Ermənistan: parlament seçkilərinə 9 siyasi qüvvə qatılıb

0
617

Baş nazir Karen Karapetyan hakim partiyanın simvoluna çevrilib
Baş nazir Karen Karapetyan hakim partiyanın simvoluna çevrilib

Ermənistanda ölkənin yarım-prezident idarəçilik sistemindən parlament idarəçilik sisteminə keçməsini nəzərdə tutan yeni konstitusiya üzrə ilk parlament seçkilərinin rəsmi təşviqat kampaniyası başlayıb.

Təşviqat-təbliğat kampaniyası, 25 gün, martın 31-nə kimi davam edəcək, səsvermə günü aprelin 2-si təyin edilib.

Seçkilərdə iştirak edən siyasi partiya və bloklara təbliğat üçün İctimai Televiziyada 60 dəqiqə pulsuz və 120 dəqiqə pullu vaxt ayrılır. İctimai Radioda, müvafiq olaraq, 120 və 180 dəqiqə efir vaxtı təqdim edilir.

Bundan başqa, özəl TV və radio kanallardan da təbliğat-təşviqat üçün efir vaxtı almaq olar.

Seçkilərdə 5 siyasi partiya və 4 blok iştirak edir: Prezident Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası, Daşnaksutyun Erməni İnqilabi Federasiyası, Erməni Dirçəlişi, Azad Demokratlar Kommunist partiyaları və Tsarukyan, Erməni Milli Konqresi-Ermənistan Xalq Partiyası (EMK-EXP), Ohanyan-Raffi-Oskanyan (O-R-O) və “Çıxış” blokları.

Seçki Məcəlləsinin tələbinə əsasən, səsvermə günündən 30 gün əvvəl dərc edilən rəsmi siyahılara görə, seçicilərin ümumi sayı 2 milyon 564 min 734 nəfər təşkil edir.

Ermənistan Milli Statistika Xidmətinin 1 yanvar 2017-ci il tarixinə olan məlumatına görə, Ermənistanın daimi əhalisinin sayı 2 milyon 986,5 min nəfərdir.

Məlumatlı Vətəndaşlar Birliyi ictimai təşkilatın rəhbəri Daniel İoannisyan hesab edir ki, siyahılar həmişəki kimi “ölkəni tərk etmiş vətəndaşların hesabına” şişirdilib.

İnzibati və, xüsusilə, maliyyə imkanlarına görə, seçkilərdə daha böyük qələbə şansına malik hakim Ermənistan Respublikaçılar Partiyası (ERP), O-R-O və Tsarukyan blokları hesab edilir.

Hakim Partiyanın lideri seçki siyahısında yoxdur

Ermənistan Respublikaçılar Partiyasının lideri, prezident Serj Sarkisyanın adı partiyanın seçki siyahısına daxil edilməyib. Siyahıda ilk üç yeri gənc respublikaçılar tutur.

Bu, 2018-ci ildə son prezidentlik müddəti başa çatdıqdan sonra Sarkisyanın baş nazir vəzifəsini tutacağını ehtimal etməyə əsas verir.

Ötən ilin sentyabrından hökumət başçısı təyin edilmiş və cəmi 4 aylıq partiya stajı olan baş nazir Karen Karapetyan isə son illər ölkədə yaşama stajının çatışmadığına görə seçkilərdə iştirak edə bilməyib.

Lakin hakim partiya liderləri Karen Karapetyanın 2 aprel parlament seçkilərindən sonra öz vəzifəsində qalıb nazirlər kabinetinə başçılıq edəcəyinə işarə edirlər.

Seçki siyahısına təxminən 4 ay əvvəl müdafiə naziri təyin olunmuş və bundan bir ay sonra hakim partiya üzvü olmuş Vigen Sarkisyan başçılıq edir. İkinci – Yerevan meri Taron Marqaryan, üçüncü – ədliyyə naziri Arpine Hovhannisyandır.

Ümumiyyətlə, hakim partiya siyahısının ilk onluğunu nisbətən gənc respublikaçılar təşkil edir.

Eyni zamanda Ermənistan prezidenti Serj Sarkisyan və baş naziri Karen Karapetyan ERP-nin təşviqat-təbliğat kampaniyasında fəal iştirak edir, baş nazir isə bir növ partiyanın simvoluna çevrilib: partiyanın bütün təşviqat lövhələrində baş nazir Karen Karapetyanın iri portretləri əks etdirilib, təbliği videoklipində baş nazir məharətli zərb alətlər ifaçılığını nümayiş etdirir.

