Freedom House: Avtoritar ölkələrdə artıq çürümə gedir

0
629

Ukrayna etirazlarında plakatlardan biri

Ukrayna etirazlarında plakatlardan biri

Amerikada mənzillənmiş insan haqları və vətəndaş azadlıqları təşkilatı Freedom House bildirir ki, 2016-cı ildə dünyanın bir çox yerlərində avtoritar hakimiyyətlərin güclənməsi və demokratik ölkələrdə “populist və millətçi qüvvələrin” yüksəlişi bütün planetdə demokratiya üçün misilsiz təhlkükə yaradıb.

Təşkilatın Dünyada Azadlıq 2017 (Freedom in the World 2017) adlı hesabatında deyilir ki, ötən il ərzində dünyanın 67 ölkəsində siyasi hüquqlar və vətəndaş azadlıqları tənəzzülə uğrayıb. Bunun fövqündə yalnız 36 ölkədə demokratik vəziyyətin yaxşılaşması qeydə alınıb. İllik hesabatda 195 ölkədəki vəziyyət təhlil edilir.

Freedom House yazır ki, 2016-cı ildə demokratiyaya üzərinə ən böyük hücum Rusiya tərəfindən edilib.

Hesabatda deyilir ki, Rusiya ABŞ və başqa demokratik ölkələrdəki siyasi proseslərə müdaxilə edib, Suriyada Assad diktatorluğunun gücləndirilməsinə hərbi dəstəyini artırıb və Ukrayna ərazisinin qanunsuz işğalını möhkəmləndirib.

Bu da qeyd olunur ki, Rusiya ölkə daxilində də azadlıqların meydanını daraldıb.

Qərbin başı özünə qarışıb

Bununla belə, Freedom House xüsusilə vurğulayır ki, demokratik ölkələrdə “populizm və millətçilyin vüsət alması” dünya boyunca azadlıqların tənəzzülündə böyük rol oynayıb.

Hesabatda deyilir ki, Britaniyada Avropa İttifaqından çıxmaq qərarının qəbul edilməsi, ABŞ-da Trump-ın prezident seçilməsi kimi hadisələr dünyanın əsas demokratik ölkələrini çaşqınlıq və narahatlıq içində buraxıb.

Hesabatda qeyd olunur ki, Avrasiyaya gəlincə burada demokratik yolu seçən azlıqla, kök atmış qatı avtokratiyalar çoxluğunu görürük.

Freedom House bildirir ki, ötən illər ərzində Ukrayna, Gürcüstan və Moldova demokratiya sahəsində irəliləyişlərə çalışıblar, lakin Qərb onlara dəstəyini dayandırarsa bu ölkələr risk qarşısında qalacaqlar.

Hesabatda deyilir ki, bütün bu narahatlıqlar ABŞ və Avropa İttifaqının başlarının öz işlərinə qarışdığı bir vaxtda davam edir.

Azad olmayan ölkələrin siyahısı dəyişmir ki dəyişmir

Freedom House yazır ki, Avrasiyasının Qırğızıstan və Tacikistan kimi ölkələrində hökumətlər “iqtisadi və siyasi qeyri-müəyyənlik şəraitində də öz hakimiytələrini möhkəmləndirməklə məşğul olublar”.

Freedom House təşkilatının Nyu Yorkdakı sözçüsü Sarah Repucci deyib ki, 2016-cı ildə Azərbaycanda keçirilmiş referendum əsas etibarilə İlham Əliyevi hakimiyyətdə saxlamaq mesajını verib.

Qırğızıstanda baş verən hadisələr isə göstərir ki, orada ola bilsin prezident Almazbek Atambayevin baş nazir postuna keçirilməsinə, konstitusiya dəyişikliyi vasitəsilə baş nazir postunun səlahiyyətlərinin artırılmasına hazırlıq gedir.

Tacikistanda isə referendum prezident Emomali Rahmonun bu vəzifəyə məhdudiyyətsiz sayda namizədlik verməsini təmin edib, habelə prezidentlik üçün yaş senzini, belə görünür, məxsusi olaraq Rahmonun oğlu üçün aşağı salıb.

Freedom House 2016-cı ildə 49 ölkəni “azad olmayan” kateqoriyasına salıb. Bu ölkələrdə planet əhalisinin 36 faizi yaşayır.

Repucci deyib ki, azad olmayan ölkələrin siyahısındakı fiqurantlar ildən-ilə dəyişmir və fərqli düşüncəyə, azad ifadəyə yer olmayan repressiv diktatorluqlarda tam çürümə prosesi gedir.

BIR CAVAB BURAXIN