizin məşhur Həsən bəy Zərdabinin xanımı olub. Şəmistan deyir ki, Qaysim Quliyev Hənifə xanım və ailəsi barədə ona xeyli məlumat verdi. Şəmistan bəy Nalçikdən bir neçə saatlıq dağ yolunda yerləşən Günnümyurda səfər edib. Orada Hənifə xanımın uzaq qohumları qalmışdı. Xeyli məlumat toplayıb. Ona müəyyən kitablar da veriblər. Sən demə, Hənifə xanımın qardaşı Sultan Abayev balkarların milli musiqisinin banisi olub. Babası isə balkarların çarizmə qarşı apardığı mübarizədə fəal iştirak edib. Çar Rusiyası Qafqazı işğal edəndən sonra hər nüfuzlu ailədən olan uşaqları hərbi qulluğa çağırıblar. Elə bizdə də əsilzadə uşaqlarını xüsusi kadet kursların aparıblar. Hənifə xanımın atasını  da uşaq vaxtı Peterburqa oxumağa göndəriblər. İstefaya çıxandan sonra yenidən doğma kəndlərinə qayıdıb. Hənifənin 6 yaşı olanda Peterburqa məktub yazır və qızının Tiflisdəki həmin Nəcib Qızlar Gimnaziyasında oxumasını xahiş edir. İki qız uşağının oxuması üçün ona icazə verilir; 6 yaşlı Hənifə, 4 yaşlı kiçik bacısı… Amma bacısının getməyinə anası razı olmur. Ağlayıb deyir ki, körpə uşaqdı, Tiflisdə onun yanında kim qalacaq?! Atası da deyir ki, axı oŞ çətinliklə iki nəfər üçün icazə alıb. Qoy yer batmasın. Belə olanda Hənifənin xalası qızı Fizzəni onunla birlikdə göndərirlər. Bu faktları Şəmistan müəllim aşkara çıxarıb. Gimnaziya 10 illik idi. Orada nəcib qızlara məxsus bütün bilgilər öyrədilirdi. Rəsm, musiqi, müxtəlif peşələr və təbii ki, pedaqogika…

Zərdabi elə bu cür qız axtardığı üçün gec evlənir. O istəyirdi ki, ailə qurduğu xanımla birgə milli məktəb yaratsın. Evində pansionat qura bilsin. Gimnaziyanın qadın direktoruna da bunları deyir. O da cavab verir ki, “çox yaxşı ki, sizin kimi Moskvada oxumuş bir oğlan gəlib onun bəxtinə çıxıb. Valideynləri, qardaşları onun arxasınca gəlir. Hamısı da çərkəzi geyimdə xəncərləri, patronları yerində, bığları da öz qaydasında, adam onları görəndə zəhri yarılır. O qız isə çox nəcib qızdı. Allah sizi elə bir-biriniz üçün yaradıb”.
Bu mərhələdən sonrakı hadisə, yəni, münasibətlərin rəsmiləşməsi barədə  iki variant var: biri odur ki, gimnaziya direktorundan icazə alandan sonra Zərdabi Hənifə xanımın doğma el-obasına gedir. Xeyir-dua ilə qızı alır, molladan kəbin edirlər.
Abbas Zamanovun versiyasına görə isə Zərdabi qızı öz  razılığı ilə alır. Qız deyir ki, “məni sənə verməzlər. Ailənin sevimli uşağıyam, məni gözlərindən uzağa buraxmazlar”. Belə olanda onlar bir-birinə qoşulub Bakıya gəlirlər. Bu fərziyyəni gücləndirən tutarlı bir səbəb var: Əlimərdan bəy Topçubaçov Zərdabinin evlənmək tarixçəsindən danışarkən qeyd edir: “Artıq evlənməkdə yaşı ötən Həsən bəylə gənc gözəl qız olan Hənifə bir-biribə qoşulub Bakıya-öz gələcək xəyallarının yuvasına gəldilər”.

 

Amma Bakı onları yaxşı qarşılamır. Qadını hicabdan imtina edən, özü modern düşüncə ilə yaşayan gənc ailəni insanlar qəbul etmir. Bəzən, şəhərdə birlikdə gedən zaman onlara olan hədyanları da eşidirlər. Lakin heç birinə cavab vermirlər. Çünki onları qarşıda daha böyük missiya gözləyirdi. Camaat isə öz işində idi: kimisi başı açıq gəzdiyi üçün Hənifə xanımı hədələyir, kimisi isə Həsən bəyə kəc baxırdı. Amma bu “vacib işi” görənlər tək onlar deyildi:

 

“Abbas müəllimin versiyasına bu da var idi ki, Həsən bəylə Hənifə xanım Bakıya gələndən sonra çətinliklə üzləşirlər. Hətta Hənifənin qardaşları Həsən bəylə haqq-hesab çürütmək üçün Bakıya gəlib onu bacılarını axtarıblar. Əsas məqsədləri də o olub ki, Hənifəni geri alıb evlərinə aparsınlar. Bir neçə il keçəndən sonra Həsən bəylə Hənifə Balkariyaya,  Hənifə xanımgilin qonşu kəndlərinə gedir. Orada əvvəlcə  Hənifənin anası ilə görüşürlər. Anası Hənifənin atası və qardaşları ilə and kəsəndən sonra barışıq baş tutur”.

