Etibar Pirverdiyevin adamı işə 40 min manata işçi götürür?

0
877

Faiq Ağayevin həyat yoldaşı, barəsində Azərbaycan CM-nin 178.3.2.-ci maddəsi ilə cinayət işi açılmış Rübabə Ağayeva doğrudanmı 143 min manat borca görə xəstələnib?
Tezadlar.az saytının 05.01.2018-ci il tarixli buraxılışında “Etibar Pirverdiyevin adından istifadə edən kimdir?” başlıqlı yazı dərc olunmuşdur. Yazıda Bayıl qəsəbəsi Səlyan şosesi-32 ünvanda yaşayan Cəfər Həsənəliyevin, Lalə İbrahimovanın və Hüseyn Əlizadənin Binəqədi qəsəbəsi 9 mkr. «Bağ park küçəsi» ünvanda yaşayan Rubaba Ağayeva adlı qadın tərəfindən aldadılaraq 143 min manat pullarının mənimsənilməsindən bəhs edilirdi. Təbii ki, «KİV haqqında» Qanunun tələblərinə uyğun olaraq əks tərəf kimi Rubaba Ağayevanın da mövqeyini öyrənmək üçün ona dəfələrlə zəng etmişdim, lakin zəngə cavab verən olmamışdı. Belə olan surətdə oğlu Namiqin mənə verilmiş telefon nömrəsinə zəng etdim. Zəngə qardaşı Rauf cavab verdi. Əlbəttə, onun da deyilənlər barədə fikirlərini işıqlandırdıq.
Bundan əlavə, Raufun bizi calaşdırdığı, anası R.Ağayevanın vəkili Vasif Mirzəyevin də mövqeyi yazıda öz əksini tapdı. V.Mirzəyev mənimlə telefon söhbətində bildirdi ki, görüşüb bu barədə daha ətraflı məlumatlar verəcək. Aydın məsələdir ki, həm Rauf Ağayev, həm də vəkil Vasif Mirzəyev deyilənlərin heç bir əsası olmadığını bildirdilər, amma…
***

