Gürcüstanda lari düşə-düşə gedir

0
312

11

Gürcüstanın milli valyutası lari düşməkdə davam edir.

Dekabrın 1-də Tbilisidə 1 ABŞ dollarının rəsmi məzənnəsi 2,61-2,63 lari, satış qiyməti isə 2,66-2,70 lari olub.

Eyni vəziyyət ölkənin digər şəhərlərində də müşahidə olunub.

Gürcüstanın Milli Bankı valyuta bazarında məzənnənin kəskin dəyişməsinin fundamental faktorlarla yox, dollara həddən artıq təlabatla bağlı olduğunu bildirir.

“Yaxın vaxtlarda larinin məzənnənin bərpa olunacağını gözləyirik. Valyutadəyişmə məntəqələrindəki kəskin dəyişiklik ölkədəki iqtisadi proseslərlə bağlı deyil. Ötən ay ərzində larinin qiymətdən düşməsinin əsas səbəbi, dolların dünya valyutalarına nisbətdə möhkəmlənməsi ilə bağlıdır”, deyə bankın məlumatında bildirilir.

Gürcüstan hökumətinin bir sıra vergilərin artırılmasını elan etməsilə yanaşı, Milli bankın koordinasiyası ilə larinin möhkəmləndirilməsinə yönəlmiş xüsusi plan hazırlandığı da bəyan edilib.

Bu planda bankların 2015-ci il dekabrın 1-dək ABŞ dolları ilə fiziki şəxslərə verdiyi ipoteka kreditlərinin rəsmi məzənnədən 20 punkt aşağı hesablanma ilə lariyə çevirilməsi, bu fərqinsə büdcə subsidiyaları ilə bağlanması nəzərdə tutulur.

Bundan başqa 2017-ci ildən 100 min lariyədək (təxminən 38500 lari) kreditlər yalnız milli valyuta ilə veriləcək.

Müxalifətdə olan “Vahid milli hərəkat” partiyasının deputatları deyirlər ki, valyuta bazarındakı bu çaxnaşma, məhz hökumətin bu planlarıyla bağlıdır.

Gürcüstanın Milli Bankı isə dolların məzənnəsinin şişirdildiyini deyir və əhaliyə onlara ziyan vuracaq tələsik addımlardan çəkinməyi məsləhət görür.

Ekspert Liya Eliava isə hesab edir ki, Gürcüstan hakimiyyətinin lariyə dəstək və iqtisadiyyatın dollarlaşmasının səviyyəsinin azaldılması ilə bağlıplanları larini möhkəmləndirməyəcək, insanların kredit yükünü azaltmayacaq.

“Valyuta borclarının lariyə çevirilməsi ilə bağlı bu zorakı tədbirin, larinin mövcud məzənnəsinə elə bir təsiri olmayacaq.Çünki kommersiya bankları böyük məbləğlərdə valyuta ilə alver edirlər, əhalinin valyuta satışı dövriyyəsində ümumi payı isə cüzidir”, deyə ekspert bildirir.

Ekspert deyir ki, kommersiya bankları əsasən xarici vətəndaşlar və ya hüquqi şəxslərlə işləyirlər, 2016-cı ilin oktyabrına vayuta dövriyyəsi isə təxminən 10-11 milyard dollar olub.

Buna görə də hökumətin dövriyyədən çıxaracağı bu 400 milyon dollar larinin kursuna təsir göstərməyəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 − 1 =