ERMƏNİLƏRİN ALMANLARA QARŞI VƏHŞİLİKLƏRİ – Faktlar

0
568

AMEA-nın Tarix İnstitutunun Qafqaz tarixi şöbəsinin nəzdində “Dərbənd tarixi” bölməsinin müdiri, tarix üzrə elmlər doktoru İkram Ağasiyevin “Erməni-daşnak silahlı birləşmələrinin Azərbaycanda yaşayan alman əhalisinə qarşı vəhşilikləri (1904-1918-ci illər)” adlı məqaləsini təqdim edir:

XIX əsrin ikinci yarısından başlayaraq bədnam, “Böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən, Azərbaycan, Türkiyə, Gürcüstana qarşı daim ərazi iddiasında olan, bu ölkələrdə ardı-arası kəsilməyən soyqırımlar törədən ermənilərin millətçi fəaliyyətinin insanlıq əleyhinə yönəlmiş cinayətləri özləri tərəfindən nə qədər ört-basdır edilsə də, üzə çıxmaqdadır. Öz mənfur məqsədlərinə çatmaq üçün hər cür vəhşiliyə əl atmağa qadir olan ermənilərin qəddarlığını təsdiq edən arxiv sənədlərini araşdırdıqca aşkar olunan yeni-yeni faktlar günahsız insanların tökülən qanının bu günə qədər cəzasız qalmasından danışır, ədalətin bərqərar olmasını tələb edir.

Bu gün son iki əsrdə ardı-arası kəsilməyən cinayətlərlə müşayiət olunan erməni təcavüzü tarixinə vaxtilə Azərbaycan ərazisində məskunlaşmış alman kolonistlərinə qarşı törədilmiş cinayətlər də əlavə olunur. Ən dəhşətli cinayətlər bahasına olsa da, öz məqsədlərinə çatmağa can atan ermənilərin qurbanları türk, gürcü, yəhudi mənşəli əhali ilə bərabər, Azərbaycan ərazisində yaşayan almanlar da olmuşlar. Arxiv sənədlərinin təhlili əsasında belə bir qənaətə gəlinir ki, erməniləri almanlara qarşı təcavüzə sövq edən səbəblər öz çirkin planlarının həyata keçirilməsində Almaniyadan dəstək ala bilməmələri və almanları yaşayış yerlərindən qovaraq, onların malik olduqları böyük təsərrüfatlarını, evlərini, geniş torpaq sahələrini, sənaye obyektlərini ələ keçirmək niyyətləri olmuşdur.

1917-ci ilin fevralın 23-də Rusiya imperiyasının paytaxtı Petroqradda demokratik inqilab başladı və nəticədə 304 il Rusiyanı idarə etmiş Romanovlar sülaləsi devrildi. Rusiya respublika elan olundu, ölkəni Müvəqqəti hökumət idarə etməyə başladı. Ölkədə demokratiyanın bərqərar olması istiqamətində Müvəqqəti hökumət əhəmiyyətli addımlar atdı. Ancaq Fevral inqilabı demokratiya və azadlıqlarla yanaşı, ölkəyə siyasi hərc-mərclik, özbaşınalıq da gətirdi. Belə bir kritik şəraitdə Qafqazda mövcud olan erməni-millətçi siyasi partiyaları, cəmiyyətləri öz təcavüzkar fəaliyyətlərini gücləndirmişdilər və bu təcavüzün hədəfi, birinci növbədə Azərbaycanın türk-müsəlman əhalisi olmuşdur. Məqsəd Azərbaycanın türk-müsəlman əhalisini məhv etmək, Cənubi Qafqazın böyük bir hissəsini ələ keçirərək, burada mifik “Böyük Ermənistan” xülyasını reallaşdırmaq idi.