 

Artıq bundan sonra vacib missiyaya başlamaq olardı. Lakin başladıqları hər işdə onlara mane olan tapılır. Məktəb açmaq, qəzet çap etmək planları gecikir. Xeyriyyə Cəmiyyəti ideyası iflasa uğrayır. Amma bütün bu çətin məqamlarda  Hənifə xanım Həsən bəyin yanında olur. Və.. sonda istədiklərini birlikdə nail olurlar:

 

“Zərdabi 1905-ci ildə “Qafqazda əvvəlinci müsəlman-türk qəzetəsi” adlı məqaləsində yazır ki, Xeyriyyə Cəmiyyəti yaratmaq üçün bir çox insanlara müraciət edir. Əsas məqsədi o idi ki, pansionat açıb imkansızlıq səbəbindən oxuya bilməyən azərbaycanlı uşaqlarına Hənifə xanınla birlikdə təhsil versinlər. Amma təəssüf ki, həmin Xeyriyyə Cəmiyyəti ideyası baş tutmur. Zərdabi çox adama müraciət edir, bir çox yerlərə gedir. Şamaxı bəyləri bir bəhanə gətirir, Şuşa əsilzadələri başqa bəhanə. Anası şuşalı olan Həsən bəy məqaləsində şuşalıların onun qəlbini qırdığını ürəkağrısı ilə qeyd edir. Amma Zərdabi inadından dönmür. Min bir çətinliklə də olsa, həmin pansionatı yaradır. Burada onun ən böyük köməkçisi təbii ki, Hənifə xanım olur. Hənifə xanımla çiyin-çiyinə imkansız azərbaycanlı uşaqlara dərs deyirlər. Həmin məktəbin sıralarından Azərbaycan maarifçilik məktəbi üçün yeni aydınlar doğdu.

Həsən bəyin həyatının elə məqamı, fəaliyyətinin elə dövrü yoxdur ki, orada Hənifə xanım ona dayaq olmasın. Mətbuatımızın bünövrəsi olan “Əkinçi” qəzetinin çapında da ona ən böyük maddi-mənəvi yardımı Hənifə xanım edir. Həsən bəy qəzetin çapı üçün uzun müddət bir çox yerlərə müraciət edir, amma ona izn verilmir. Sonda Bakının o zamankı qubernatoruna müraciət edilir. Qubernatorun xanımı Tiflisdəki Nəcib Qızlar Gimnaziyasında  Hənifə xanımla bir yerdə oxumuşdu. Aralarında yaxın rəfiqə münasibətləri var idi. Ona görə də, qubernator Həsən bəyə qəzetin çıxmasına yardımçı olur. Senzorluğu özü boynuna götürür. Amma məsləhət verir ki, siyasi-ictimai problemlərdən yox, əkinçilik, kənd təsərrüfatı ilə bağlı yazsın. Hənifə xanım xatirələrində yazır ki, “Həsən bəy qəzetin ilk sayı çıxanda bir nüsxəsini götürüb evə gəldi. Onun uçmağa qanadı yox idi. Çox sevinirdi””.

 


Araşdırmaçı sonda bir neçə cümlə ilə Həsən bəylə Hənifə xanımın övladları haqqında da danışır:

 

“Hənifə xanımla Həsən bəy Azərbacan xalqının işıqlı sabahına xidmət edən 4 övlad – 2 oğlan, 2 qız böyüdüblər. Birinci qızları Pəri xanım AXC parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olub. Topçubaşovun da həyatı Zərdabi ilə çox oxşar olub. O da xeyli çətinliklərlə üzləşib. Pəri xanım Gəncədə müəllimə kimi çalışırdı. Əlimərdan bəy bir müsamirədə onu görür və bəyənir. Bu barədə Zərdabinin evinə məktub yollayır. Həsən bəyin buna çox acığı tutur. Amma Hənifə xanımın müdaxiləsindən sonra hər şey qaydasına düşür.

Pəri xanım Əlimərdan bəylə evlənir. Həyatlarının çox hissəsi mühacirətdə keçir. Həyat yoldaşından bir neçə il sonra dünyasını dəyişir.

İkinci qızları Qəribsontan olub. Onu da qeyd edim ki, Hənifə xanım qardaşı Soltan Abayevin şərəfinə qızlarının adına “Soltan” ismini əlavə etmişdi. Qəribsoltan Şəmkirdəki Zəyəm stansiyasında dərs deyirdi. O qızlara tikiş tikməyi, bir çox sahələri öyrətdiyi üçün bəzi mənfur insanlar gecə ikən onu qorxutmuşdular. Ona görə də Qəribsoltan xanım psixoloji sarsıntı keçirmişi və bu onda ömrünün sonuna qədər davam etdi. Atasının məzarının köçürülməsində onun zəhməti böyükdü. Qəribsoltan o zaman ikinci dəfə psixoloji sarsıntı keçirdi. Atasının nəşinin qalıqları bir yeşikdə uzun müddət onun çarpayısının altında qaldı. Çünki Zərdabinin qəbri ümumiyyətlə itə bilərdi. Xalq artisti, bəstəkar Rauf Hacıyevin anasını Zərdabi ailəsi balaca qız uşağı olarkən küçədən tapmışdılar. Onu evlərində böyüdüb ərə vermişdilər. Qəribsoltan ömrünün son illərində Rauf Hacıyevgilin evində qaldı və orada dünyasını dəyişdi.

Böyük oğlanları Midhət su mühəndisi idi. Mingəçevir dəryaçasının tikintisində də böyük əməyi olmuşdu. Təəssüf ki, 1937-ci ildə o da repressiyaya uğradı.

Kiçik oğlanları Səffət isə Türkiyədə yaşadı. AXC-nin xaricə oxumağa göndərdiyi 100 tələbədən biri olub. Hənifə xanım vəziyyətin qarışdığını görüb özü onun getməsinə şərait yaratdı. Türkiyədə çox gözəl memar kimi tanındı. Akif Aşırlının araşdırmalarına əsasən, qardaş ölkədəki bir sıra dəyərli tarixi binaların müəllifi odur”.

Elmin Nuri

BIR CAVAB BURAXIN