Hər şey bir anda başlamayıb… – Gürcüstan iğtişaşlarının arxasından gizli “əllər”

0
36

“Son iki ayda burada olan ruspərəst partiyalar həddindən artıq aktivləşib”

Xəbər verdiyimiz, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. “Gürcü arzusu” partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

Bunun ardınca parlament binası qarşısında kütləvi etiraz aksiyası başlayıb. Polis güc tətbiq edərək aksiyanı dağıdıb, 52 nəfər saxlanılıb.

Baş verənləri AYNA-ya şərh edən Gürcüstanda fəaliyyət göstərən Qafqaz üzrə İnsaq Haqları Monitorinq Mərkəzinin rəhbəri Elbrus Məmmədov bildirib ki, sözügedən aksiya bir günün içərisində baş qaldırmayıb: “Artıq bir həftədən çoxdur ki, siyasi partiyalar, müxtəlif qüvvələr bu aksiya üçün hazırlıqlar görürlər. Təkcə rus heyətindən Sergey Qavrilovun iclasa sədrlik etməsinin bu etirazlara səbəb olduğunu desək, məsələyə birtərəfli baxmış olarıq”.

“Eyni zamanda, burada Rusiya və ABŞ öz güclərini nümayiş etdirir. Meydandakı qüvvələr həmin böyük dövlətlərin güc nümayişinin təzühürüdür” – deyən Məmmədovun sözlərinə görə, hazırda həbslərin davam etməsinə baxmayaraq, bu gün axşam saat 19:00 üçün Rustavidə də etiraz aksiyası təyin olunub.

AYNA-nın digər həmsöhbəti, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov isə Tbilisidə baş verən hadisələri ruspərəst siyasi partiyaların son aylarda aktivləşməyi ilə əlaqələndirib: “Siyasi prosesləri analiz etsək, görərik ki, bu hadisələrin içərisindən tamamilə başqa məsələlər ortaya çıxır. Son iki ayda burada olan ruspərəst partiyalar həddindən artıq aktivləşdi. Bu qüvvələr lazımlı-lazımsız hər şeyə etiraz bildirməyə başladılar”.

“Məsələn, Azərbaycan torpağında yeləşən bir kilsəyə görə aksiyalar keçirildi. Azadlıq Meydanında rusiyapərəst Patriotlar Alyansı Partiyası çox böyük mitinq keçirdi, hətta Azərbaycanı işğalçı adlandırdı. Və ya Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın “Ayasofya məscid olacaq” açıqlamasına belə, etiraz edən bu qüvvələr elə bir imic yaratmaq istəyirdilər ki, sanki Gürcüstanın bütün siyasi, mədəni həyatının məsuliyyətini onlar daşıyırlar. Lakin dünənki mitinq göstərdi ki, bu, belə deyil”.

Hüseyn Yusifov, həmçinin də qeyd edib ki, indidən hadisələrin gələcəyi ilə bağlı proqnoz vermək çətindir: “Qərbyönümlü və ruspərəst qüvvələrin qarşıdurmasının hansı nəticələr doğuracağnı birlikdə müşahidə edəcəyik”.