Azərbaycanda mövcud olmuş alman koloniyalarının 1917-1918-ci illərdə ictimai-siyasi həyatına aid arxiv sənədlərini araşdırarkən erməni millətçilərinin nəinki Azərbaycan türklərinə, o cümlədən Azərbaycanda hələ 1818-ci ildə məskunlaşan alman kolonistlərinə də düşməncəsinə yanaşdığı, onlara qarşı silahlı basqınlar etməsi faktı üzə çıxır. Erməniləri almanlara qarşı təcavüzə sövq edən əsas iki amil var idi: birincisi erməni-azərbaycanlı münaqişəsində almanların erməniquldurlarını dəstəkləməməsi və hətta bəzi hallarda azərbaycanlıları müdafiə etməsi və ikinci, ermənilərin almanları öz yaşayış yerlərindən qovmaq, onların yüksək səviyyəyə malik təsərrüfatlarını, evlərini, geniş torpaq sahələrini, sənaye obyektlərini ələ keçirmək niyyəti.

Erməni-alman ziddiyyətləri hələ XIX əsrin əvvəllərindən mövcud idi. Erməni terrorçuları təkcə sadə kolonistlərə qarşı deyil, rəsmi dövlət nümayəndələrinə də hədə-qorxu gəlir, erməni terroruna qarşı ictimaiyyəti mübarizəyə çağıranları fiziki cəhətdən məhv edirdilər. Məsələn, erməni terrorçularının qatı düşməni, Yelizavetpol quberniyasının vitse-qubernatoru Andrey Filimonoviç Andreyev 1904-cü ildə qətlə yetirildi. Alman kolonistləri onun xatirəsini əziz tuturdular və dəfn mərasimində fəal iştirak etdiklərinə görə Yelizavetpol qubernatorunun vəzifələrini icra edən general-mayor Fleyşer tərəfindən onlara təşəkkürnamə elan edilmişdi. Bu insansevərlik alman-lüteran əhalisinə baha başa gəldi: 1905-ci ildə Cənubi Qafqazın alman koloniyalarının Ober-pastoru Makus Miller Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirildi.

Hələ 1904-cü ildə öz üzüm bağında erməni terrorçuları tərəfindən kolonist Qotlib Digel qətlə yetirilmişdir. 1905-ci ildə, yenə öz üzüm bağında kolonist Yakov Andrisin oğlu ermənilər tərəfindən yaralanmışdır. Ermənilərə məxsus üzüm bağının yanındakı yolla gedən zaman kolonistlər Xristian İmmanuelə və Henrix Mauerə ermənilər tərəfindən atəş açılmış, başından güllə yarası alan Henrix Mauer ölmüşdür. 1906-cı ildə “öz üzüm bağından evinə qayıdan kolonist Qotlib Frik yolda ermənilər tərəfindən öldürülmüşdür”. Yelenendorf koloniyasında (indiki Göygöl) keçirilən iclasın iştirakçıları hökumət orqanlarına müraciət edərək “onların bu cür terror aktlarından qorunmasını”, ümumiyyətlə erməni terroruna son qoyulmasını tələb edirdilər.

Terror fəaliyyətini həyata keçirmək üçün “Daşnaksütyun” partiyasının üzvləri müxtəlif yollarla – şantajla, hədə-qorxu ilə imkanlı alman iş adamlarından pul ödənişləri tələb edirdilər. Hətta bu məqsədlə alman koloniyasında yaşayan və yaxud alman müəssisələrində çalışan erməni əsilli işçilərdən də istifadə olunurdu. Məsələn, Yakov Qurrun mineral sular istehsal edən müəssisəsində satış üzrə agent vəzifəsində Qukasov adlı erməni çalışırdı. Qukasov Y.Qurrdan xəbərsiz “Daşnaksütyun” partiyası ilə sövdələşmə qurmuşdu. Daşnaklar Qurrdan böyük məbləğdə pul tələb etdilər və alman onlara qəti rədd cavabı verdi və kömək üçün çar hökumət orqanlarına müraciət etdi. Y.Qurrun hökumət orqanlarına müraciətindən sonra “Daşnaksütyun” partiyası 4 avqust 1907-ci il tarixdə onapartiyanın möhürü ilə təsdiqlənən ölüm cəzası kəsdi və sonradan Qurr “başqa millətin nümayəndəsi olduğuna görə ona çıxarılan ölüm hökmünü 2000 rubl pul cəriməsi ilə əvəz etdi”. Y.Qurra göndərilən məktubda daşnaklar göstərilən məbləği 7 gün ərzində Erməni Mərkəzi Komitəsinə ödəməyi tələb edirdilər. Əks halda Y.Qurru ölümlə hədələyirdilər. Ermənilərə pul ödəməkdən imtina edən Y.Qurr 14 avqust 1907-ci il tarixdə “erməni terrorçuları tərəfindən güllələndi”.

