Gülməyə də vaxt tapan köhnə qəzetçi

0
168

Bu günlərdə onun 60 yaşı tamam olub və “Bibimin madonna servizi”   adlı  üçüncü kitabı  işıq üzü görüb.
Qəzetçi bir az pərvanəyə bənzəyir, daim özünü oda-közə vurur, gördüklərini, düşündüklərini qəzet səhifəsinə çıxarmağa çalışır, onda ayılır ki, ömür yarıdan keçib… Bəlkə də bənzətmə istənilən fikri tam ifadə eləmir, ancaq kökündə həqiqət dayanır. Amma mətbuat tariximizdə cığır açmış elə jurnalistlərimiz var ki, onların yaradıcılığı hələ əsrlər sonra da bizim üçün məktəb olaraq qalacaq.
Təbii ki, çağdaş mətbuatımızda oxucuların ürəyincə olan mövzuları, fikirləri məharətlə qələmə alan, qəzetçilik prinsiplərini, redaktənin əsaslarını yaxşı bilən jurnalistlər az deyil. Onların çoxu bəzilərinin bəyənmədiyi “əski” jurnalistikanın, belə demək olarsa, bulağından su içənlərdir. Onlar sözünün çəkisini bilən, fikrini yığcam ifadə etməyi bacaran, yersiz “qaşıyıb qan çıxarmayan”, yaxşını yaxşı, pisi pis yazan, sensasiya ardınca qaçmayanlardır. Belələrini qəzetçiliyin fəhləsi də adlandırmaq olar.
Qvaminin tərcümeyi-halını yazmaq istəmirəm. Amma qısaca deyim o, ziyalı ailəsində dünyaya gəlib. Atası Məhəbbət müəllim Qubanın qədim Alpan kənd orta məktəbində adı bu gün də hörmətlə anılan ədəbiyyat müəllimi olub. Qvaminin şeirə, sənətə sevgisi də ata ocağında eşidib-gördüklərindən yaranıb. Məhəbbət müəllimin şəxsi kitabxanasındakı Şərq ədəbiyyatı inciləri illər ötdükcə Qvamini özünə çəkib. Həmin əsərləri oxuduqca ədəbiyyata, sənətə bağlılığı artıb. Orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. Amma ailəyə yük olmaq istəməyib. Buna görə də bir neçə il zavoda tornaçı işləyib, həm də təhsilini davam etdirib. Tələbəlik illərində xırda təmsilləri və məqalələri zavod qəzetində, digər mətbuat orqanlarında çap üzü görüb.
Qvami Məhəbbətoğlu (Qvami Rəsulov) ilə mən əvvəlcə elə qəzet səhifələrindəki yazıları ilə tanış olmuşam. Günlərin bir günü hansısa tədbirdə üz- üzə gəldik… Ruhu şad olsun Mirzə Cəlilin. O gün aprelin yeddisi, belə demək olarsa, “Molla Nəsrəddin” günü idi.
Qvami Məhəbbətoğlu çağdaş mətbuatımızda “Molla Nəsrəddin” ədəbi məktəbinin davamçılarından biridir. Bu ümiddəyəm ki, Qvami əgər “Molla Nəsrəddin”lə eyni dövrdə yaşasaydı, onun istər satirik şeirləri, yumoristik yazıları, felyetonları, istərsə də hər hansı fikrin ezopvari yozumu baxımından ifadə etdiyi deyimləri Molla Nəsrəddinçilər tərəfindən bəyənilərdi.
Belə demək olarsa, əsl qəzetçiliyin bir qədər kölgədə qaldığı və sensasiya, kriminal xəbərlərin daha çox qabağa keçdiyi günümüzdə Qvami bəy ürəyinin diktəsi ilə yazır. Buna görə də onun nəinki yumorlu yazıları, eləcə də ömrünü Vətənə xidmətə həsr etmiş sənət adamlarından yazdıqları da maraqla oxunur.
 “Hərdən gülməyim gəlir” kitabının (2011-ci il) çapına dəstək verənlər qəfil ortaya çıxdı. Onu deyim ki, kitabdakı şeirlərin, yazıların, lətifələrin, deyimlərin yazılmasına Qvami ömür payının illərini verib. Yazıların hamısı kitaba salınsaydı, qalınlığı neçə qat olardır. “Hərdən gülməyim gəlir” kitabının ərsəyə gəlməsi üçün mən də köməyimi əsirgəməmişəm. Buna görə də sağ olsun, təkidlə etiraz etsəm də, kitabın redaktoru yerinə mənim adımı yazıb. Onu da əlavə edim ki, təbiətən ciddi adam olduğundan Qvami bəy hərdən gülür və sonradan bu gülüş şeirə, yazıya, deyimlərə çevrilir…
Qvami bir neçə il idmanımızın və ulduz idmançılarımızın uğurları barədə də müxtəlif səpgili, maraqlı yazılar yazıb. Onun məşhur futbol hakimi Rüstəm Rəhimov barədə qələmə aldığı “Bu mənim alın yazımdır” kitabı da (Azərbaycan və rus dillərində, redaktoru Ürfan Məmmədli) maraqla qarşılanıb. Mənim fikrimcə, futbol hakimi haqda kitab yazmaq çətindir. Ancaq xoşdur ki, Rüstəm Rəhimov özü bu kitaba görə müəllifdən çox razı qalıb.
Bu günlərdə Qvami Məhəbbətoğlu “Bibimin madonna servizi” adlı kitabını (redaktoru Ürfan Məmmədli) oxucularına təqdim edib. Onu deyim ki, kitabdakı yazıların çoxunu mən qəzet variantında oxumuşam. İstər “Bibimin madonna servizi” adlı hekayədə, istərsə də yumor və satiralı digər yazılarda həmkarım öz ənənəsinə sadiq qalıb. Belə ki, içtimai həyatda rastlaşdığı xoşagəlməzlikləri tənqid hədəfinə alıb.  Kitaba ön söz yazan Zakir Məmmədin “Q. Məhəbbətoğlunun təhkiyə və təsvir üsulunda Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev nəsrinin bir çox cəhətlərini, tənqidi realizmə xas olan ifadə tərzini aydın şəkildə görmək olar. Onun felyeton və oçerklərinin dili yeni yüzilin üslub və leksikası ilə zənginləşərək müasir oxucunun maraq və düşüncəsini cəlb etməyə layiqdir” fikri  də,  mənə görə, dəqiq ifadə olunub.  
Bu gün Qvami Məhəbbətoğlu “İki sahil” qəzetinin əməkdaşı kimi gördüklərini, düşündüklərini qəzet səhifəsinə çıxarmağa çalışır. Amma hərdən gördüklərinə gülməyə də vaxt tapır və bu “gülüş” hamının ürəyincə olur.
Qələm yoldaşımıza yeni uğurlar arzulayırıq!

Səməd Məlikzadə