HƏRBİ ƏKS-KƏŞFİYYAT GÜNÜNDƏ AÇILAN ATƏŞ…

0
156

19 dekabrda, Kremldə konsertlə qeyd edilməyə başlanan Rusiya Təhlükəsizlik orqanları işçiləri günü ərəfəsində Federal Təhlükəsizlik Xidmətinin (FTX) mərkəzi binası yanında hüquq mühafizəçilərinə və vətəndaşlara hücum həyata keçirilibAvtomat silahdan atəş açan naməlum adam xüsusi xidmət orqanının bir əməkdaşını öldürü, 5 adamı da yaralayıb. Sonra isə özü çekistlər tərəfindən neytrallaşdırılıb.

Hələ ki, açılan cinayət işi məhz asayiş keşikçilərinə qarşı qəsd kimi aparılır, lakin sonradan terrorizmlə bağlı maddə də əlavə oluna bilər.

Moskvanın mərkəzində baş verən bu hadisə sürətlə inkişaf edib. İlkin məlumatlara görə, təqribən 18.00 radələrində tünd rəngli paltarda olan kürək çantalı, sonradan aydın olduğu kimi, modernləşdirilmiş “Kalaşnikov” avtomatı ilə silahlanmış bir adam FTX-nin qəbul otağına (Kuznetsk körpüsü, 22) girməyə cəhd edib.

Lakin güc strukturlarındakı mənbələrin təsdiq etdiyinə görə, böyük ehtimalla, üstündəki silahı aşkar edəcək nəzarət-yoxlama sistemindən keçməli olduğunu görüb, FTX-nin mərkəzi binasına (Lubyanka küçəsi, 2) doğru qaçıb. Yol boyu bir neçə dəfə Yol Polis Xidməti formasında olan adama atəş açıb. Çox ağır yaralanan həmin adam FTX-nin xüsusi komendantlığının əməkdaşı olub.

Sonra cinayətkar park edilmiş maşınların və sütunların arxasında gizlənərək, güc strukturu əməkdaşlarına və yoldan keçənlərə atəş açıb. Snayper öldürənədək, hücum edən şəxs FTX-nin bir əməkdaşını öldürüb, bir neçəsini də yaralayıb. Səhiyyə Nazirliyinin məlumatına görə, 5 nəfər müxtəlif ağırlıqda yara alıb. “Kommersant”ın mənbəyi qeyd edib ki, onların arasında uzaq regiondan paytaxta işgüzar səfərə gəlmiş bir əməliyyat işçisi də var.

Axşam saat 7-nin başlanğıcında Lubyankadakı əməliyyatın güc hissəsi başa çatıb. Lakin əvvəl mühasirəyə alınmış zona genişləndirilib. Çünki hücum edən şəxsin, ilkin məlumatlara görə, içində döyüş sursatı, əl bombası və partlayıcı qurğu olan kürək çantası tapılıb. Onunla “işləmək” üçün robot-snayper cəlb edilib və su topu atəşilə əldəqayırma partlayıcı qurğu (ƏPQ) məhv edilib.

Böyük ehtiyatla hücum edənin meyidinə baxış da keçirilib. Hüquq mühafizəçiləri ehtiyat ediblər ki, onun paltarının altında bomba gizlədilə bilər. Bundan əlavə, FTX-nin özünün bir neçə dəfə təkzib etdiyi məlumat var idi ki, guya, hücum edən şəxs tək olmayıb, onun iki şəriki ola bilər.

Şahidlər də ziddiyyətli ifadələr veriblər. Onlar Lubyanka rayonunda bir neçə yerdə açılan atəş barədə danışıblarFərz ediblər ki, orada tam bir terrorçu dəstəsi fəaliyyət göstərib.

Bununla birlikdə, hadisə baş verən rayonda yerləşən kafe və ofislərdə olan şahidlərin təxliyyə olunanadək çəkdikləri onlarla videoçarx sosial şəbəkələrə qoyulub.