Yuxarıda qeyd etdik ki, almanlar 1905-1907-ci illərin erməni-azərbaycanlı münaqişəsində neytral mövqe tutmuş, heç bir tərəfin silahlı dəstələrində iştirak etməmişlər. Ancaq bununla yanaşı almanlar yaxşı başa düşürdülər ki, erməni quldur dəstələrinin özbaşınalığı çar hökumət dairələrinin gizli havadarlığı nəticəsində mümkün olmuşdur və bu münaqişədə almanlar, mənən, siyasi oyunların günahsız qurbanlarına çevrilmiş azərbaycanlı əhalinin tərəfində idi. Məhz bu səbəbdən alman kolonistləri ermənilərin azərbaycanlılara qarşı törətdikləri zorakılıq halları haqqında rəsmi orqanlara məlumat verir, “özbaşınalıq edən ermənilərin cəzalandırılmasını” tələb edirdilər.

1905-1907-ci illərdə erməni-azərbaycanlı münaqişəsi zamanı Yelenendorf koloniyası ətrafında yaşayan azərbaycanlılar erməni talanlarından qorunmaq məqsədi ilə öz əmlaklarını müvəqqəti saxlamaq üçün alman kolonistlərinə vermişdilər. Bu kimi faktlar alman əhalisinin erməni-azərbaycanlı münaqişəsində azərbaycanlılara dəstək olduğunu göstərir.

1907-ci ildən sonrakı dövrdə ermənilərin terrorçu fəaliyyətinin qarşısı qismən alınsa da, 1917-ci ilin yazından onların yenidən fəallaşması müşahidə olunurdu.

1917-ci ilin ikihakimiyyətlilik dövründə Cənubi Qafqazın ictimai-siyasi həyatında gərginlik var idi. Hakimiyyətin qətiyyətsizliyi ucbatından müxtəlif yönümlü erməni terror və milliyyətçi təşkilatları öz fəaliyyətini gücləndirmişdilər. Ölkədə hökm sürən sosial-iqtisadi, siyasi özbaşınalıq milli münasibətlərin də kəskinləşməsinə təsir göstərirdi. İlk öncə regionda Osmanlı dövlətindən gəlmiş xeyli erməni qaçqını cəmləşmişdi. Onlar 1915-ci ildə rus ordusunun hücumu zamanı vətəndaşı olduqları Osmanlı dövlətinə xəyanət etmiş, türk ordusuna qarşı çıxmış, Anadoluda türk-müsəlman əhalinin kütləvi soyqırımında iştirak etmişdilər. Osmanlı qoşunlarının əks-hücumundan sonra Cənubi Qafqaza qaçmağa məcbur olmuşdular və onların xeyli hissəsi (3 mindən artıq) Yelenendorf ətrafı ərazilərdə cəmləşmişdi. Erməni qaçqınları yerli Azərbaycan kəndlərinə basqınlar edir, onlara qarşı təcavüzkarcasına davranırdılar. Bölgədə yaşayan alman əhalisi də bu təcavüzkar hərəkətlərin hədəfinə çevrilirdilər. Məsələn, 1917-ci il aprelin 11-də koloniya komissarına ermənilərin Yelenendorfa hücumu haqqında məlumat çatdırıldı. Bu zaman koloniyada 2200 nəfər alman, 800 aysor mənşəli qaçqın yaşayırdı. Bundan savayı koloniyada Qafqaz atlı diviziyasının atıcı alayı qərarlaşmışdı. Bu alayın əsgərlərinin yerli kolonistlərlə münasibətləri heç də birmənalı deyildi. Yerli sakinlər hərbçilərə hörmətlə yanaşsalar da, arxiv sənədlərindən görünür ki, adı çəkilən alayın əsgərləri kolonistlərin təsərrüfatlarına ziyan vurur, “koloniyada özlərini ədəbsiz aparırdılar”.Koloniya ətrafında yaşayan və hətta başqa yerlərdən gələn ermənilər hərbçilərlə arasındakı münasibətlərin korlanmasına çalışır, kolonistləri rusların düşməni kimi göstərməyə can atırdılar. Qafqaz atlı diviziyasının atıcı alayının əsgərləri arasında təbliğat aparan, “İran təəbəsi, Arşak Vartazaroviç Arutyunov “alman kolonistlər tatarlarla, yəni azərbaycanlılarla birləşmişlər və ruslara, ermənilərə qarşı fəaliyyət göstərirlər” deyə əsgərləri almanlara qarşı zor tətbiq etməyə çağırırdı.