ERP-nin ilk təbliğat yığıncağında çıxış edən prezident Sarkisyan, respublikaçılar seçkilərdə qalib gəlsə, Ermənistanı “bölgəmizin ən məhsuldar, ən sürətlə inkişaf edən, ən təhlükəsiz” ölkəsinə çevrəcəyini vəd etdi.

Hakim partiya seçkilərdə “Təhlükəsizlik və tərəqqi” şüarı altında iştirak edir.

Sabiq müdafiə naziri hakimiyyət dəyişikliyinə çağırır

ORO

Ohanyan-Raffi-Oskanyan blokunun seçki blokuna hələ ötən ilin sentyabrında Ermənistan müdafiə naziri olan Seyran Ohanyan, 1991-1992-ci illərdə Ermənistan xarici işlər naziri Raffi Hovhannisyan və 1998-2008-ci illərdə Ermənistan XİN rəhbəri Vardan Oskanyan başcılıq edirlər.

Blokun lideri Seyran Ohanyan Ermənistanda hakimiyyət dəyişikliyinə çatmaq niyyətində olduğunu bəyan edir. O, iurnalistlərlə görüş zamanı, O-R-O bloku seçkilərdə qalib gəlsə, Ermənistanın iqtisadi və siyasi sistemini dəyişməyə çalışacağını deyib.

“Lakin 17 il Qarabağ və Ermənistan müdafiə nazirliyinə başçılıq edən Ohanyanın bir gündə dönüb müxalifətçiyə çevrilməsinə inanmaq çətindir,” lragir.am internet nəşrinin siyasi icmalçısı Hakob Badalyan deyir.

Seyran Ohanyanın adı ilk növbədə 2008-ci il 1 mart hadisələri ilə, prezident seçkilərindən sonra 10 gün davam edən mitinqin dağıdılmasında ordunun iştirakı ilə bağlı xatırlanır. Həmin əməliyyat nəticəsində 10 nəfər ölüb, 200-ə yaxın insan xəsarət almışdı.

Bundan başqa, Seyran Ohanyan Ermənistan müdafiə naziri olduğu zaman 2016-cı il aprelində Qarabağ münaqişə bölgəsində 4 günlük müharibə nəticəsində erməni ordusunda silah çatışmazlığı, texnikanın nasazlığı, orduda korrupsiya halları və s. qüsurların üzə çıxdığı xatırlanır.

Raffi Hovhannisyanın təsis etdiyi və lideri olduğu İrs Partiyasının sabiq müdafiə naziri ilə vahid blokla seçkilərə qatılması partiya sıralarında narazılığa səbəb olub.

Partiyanın tanınmış təmsilçilərindən bəziləri partiya sıralarından çıxıb, parlament fraksiyasının lideri Zaruhi Postancyan partiyadan çıxıb və millət vəkili mandatından imtina edib.

Hər necə olsa da, hələlik ictimaiyyətin gözündə “nüfuzu ləkələnməmiş”, hərbiyyə ilə əlaqələri zəifləməmiş general, “Qarabağ müharibəsi qəhrəmanı” Ohanyanın adı onun başçılıq etdiyi blokun imkanlarına müsbət təsir edir.

Hakim partiyanın əsas rəqibi Tsarukyan bloku

İri biznesmen, Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti, millət vəkili Qaqik Tsarukyanın başçılıq etdiyi blokda onun rəhbərlik etdiyi Firavan Ermənistan Partiyası ilə çoxlarına tanış olmayan 3-4 kiçik partiyalar cəmləşib.

Prezident Sarkisyanın təkidi ilə iki il bundan əvvəl “siyasətdən çıxan” Tsarukyan blokunun imkanları yüksək qiymətləndirilir.

Tsarukyan blokunun əsas qələbə amilləri maliyyə imkanları və sosial problemləri olan təbəqələrdir. Tsarukyan xarici siyasət və insan haqları məsələlərinə toxunmur, öz çıxışlarında o yalnız Ermənistan əhalisinin böyük əksəriyyətini narahat edən sosial-iqtisadi problemləri vurğulayır.

