Həbsxanada itən ömür, eşqi yazan qadın, azadlıq şərqisi… – BİR DƏNİZİN NAĞILI

0
742

“Doğum günümün olması vecimə də deyil, çünki mən yaşı olmayan bir qadınam. Amma sizin üçün çox darıxdığımı söyləmək içimdən gəldi. Azadlığım üçün çox darıxmışam və artıq sıxılıram. Gün saymaq deyil, həyatları saymaq daha asan gəlir. Qovuşmağımıza 44 həftə qaldı. Sezenin dediyi kimi, həbsxananı faydalı məkana çevirməyə çalışıram… Hər gün kitabxana, həbsxana hücrəsi və gəzinti meydançası arasında tökürəm xəyallarımı…”

 

Bu sözləri Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Deniz Seki ötən il doğum günündə hər kəsə ünvanladığı açıq məktubunda yazmışdı. Bu il isə sənətçi doğum gününü azadlıqda, sevənlərinin, doğmalarının əhatəsində qeyd edəcək.

 

Deniz Seki iyunun 5-də həbsdən azadlığa çıxdı. Dünən isə mətbuat konfransı keçirərək günahı olmadığı halda 3 il 2 ay həbsdə yatdığını, çətin günlər yaşadığını, amma bu hadisənin onun üçün həyat təcrübəsi olduğunu göz yaşları içində deyib: “Yaşadıqlarıma layiq deyildim. Etmədiyim bir şeyə görə 3 il 2 ay yatdım. Qəribə təcrübə idi. Güclü qadın imişəm, fərqli şeylər öyrəndim. Orada çox kiçik şeylərlə xoşbəxt olub, amma azadlıqda çox xırda şeyləri problem edirik. Artıq xoşbəxt olacağıma söz vermişəm”.

 

Ailem.az üç gündür Türkiyə mediasının gündəmini zəbt edən Deniz Sekinin qısa həyat hekayətini təqdim edir.

 

Deniz Seki 1970-ci il iyulun 1-də İstanbulda dünyaya gəlib. Çamlıca Qızlar Liseyini bitirdikdən sonra TRT İstanbul Televiziyasının aparıcılıq imtahanlarına qatılaraq teleaparıcı olub. Müğənniliyə 1990-cı illərin əvvəllərində gəlib. İlk olaraq Zühal Olcay, Emel Müfteoğlu, Ferda Anıl Yarkın, Kənan Doğulu, İzel, Yaşar kimi sənətçilərə vokalistlik edib. 1995-ci ildə “Pop-Show 95” yarışmasına öz yazdığı mahnı ilə qatılaraq, birinci yerə çıxıb. Bununla da yaradıcılığında yeni mərhələ açılıb. Daha çox Yıldız Tilbenin mahnılarından ibarət olan ilk albomunu – “Hiç kimse değilim”i 1997-ci ildə buraxıb. Sonrakı albomlarında əsasən öz bəstələrinə yer verib, müxtəlif mahnılarına kliplər çəkdirib.

 

Deniz Seki gənc yaşlarında Turhan Başaranoğlu ilə evlənib. Məşhur klarnet ifaçısı Hüsnü Şenlendirici və futbolçu Ali Turanla da müxtəlif zamanlarda sevgi münasibəti yaşayıb. Türkiyə mətbuatının yazdığına görə, müğənninin narkotikdən istifadə etməsinin səbəbkarı məhz Hüsnü olub.

 

Deniz Sekinin evlənməyə hazırlaşdığı sevgilisi Faruk Salman isə iş adamıdır. Sənətçinin uşaqlıq eşqi kimi tanınan Faruk Salman hələ 22 yaşındaykən Denizlə tanış olub. Onlar

gənclik illərində evlənməyə hazırlaşsalar da, müxtəlif səbəblərdən sonra ayrılmışdılar. İllər sonra yenidən bir araya gələn və sevgili olan Faruk Salman – Deniz Seki cütlüyü 2013-cü ildə nişanlandılar. Amma Farukun birinci evlilikdən olan övladları bu izdivaca razı olmadıqları üçün evlənə bilməmişdilər. Növbəti dəfə isə evlilik planı sənətçinin həbsinə görə alt-üst olmuşdu. Hətta Faruk Deniz polislərdən qaçan zaman onun gizlənməsinə kömək etmişdi. İddialara görə, Deniz Sekinin yerini polisə Faruk Salmanın atası demişdi. Çünki o, oğlu ilə müğənninin münasibətini dəstəkləmirdi. Ancaq buna baxmayaraq, iş adamı sevgilisini həbsdə olduğu illər ərzində tək qoymayıb, hər zaman dəstək olub. İllər ərzində hər həftə onun ziyarətinə gedib. Hətta gecədən səhərə qədər həbsxana qapısında gözlədiyi vaxtlar olub. Faruk Denizə həbsdə olanda da evlənmə təklif edib, amma müğənni razılaşmayıb. Deniz Seki həbsxanada olduğu müddətdə vəfalı sevgilisinə 3 mahnı bəstələyib. Onlardan biri “İyi ki varsın” adlanır.

 

Qeyd edək ki, Deniz Seki 2009-cu ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 220 gün həbsdə qalmışdı. Azadlığa çıxsa da, məhkəmə davam etdiyindən sonradan 6 il 3 ay həbs cəzasına məhkum olunmuşdu. Bu qərardan sonra 6 ay polislərdən gizlənə bilmişdi. Lakin 2014-cü ildə həbs olunaraq 3 il 5 ay azadlıqdan məhrum edilmişdi.

 

…Və bu illər ərzində onun yolunu ən çox gözləyən şəxs sevgilisi olmuşdu. İndi onların evlənmələrinə heç bir maneə qalmayıb. Deniz Sekinin həbsxanadan çıxma tarixini hesablayan mətbuatı indi başqa sualın cavabı maraqlandırır – Deniz Sekiylə Faruk Salmanın toyu nə vaxtdır?

 

BIR CAVAB BURAXIN