7 iyul 1917-ci il tarixdə Yelenendorf kənd komissarı Xristian Sayzerin yazdığı aktdan görünür ki, Bakı şəhər sakinləri Aqbel Ohancanyans arvadı və atıcı alayının əsgəri Ribalko ilə birlikdə kənd icraiyyə komitəsinə girərək guya ki, bir nəfər tatar tərəfindən rus əsgərinin öldürülməsi faktını söyləmişlər. Kənd komissarı azərbaycanlılara böhtan atan bu sərxoş şəxsləri İcraiyyə komitəsinin binasından bayıra atdıqdan sonra Ohancanyansın arvadı küçədəki əsgərlərə müraciət edərək “almanların şərab çəlləklərini dağıtmağa, almanlara qarşı qırğın törətməyə çağırmışdı”.

1917-ci ilin yayında Cənubi Qafqazda qanunsuz erməni silahlı dəstələrinin sayı durmadan artırdı. Onların silahla təchizatında dövlət orqanlarında çalışan erməni mənşəli məmurlar da müəyyən rol oynayırdılar. Arxiv sənədlərindən görünür ki, təkcə Yelenendorfda 1914-1916-cı illər ərzində 50 nəfər alman kolonistinin silahı müsadirə olunmuşdu və bu tədbir erməni mənşəli hökumət starşinası V.Məlik-Osipyanın rəhbərliyi ilə həyata keçirilmişdir. Kolonistlərin silahların qaytarılması haqqında ərizələri araşdırılan zaman məlum oldu ki, müsadirə olunan silahın yalnız bir hissəsi Yelizavetpol qəza idarəsinin arxivinə verilmişdi, qalan silahın harada olduğu məlum olmadı. Məlum olan o idi ki, bu silahlar V.Məlik-Osipyan vasitəsi ilə daşnaklara ötürülmüşdür.

Erməni silahlı quldur dəstələrinin azğınlığı Rusiyada 1917-ci ilin avqustunda başlayan növbəti hakimiyyət böhranı zamanı daha da artdı. Alman kolonistlərinin təsərrüfatlarına qarşı basqınlar törədilir, onların torpaqlarının və sair əmlaklarının ələ keçirilməsinə cəhdlər edilirdi. 1917-ci ilin avqustunda kornilovçuluq dövründə Rusiyada iqtisadi-siyasi xaosun, özbaşınalığın daha da artması Qafqaz almanları qarşısında öz şəxsi və ictimai təhlükəsizliyi təmin etmək məqsədi ilə silahlı özünümühafizə dəstələrinin yaradılması zərurəti yaratdı.

