Etibar Məmmədov Zərdüşt Əlizadəni ifşa etdi

0
563

Azərbaycan Xalq Cəbhəsi (AXC) İdarə Heyətinin keçmiş üzvü Etibar Məmmədov haqqin.az-a açıqlamasında İdarə Heyətinin başqa keçmiş üzvü Zərdüşt Əlizadənin 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı dediklərinə münasibət bildirib.

Etibar Məmmədov hesab edir ki, Zərdüşt Əlizadə tarixi faktları təhrif edib:“Əgər Əlizadə unudubsa, onda mən ona xatırladıram: Sovet qoşunlarına qarşı intifada (silahlı mübarizəyə-red.) birinci çağıran məhz o idi. Əgər onun yaddaşı belə qısadırsa, onda ona başqa bir faktı da xatırladıram: Azərbaycanda qanuni hakimiyyəti ilk dəfə Lənkəranda onun silahdaşı Əlikram Hümbətov devirdi və regionun başçısı oldu, sonra bu ssenari üzrə respublikanın 17 başqa rayonunda da qanuni hakimiyyəti zəbt edildi”.

E.Məmmədov qeyd edib ki, əslində onda AXC seçkilərə hazırlaşırdı, qarşıdurmaya yox. Amma SSRİ-nin və respublikanın rəhbərliyindəki müəyyən güclər bu hərəkatın yolunu dəyişdirə bildilər: “Bunu təsdiq edən sənəd var. 30 dekabr 1989-cu il tarixində Bakıda keçirilən mitinqdəki çıxışımın stenoqramını təqdim edə bilərəm, harada ki, mən aydın şəkildə demişəm: “biz seçkilərə gedirik və bizdə qarşıdurmaya getmək niyyəti yoxdur”. Əlizadə deyir ki, biz gündəlik mitinqlər təşkil edirdik, ancaq o burada da unudur ki, AXC-nin həmin mitinqlərə ümumiyyətlə heç bir aidiyyəti yox idi.

Mitinqlər müəyyən insanlar tərəfindən təşkil edilirdi, hansılar ki, Cəbhə ilə heç bir əlaqəyə malik deyildilər. Bəs hakimiyyət onları niyə qovmurdu? Bu sualı SSRİ-nin və respublikanın o vaxtkı rəhbərlərinə ünvanlamaq daha yaxşı olardı. Bizdə bir hədəf var idi – seçkilərdə qanuni yolla qalib gəlmək. Və yeri gəlmişkən, biz onda Baltikyanı yolu seçmişdik və bütün fəaliyyətimiz seçki prosesinə yönəldilmişdi. Və əgər Ali Sovet seçki qanununu qəbul etsəydi, onda artıq iki-üç aydan sonra seçkilər olardı. Amma Qorbaçovun başçılığı ilə SSRİ-nin o vaxtkı rəhbərliyi, 1990-cı ilin yanvarında təxribat təşkil edib, bizim bütün planlarımızı pozdu. Bundan başqa, həmin ərəfədə Nemət Pənahlı və başqaları kimi radikal fəallar, həmçinin Zərdüşt Əlizadə öz adamları ilə Cəbhənin İdarə Heyətindən getmişdilər. İndi ondan soruşmaq istəyirəm: bir halda ki, o, radikal metodlara qarşı idi, onda Lənkəranda qanuni hakimiyyəti zəbt edən silahdaşı Əlikram Hümbətovu niyə dayandırmadı və hətta bu addımı qınamadı?”.

 

225693_src

E.Məmmədovun dəmir yolundakı tətillərə də öz baxışı var və o, Z.Əlizadədən fərqli olaraq hesab edir ki, bu həmin dövr üçün bəraət qazanmış mübarizə metodu idi.

“Bu tətillərlə biz müəyyən hədəfləri təqib edirdik: birincisi, respublika hakimiyyətinə təzyiq göstərirdik ki, onlar müstəqillik haqqında Konstitusiya qanununu qəbul etsinlər. İkincisi, istəyirdik ki, Ermənistanın blokadası təşkil olunsun, çünki respublikamıza qarşı təcavüzkar hərəkətlərə təşəbbüs göstərirdi. Bu hədəflərə də nail olunmuşdu: artıq sentyabrda müstəqillik haqqında Konstitusiya qanunu qəbul edilmiş və Volskinin başçılığı ilə fəaliyyət göstərən Xüsusi İdarəetmə Komitəsi buraxılmışdı. Bu tətillər olmadan, SSRİ-nin və respublikanın o vaxtkı rəhbərliyinin bu addımlara getməyəcəyini isə Əlizadə özü də etiraf edir”, – E.Məmmədov vurğulayıb.

Və axırda o, Zərdüşt Əlizadəyə məsləhət görüb ki, “bəzən öz yaddaşını təzələsin və yoxlanılmamış faktları necə gəldi səpələməsin”.

BIR CAVAB BURAXIN