FTX və DİN rəhbərliyi digər obyektlərə də buna bənzər hücum ola biləcəyindən ehtiyat edərək, “Qala” planını elan edib. Bu plana uyğun olaraq, əməkdaşlar işə qayıtmalı, silahlarını almalı və əmr gözləməli idilər. “Qala” planı yalnız Moskvada deyil, digər böyük şəhərlərdə də elan edilib. Lakin yeni basqınlar olmayıb.

Moskva şəhər Baş İstintaq İdarəsi isti izlərlə CM-nin 317-ci maddəsi (hüquq mühafizə orqanı işçisinin həyatına qəsd), həmçinin 222-ci maddəsi (silah qaçaqmalçılığı) ilə cinayət işi açıb. “Kommersant”ın istintaqa yaxın müsahibinin qeyd etdiyinə görə, hadisə zamanı adi vətəndaşlar da xəsarət aldığı üçün işə CM-nin 30 və 105-ci maddələri (öldürməyə cəhd) də əlavə ediləcək. Sonradan, mümkündür, istintaqda CM-nin 205-ci maddəsi (terrorizm) də ortaya çıxa bilrər, lakin onu yalnız ifrat durumlarda qaldırırlar.

Elə bu günlərdə keçirilən Milli Antiterror Komitəsinin yekun iclasında FTX direktoru Aleksandr Bortnikov bəyan etmişdi ki, bu il ölkədə bir terror aktına da imkan verilməyib. Doğrusu, bununla birlikdə, cənab Bortnikov xəbərdarlıq etmişdi ki, “beynəlxalq terror təşkilatlarından (BTT) qaynaqlanan təhdidlər qalır”BTT Rusiyada terror aktları törətmək məqsədilə gizli hücrələr yaratmağa çalışır.

Vladimir Putin Rusiya Təhlükəsizlik orqanları işçiləri günü şərəfinə keçirilən konsertin qonaqlarını salamlayarkən bəyan edib: “Bu ilin əvvəlindən terroryönlü 54 cinayətin, o cümlədən 33 terror aktının qarşısı alınıb”.

Konsert məhz Lubyankada hadisələr baş verərkən keçirilirdi və prezidentə elə oradaca məlumat verildi. Bununla birlikdə, qeyd etmək lazımdır ki, “Çekist günü” 20 dekabrdır, 19 dekabr isə “Hərbi əks-kəşfiyyat günü” idi.

Hazırlıq mərhələsində qarşısı alına bilməyən bu hücum, – xüsusi xidmətlər, adətən, bu barədə hesabat verirlər, – açıq şəkildə qabaqlayıcı tədbirlərin qeyri-effekiv olduğunu göstərir.

“Kommersant”ın yüksək rütbəli mənbəyi qeyd edib ki, son zamanlar FTX-nin işi ilə əlaqədar baş verən çoxsaylı qalmaqallar (onun əməkdaşlarını korrupsiyada, quldurluqda, hətta cinayətkar birliklər yaratmaqda ittiham edirlər) nəzərə alınarsa, təşkilati və kadr dəyişiklikləri ola bilər.

Cinayət işinin özü isə yaxın vaxtlarda Rusiya İstintaq Komitəsinin (RİK) sədri Aleksandr Bastrıkinin sərəncamı ilə istintaq idarəsinin mərkəzi aparatına verilməlidir. Hazırda istintaqın üzərində işlədiyi əsas versiya, görünür, prezidentin mətbuat konfransının və güc strukturlarının bayramının vaxtına salınmış hücumun terroryönlü cinayət olmasıdır. Bununla birlikdə, guya, istintaq işçilərində artıq hücum edən şəxsin Rusiyada qadağan edilmiş “İslam Dövləti” təşkilatının (İŞİD – tərc.) üzvləri üçün səciyyəvi olan şüarlar səsləndirməsi haqqında şahid ifadələri vardır.

Tərcümə Strateq.az-ındır