1917-ci il avqustun ikinci yarısında Qafqaz koloniyalarında yerli özünümüdafiə dəstələrinin yaradılması prosesi başladı. Bu iş Cənubi Qafqazda daha mütəşəkkil gedirdi. Qeyd etməliyik ki, müvəqqəti hökumət almanların bu tədbirinə bir qədər laqeyd yanaşırdı. Buna görə də, alman özünümüdafiə dəstələrinin yaradılması, rəsmi status alması, silahlandırılması prosesləri bəzən bir neçə ay davam etmişdir. Məsələn, Cənubi Qafqazın ən aparıcı koloniyası – Yelenendorfda hələ 10 avqust 1917-ci il tarixli iclasda “inqilabi işə sadiq şəxslərdən ibarət xalq milisinin yaradılması haqqında qərar qəbul edildi. Sənəddə göstərilirdi ki, “xalq milisinin yaradılmasının əsas məqsədi

kolonistlərin şəxsi və əmlak təhlükəsizliyini təmin etməkdir”. Sənəd qəbul edildikdən sonra onu real şəkildə həyata keçirmək kadr çatışmamazlığı ucbatından çətinliklə üzləşdi. Bu məsələni həll etmək üçün kolonistlərin orduda xidmət edən həmyerlilərindən 30 nəfərinin hərbi xidmətdən tərxis olunaraq yeni yaradılan xalq milisinə göndərilməsi xahişləri də bir nəticə vermədi.

Bu səbəbdən Yelenendorf kolonistləri 24 avqust 1917-ci il tarixdə növbəti iclas keçirərək “öz hesablarına xalq milisi təsis etmək haqqında” qərar qəbul etdilər və kolonistlər sırasından 14 nəfərin milisioner vəzifəsinə təyin olunması haqqında qətnamə qəbul etdilər. 24 avqust 1917-ci il tarixli iclasda adı çəkilən koloniya cəmiyyəti yuxarı dövlət instansiyalarına müraciət edərək xalq milisinə namizədlərin təsdiqlənməsini xahiş etdilər.

1917-ci ilin 25 oktyabr tarixində Müvəqqəti hökumət bolşeviklər tərəfindən ləğv edildi. 1917-ci il 16 dekabr tarixdə Yelenendorf kolonistlərinin ümumi yığıncağında “koloniyanı müdaxilələrdən qorumaq məqsədi ilə hərbi mühafizə dəstələrinin yaradılması haqqında” qərarın qəbul edilməsi və mühafizə dəstələrinin üzvlərinin siyahısının göstərilməsi bir daha təsdiqləyir ki, Müvəqqəti hökumət dövründə alman kolonistləri hərbi dəstələr yaratmağa müvəffəq olmamışlar.

İclas iştirakçılarının “Duxaborlar, molokanlar, müsəlmanlar və kolonistlər arasında münasibətlərin tənzimlənməsi üzrə Zaqafqaziya komissarlığının”nın nümayəndələri sədrinə göndərilən müraciətində koloniyanın yerli mühafizə dəstəsi üçün “lazımi sayda tüfənglərin və hər tüfəngə 250 patronun ayrılması haqqında sərəncam verilməsi” xahiş olunurdu.

Yerlərdə milli şuralar və milli komitələr milli təfəkkürlü insanları öz ətrafında birləşdirərək hakimiyyəti ələ alır, Cənubi Qafqazın bütün bölgələrində, o cümlədən almanların kompakt yaşadığı qəzalarda da İctimai Təhlükəsizlik Komitələri yaradılırdı. 27 dekabr 1917-ci il tarixdə “Alman milliyyətindən olan Rusiya vətəndaşlarının Ümumrusiya İttifaq”ının Yelizavetpol şöbəsinin yığıncağında Yelizavetpol Quberniya İctimai Təhlükəsizlik Komitəsinə “İttifaq”ın nümayəndəsi kimi Teodor Henrixoviç Hummel seçildi. Vilhelm Yakovleviç Qurr onun köməkçisi təyin olundu və zərurət yaranarsa onu əvəz edə bilərdi.