…Söhbət Rubaba Ağayevanın və mənə verilən məlumata görə həyat yoldaşı Faiq Ağayevin “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin adından istifadə edərək 40 min manat pulun mənimsənilməsindən gedirdi. O da qeyd olunmuşdu ki, R.Ağayeva həm Lalə İbrahimova, Cəfər Həsənəliyev və Hüseyn Əlizadədən 143 min manat dəyərində qızıl-zinət əşyaları götürüb, lakin pulunu verməyib. R.Ağayeva götürdüyü qızıllar barədə hər üç şəxsə yazılı qəbz də verib. Pulun qaytarılmadığını görən C.Həsənəliyev, L.İbrahimova və H.Əlizadə Səbayil Rayon Polis İdarəsinə müraciət ediblər. Səbail Rayon Polis İdarəsində R.Ağayevanın barəsində 4 dekabr 2017-ci il tarixdə Az. Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə 170206079 saylı cinayət işi açılıb və hazırda istintaq gedir.
Hər iki tərəfin mövqeyi nəzərə alınmaqla bütün bunlar dərc olunandan sonra şikayətçilər Lalə İbrahimova, Cəfər Həsənəliyev və Hüseyn Əlizadə bir daha redaksiyamızda oldular. Onlar R.Ağayevanın oğlu Rauf Ağayevin və vəkil Vasif Mirzəyevin söylədiklərinə etirazlarını bildirdilər. Mənimlə telefon söhbətində Rauf Ağayev bildirmişdi ki, anası xəstə olduğu üçün telefona cavab verə bilmir. Mən də buna əsaslanıb şikayətçilərə bildirmişdim ki, bəlkə xəstə qadındır, ortaq məxrəcə gələsiniz. Ancaq hər üçü bildirdi ki, pullarımız qəpiyinə qədər qaytarılmasa, heç bir ortaq məxrəcdən söhbət gedə bilməz.
L.İbrahimova söhbətində çox maraqlı və ciddi məqamlara toxunaraq dedi: “R.Ağayeva faktiki olaraq xəstə deyil. Amma 143 min manat borcu olan təbii ki, xəstələnməlidir. Haqqında cinayət işi qaldırılan adam əlbəttə, xəstə düşəcək. Ötən il dekabrın 8-dən bu günə qədər, olunmuş xəbərdarlıqlara baxmayaraq, istintaqın heç bir çağırışına getməyib. Artıq R.Ağayevanın istintaqa məcburi gətirilməsi haqqında qərar var. Belə qərarı eşidən adamın əlbəttə ki, təzyiqi qalxacaq. Sizə bir maraqlı məqamı deyim. R.Ağayeva 1 sayılı Şəhər Kliniki Xəstəxananın (keçmiş Semaşko) 1-ci korpus, 4-cü mərtəbədə yerləşən Kardiologiya şöbəsinə istintaqdan yayınmaq üçün adını yazdırıb, lakin orada yatmır. Həmin şöbənin müdiri Cəmilə xanımla yaxın münasibətdə olduğundan gündüz oralarda görünür, axşam isə evə gedir. Bu, necə xəstəlikdir ki, heç bir müayinə, müalicə olunmur? Buna istintaqdan yayınma xəstəliyi deyərlər. Bir də ki, R.Ağayevadan soruşmaq lazımdır, əgər günahın yoxdursa, istintaqın çağırışına niyə getmirsən? Sizinlə söhbətində oğlu Rauf deyir ki, anama bizlərdən götürdüyü qızılların siyahısı olan qəbzi yazması güya məcburi olub. Onda belə bir sual yaranır, bizə olan borclarını telefon danışıqlarında da təsdiq edib, bunu da biz məcburi təsdiq etdirmişik? Yaxud, whatsapp yazışmalarında bizdən götürdükləri qızılların pullarını tezliklə qaytaracağını bildirməsini də biz məcbur etmişik? Özləri müstəntiqin zənginə cavab olaraq bildiriblər ki, qısa müddətə borcu qaytaracaqlar. Ancaq qaytarmadılar. Bir məlumatı da diqqətinizə çatdırmaq istəyirəm. R.Ağayevanın yaxın ətrafı Facebook-da mənim əleyhimə olmazın sözlərini yazırlar, məni təhqir edirlər. Bizim müştərilərimiz olan insanlar bunları oxuyub təəccüblənirlər ki, axı onlar məni tanıyır, bilirlər mən necə insanam və deyilənlərin mənə heç bir aidiyyəti yoxdur. Onların bu şər, böhtan və təhqirləri mənim işgüzar nüfuzuma ziyan vurur. Bu barədə vəkilimlə məsləhətləşmə aparıram və tezliklə məhkəməyə müraciət edəcəyəm. Qoy gəlib məhkəmədə Facebook-da yazdıqları şər və böhtanları sübut etsinlər.”
Bu yerdə şikayətçi Cəfər Həsənəliyev əlavə edir: “ Maraqlıdır ki, hamıya şər və böhtan atırlar, özləri isə heç bir qanuna tabe olmaq istəmirlər. Çünki müstəntiqə borclu olduğu pulları qaytaracağı barədə konkret müddət göstərib, söz verir, lakin sonradan Bakı Şəhər Baş Polis İdarəsinə bizim günahkar olduğumuz barədə şikayət yazırlar. Bizi ora çağırdılar, məsələdən tam məlumatlı olandan sonra onların şikayətləri rədd edildi. R.Ağayeva hər yerdə bildirir ki, “Azərenerji”ASC-nin prezidenti Etibar Pirverdiyev onun əri Faiq Ağayevin sinif yoldaşı olub və çox yaxındırlar, ona görə də heç kəs onlara heç nə edə bilməz. R.Ağayevanın əri F.Ağayev Sumqayıtda yerləşən Sənaye Texnologiya Parkının (STP) vəzifəli işçisidir. Bildiyimiz kimi STP “Azərenerji” ASC-nin tərkibində olan bir müəssisədir. Elə ona görə də Lalə İbrahimovanın oğlunu işə düzətmək adı ilə 40 min manat pulunu mənimsəyib. Çünki Etibar Pirverdiyevə arxalanır. Mən STP-nin direktoru E.Mirzəyevə də müraciət etmişəm ki, belə bir şəxs barədə tədbir görsün. Həmçinin E.Pirverdiyevə də teleqram vurmuşam ki, mənim pulumu qaytarmağa kömək etsin.”
Hüseyn Əlizadə qeyd etdi ki, R.Ağayeva onların etibarından sui-istifadə edərək külli miqadarda pullarını mənimsəyib: “Bu azmış kimi hələ onları məhkəməyə də vermək istəyir. Sizin saytda oxuduq ki, onlar Binəqədi Rayon Polis İdarəsinə bizim haqqımızda şikayət veriblər. Bu barədə R.Ağayevanın vəkili Vasif Mirzəyev sizə məlumat verib. Mən sizin nəzərinizə çatdırıram ki, Vasif Mirzəyev əvvəllər Cəlilabad Rayon Polis Şöbəsində işləyib. Orada etdiyi qanunsuzluqlara görə haqqında cinayət işi açılıb və işdən qovulub. Biz Azərbaycan Vəkillər Kollegiyasına da müraciət etmişik ki, haqqında cinayət işi olan adam necə kollegiyanın üzvü ola bilər? Hazırda bu yöndə araşdırmalar gedir və yəqin ki, tezliklə hər şeyə aydınlıq gələcək. Onda kimin haqqlı, kimin haqqsız olduğu da bilinəcək. Bu qadın bizdən aldıqları qızılların siyahısı da yazılmaqla öz əli ilə qəbz verib, indi bunu necə dana bilər? Özü də cinayət işini Bakı Şəhər Prokrorluğu açıb və istintaqı Səbail Rayon Polis İdarəsinə həvalə edilib. Bayaq qeyd olunduğu kimi R.Ağayeva istintaqın çağırışlarına getmir və ona görə də məcburi gətirilmə haqqında qərar çıxarılıb. Tezliklə haqq-ədalət öz yerini alacaq.”
Göründüyü kimi ortada çox ciddi ittihamlar var. Yəqin ki, əks tərəfin özlərinin də müəyyən arqumentləri var. Təbii ki, bütün bunlara hüquq mühafizə orqanları aydınlıq gətirəcək. Əks tərəfin də mövqeyini dinləməyə, konkret sənədləri, faktları varsa, onları da dərc etməyə hazırıq. \\tezadlar.az\\

BIR CAVAB BURAXIN