Həmsədrlər bəyanat verib

0
523

Oktyabrın 23-dən 25-ə kimi regionda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıb.

Həmsədrlər bəyanatda Ermənistan, Azərbaycan rəhbərlikləri və tanınmayan Dağlıq Qarabağın təmsilçiləri ilə görüşdüklərini bildiriblər.

«Səfərdə məqsəd bu ilin aprelində baş verən toqquşmadan sonra vəziyyəti müzakirə etmək, habelə danışıqlar prosesində mövqeləri dəqiqləşdirmək olub», – bəyanatda deyilir.

Həmsədrlər ATƏT Xarici İşlər Nazirləri Şurasının bu ilin dekabrında Hamburqda keçiriləcək toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək niyyətindədirlər. Habelə, ilk imkanda prezidentlərin görüşünün təşkil olunması məsələsini müzakirə etmək istədiklərini bildirirlər.

«İki ölkə prezidenti ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair razılaşmanı bir daha təsdiqləyiblər»,-deyə bəyanatda qeyd edilir.

Səfər çərçivəsində həmsədrlər Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüşüblər. Görüşdə münaqişə zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlər müzakirə olunub.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Üstəlik, həmin toplantıda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi haqda razılıq əldə edildiyi açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk qrupunda həmsədr ölkələrdir.

BIR CAVAB BURAXIN