30 dekabr 1917-ci il tarixdə Yelizavetpol Quberniyası İctimai Təhlükəsizlik Komitəsi Alman milli Komitəsinə göndərdiyi teleqramda komitədən xahiş edirdi ki, “quberniyada qayda-qanun və normal həyatın bərqərar edilməsi kimi çətin işdə onlara öz köməyini əsirgəməsin”. Tiflisdə qərarlaşan “Alman milliyyətindən olan Rusiya vətəndaşlarının Qafqaz İttifaqı” 4 yanvar 1918-ci il tarixdə alman koloniyalarının icraiyyə komitələrinə göndərdiyi sərəncamda 18-50 yaşlı şəxslərin “Alman atıcı alayının rezerv tağımına çağırılmasını” tələb edirdi.

Alman atıcı alayının yaradılmasında əsas məqsəd Qafqaz almanlarının maraqlarının müdafiə olunması idi və bu hərbi hissə Cənubi Qafqazda gedən millətlərarası münaqişələrə qarışmaq niyyətində deyildi.

Alman əhalisini erməni dəstələrindən qorumaq məqsədilə 1917-ci iloktyabrın sonlarında Yelenendorfda azərbaycanlılardan ibarət Tatar süvari alayı yerləşdirilmişdi. 1914-cü ildə Qafqaz Hərbi Dairəsinin Baş komandanı qraf Vorontsov-Daşkovun təşəbbüsü ilə yaradılan bu alay Qafqaz yadelli atlı diviziyasının (“Vəhşi diviziya”) tərkibinə daxil idi və alaya general P.Polovtsev komandanlıq edirdi.

Qeyd edək ki, Tatar süvari alayı Cənubi Qafqaz alman koloniyalarının təhlükəsizliyinin qorunmasında mühüm rol oynamışdı və hətta kolonistlərə göstərdiyi yardıma görə alay Yelenendorf almanları tərəfindən 200 rubl mükafata layiq görülmüşdü.

1918-ci ilin yanvarında Qafqaz yadelli atlı diviziyasının buraxılması ilə əlaqədar Tatar süvari alayı Yelenendorfu tərk etməli oldu. Bunun əvəzinə koloniyada 107-ci Piyada alayının yerləşdirilməsi haqqında Yelizavetpol qubernatoru sərəncam verdi. “Alman millətindən olan Rusiya vətəndaşlarının Qafqaz ittifaqı” əksəriyyəti ermənilərdən ibarət olan bu alayın hərbçilərinin koloniyada yerləşdirilməsini etirazla qarşıladı – almanların fikrincə, milli və sosial münasibətlərdə gərginliyin son həddə çatdığı bir dövrdə hərbçilərin koloniyalarda yerləşdirilməsi alman əhalisinə qarşı müəyyən təxribatların yaranması üçün şərait yarada bilərdi.

Cənubi Qafqazda Ali hakimiyyət kimi tanınan İctimai Təhlükəsizlik Komitəsi əsasən rus və erməni mənşəli əsgərlərdən ibarət hərbi hissələrin xaotik şəkildə regiona qayıtmasını nəzarətə almağa cəhd edirdi. Qeyd edək ki, ermənilərdən ibarət belə hərbi alaylardan biri Yelizavetpol qəza komissarının köməkçisi Ter-Asaturovun sərəncamı ilə Yelenendorf koloniyasında yerləşdirilmişdi. Kolonistlərin narazılığına baxmayaraq, erməni hərbi birləşməsinin tam təminatı yerli almanların hesabına ödənilirdi. Erməni hərbi dəstəsinin koloniyada yerləşdirilməsi 1918-ci ilin fevralında koloniyada yaşayan və bura başqa yerlərdən gələn ermənilərin kolonistlərə silahlı hücumları, kolonistlərin qarət olunması üçün münbit şərait yaratdı. Erməni əsilli hərbçilərin və mülki şəxslərin azğınlığı haqqında Alman Milli Komitəsi dəfələrlə Erməni Mülki Komitəsinə öz narazılığını bildirmişdi.

