Ermənistan ordusunda qadınlar artır

0
664
 

«Eurasianet» saytı Ermənistanda orduya qatılan qadınların sayının artmaqda olduğunu, dövlətin də bu tendensiyanın güclənməsinə yardım etdiyini yazır. Ermənistanın hərbi akademiyasının – Vazgen Sarkisyan adına Hərbi Universitetin qadın kursantlardan ibarət ilk qrupu 2013-cü ildə yaradılıb. Elə həmin il hərbi pilotları hazırlayan Aviasiya İnstitutuna da 5 gənc qız qəbul edilib.

Müəllif o vaxt kişilərin qadın kursantlara ciddi yanaşmadıqlarını, amma indi onlarla birgə çalışmağa alışdıqlarını yazır. Ermənistan parlamentinin oktyabrda qəbul etdiyi proqramda dövlət orduda xidmət edən, ya da orduya qoşulmaq istəyən qadınlara geniş imkanlar yaradılacağını vəd edib.Yeni təyin olunmuş müdafiə naziri Vigen Sarkisian millət vəkillərinə qadınların hərbi təhsilinə və inkişafına şərait yaradılacağını, kişilərlə bərabər hüquqa malik olmasına çalışacağını deyib. Noyabrda jurnalistlərlə söhbətində nazir qadınların orduda çox böyük rol oynaya biləcəyini söyləyib: «Məncə, qadınların orduda, xüsusilə rəhbər vəzifələrdə rolu çox ciddi ola bilər… Onların potensialından yararlanmasaq, səhvə yol vermiş olarıq».

Ermənistan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, hazırda orduda 2 mindən çox qadın xidmət edir. 2012-ci ildə onların sayı 1400-ə yaxın olub. Ermənistan ordusundakı qadınların çoxu ofis işləri görür, ya da rabitə sahəsində, eləcə də tibbi xidmətlər göstərir. Ancaq son illər döyüş tapşırıqlarına cəlb olunan qadınların, məsələn, qadın minaaxtaranların və snayperlərin sayı artıb. Sayt Ermənistanın Müdafiə Nazirliyinin belə qadınların sayını açıqlamadığını qeyd edir.

Amma, məsələn, Ermənistan ordusunun paraşütlə tullanma üzrə baş təlimçisinin qadın olduğu bəllidir: Kapitan Kristina İliçyan. Ermənistanın İctimai Televiziyası bu yaxınlarda onun digər qadın zabitlə birgə kişilərə təlim keçdiyini nümayiş etdirib. Sayt yazır ki, qadınların orduya cəlbi, əslində, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın ideyası olub. Onun fikrincə, qadınların iştirakı ordunu sivilləşdirir, nizam-intizamı gücləndirir.

Müəllif Ermənistan cəmiyyətinin hələ mühafizəkar olduğunu, ev işinin, uşaqlara baxmağın orda da qadının əsas vəzifəsi sayıldığını vurğulayır. Amma 2014-cü ildə yayımlanmağa başlayan bir reklam çarxı qadınları stereotipləri sındırmağa, orduya qoşulmağa çağırırdı.Hazırda Ermənistan ordusunda qadınların fəaliyyət sahəsiylə bağlı məhdudiyyətlər var. Rəsmilər bu məhdudiyyətləri gözdən keçirəcəklərini, qadınların orduda istədikləri işlə məşğul olmasına imkan veriləcəyini deyiblər. Müdafiə Nazirliyinin qadınların ordudakı mövqelərinin artırılması üzrə planı da var.

«Eurasianet» saytı həmçinin, Qarabağda müharibəyə qatılan erməni qadınların sayı barədə məlumat verilmədiyini yazır. Amma 2015-ci ildə Müdafiə Nazirliyi bir qadın əsgəri azərbaycanlı snayperin vurub öldürdüyünü elan etmişdi.

Sayt Azərbaycan ordusunda da minə yaxın qadının xidmət etdiyini, amma onların döyüşlərə cəlb olunmadığını qeyd edir. Gürcüstanın qadınların orduda rolunu gücləndirməkdən ötrü ciddi tədbirlər gördüyünü vurğulayır.

BIR CAVAB BURAXIN