Tsarukyanın reytinqinə xüsusilə onun xeyriyyəçilik fəaliyyəti müsbət təsir edir. Onun başçılıq etdiyi blokun imkanları hakim partiya ilə müqayisə edilə bilər.

Lakin Ermənistan kimi bir ölkədə iri biznes sahibi olaraq, ekspertlər onun həqiqətən müstəqil olmasında şübhələnirlər.

EMK-EXP bloku: Qarabağ münaqişəsi və qonşularla münasibət

EMK-EXP bloku Qarabağ münaqişəsini
Image captionEMK-EXP bloku Qarabağ münaqişəsini “ərazilər müqabilində sülh” prinsipi üzrə həll etmək, Azərbaycan və Türkiyə ilə barışmağı təklif edir

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi və 1999-cu ildə Milli Məclisdə təxribat nəticəsində öldürülən parlament sədri Karen Demirçyanın oğlu Stepan Demirçyanın Ermənistan Xalq partiyaları seçkilərə “Qarabağ problemini həll etmək, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq” proqramı ilə qatılıblar.

EMK-EXP bloku Qarabağ münaqişəsini “ərazilər müqabilində sülh” prinsipi üzrə həll etmək, Azərbaycan və Türkiyə ilə barışmağı təklif edir.

“Biz seçkilərə “Sülh, barışıq, qonşuluq” şüarı ilə gedirik”, – EMK partiya sədrinin müavini, parlament fraksiyasının sədri Levon Zurabyan blokun ilk iclasında bəyan edib.

İki müxalif partiya blokunun proqramını təqdim edən Zurabyan münaqişə və blokada səbəbindən Ermənistanın inkişaf etmək imkanından məhrum olduğu qeyd edib.

“Biz Azərbaycanla münasibətlərimizi tənzimləməli, Dağlıq Qarabağ məsələsini həll etməliyik ki, həm Ermənistan, həm Dağlıq Qarabağın təhlükəsizliyi təmin olunsun, eləcə də, başlıcası, Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunsun”, – Zurabyan deyir.

O, təklif etdiyi proqramın 2007-ci ildə Ermənistan tərəfindən bəyənilən Madrid prinsipləri əsasında tərtib edildiyini qeyd edib.

Qərb meylli blok və partiya

“Yelk” ermənicə “Çıxış” deməkdir, lakin blokun adında bunu yəqin “Vəziyyətdən çıxış” kimi anlamaq lazımdır.

“Çıxış” blokunu bitərəf millət vəkili, “Maariflənmiş Ermənistan” partiyasının sədri Edmon Marukyan, müxalif millət vəkili, “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyan və “Respublika” partiyasının başçısı Armen Sarkisyan yaradıblar.

Armen Sarkisyan 1999-cu il 27 oktyabrda Ermənistan parlamentində silahlı təxribat nəticəsində öldürülən baş nazir Vazgen Sarkisyanın kiçik qardaşıdır.

“Çıxış” bloku qərbmeylli hesab edilir. Başlıca vəzifələrindən biri kimi, Milli Məclisdə təmsil olunsa, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması və Avropa İttifaqı ilə hərtərəfli geniş azad ticarət zonası yaratmaq, assosiasiya müqaviləsini bağlanmasını elan edir.

Bu partiyalar, parlamentə seçilsələr, Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasından başqa istənilən qüvvə ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirirlər.

Daha bir “sırf” qərbmeylli sayılan siyasi qüvvə Azad Demokratlar Partiyasıdır.

Lakin partiyanın seçkilərdə müvəffəqiyyəti üçün bu gücün kifayət etmədiyi ehtimal edilir.

Daşnaksutyun və Erməni Dirçəlişi partiyalarının (keçmiş Qanunçuluq Ölkəsi Partiyası) öz ənənəvi elektoratları mövcuddur, və bu partiyaların bu dəfə də 5 faizlik həddi aşıb Milli Məclisdə təmsil olunacağı şübhə doğurmur.

Ermənistan Kommunist Partiyasının parlamentə düşmək şansları sıfıra bərabər sayılır. EKP ilə bağlı Ermənistan jurnalistlərini maraqlandıran yeganə sual kommunistlərin seçkilərdə iştirak etmək üçün 20 min dollar girov üçün pulu haradan tapmasıdır.

BIR CAVAB BURAXIN