Türk qoşunlarının Bakıya qədər irəliləməsi ehtimalından və bunun fonunda Bakıda müsəlman-türk əhalisinin, “Müsavat” partiyasının siyasi fəallığının artacağından təşvişə düşən Bakı Soveti, “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası artıq 1918-ci ilin martın ortalarından Azərbaycan Milli hərəkatına divan tutmaq, şəhərdə milli qırğın törətmək və Bakını türk-müsəlman əhalidən təmizləmək planları qururdu. “Əksinqilaba qarşı mübarizə” şüarı altında erməni daşnakları Bakı və ətraf qəzalarda yaşayan rus, alman, aysor və sair qeyri-müsəlman əhalini də bu qırğına cəlb etmək niyyəti ilə onlar arasında təxribat xarakterli təbliğat aparırdılar. 1918-ci ilin martın 30-da ermənilər tərəfindən azərbaycanlılara qarşı başlayan soyqırımı qəzalarda aprel-may aylarında da davam etmişdir. Arxiv sənədlərindən görünür ki, Cənubi Qafqaz almanları regionda 1918-ci il yaz aylarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktlarında neytral mövqe tutmuş, bəzi hallarda isə azərbaycanlı sakinləri ermənilərdən müdafiə etmişlər. Məsələn, 26 mart 1918-ci il tarixdə Yelenendorf komissarı Tabias Vakenqutun Erməni Milli Komitəsinə ünvanladığı raportda deyilirdi ki, silahlanmış bir qrup erməni kolonist Andrias Bekin “Ərəbli” adlı sahədəki üzüm bağında muzdlu qismində çalışan dörd nəfər İran azərbaycanlısına hücum etmiş “onları söyərək öldürmək istəmişlər”. Yalnız alman kolonistlərinin işə qarışması ilə İran təəbələrinin həyatını xilas etmək mümkün olmuşdur. Yelenendorf komissarının raportunda Erməni Mülki Komitəsindən tələb olunur ki, “onlar (ermənilər – İ.A.) Yelenendorfda yaşayan azərbaycanlı fəhlələrə toxunmasınlar, belə ki, onlar hamısı fəhləlik edirlər və başqa bir fikirləri, niyyətləri yoxdur”.

Hələ 1918-ci il mart ayının əvvəllərində alman kolonistləri ermənilərlə münasibətlərin gərginləşdiyini nəzərə alaraq, Yelizavetpol quberniyasının qərb ərazilərindəki bağ sahiblərini birləşdirən “Bağçılıq ittifaqı”nın yaradılması təşəbbüsü ilə çıxış etdilər. Tabeçilikdə olan əmlakın qorunması üçün “Bağçılıq ittifaqı” öz silahlı milis dəstəsini (“tarla milisini”) və cuvarlarını təyin etdi.

“Bağçılıq ittifaqı”nın sədri L.Stepanyans, katibi isə S.Petrosov idi. Rəhbərliyində ermənilər oturan bu “İttifaq” əslində Erməni Mülki Komitəsindən tam asılı vəziyyətdə idi və axırıncının göstərişlərini yerinə yetirirdi. Arxiv sənədlərindən göründüyü kimi, “Bağçılıq ittifaqı”na daxil olan erməni və alman əhalisinin məqsədləri tamamilə biri-birindən fərqlənirdi. Almanlar “İttifaq”a daxil olmaqla yaranan təsərrüfat məsələlərini, ən əsası isə təsərrüfat zəminində qonşu xalqlarla yaranan milli münaqişələrdən sığortalanmaq ümidində idilər. Onların fikrincə, “İttifaq” “ümumi təsərrüfat həyatı bir-biri ilə bağlı xalqlar arasında patsifikator rolunu oynamalı idi”. Ancaq hadisələrin gedişatı göstərir ki, regionda yaşayan xalqların təsərrüfat məsələlərində birləşməsi cəhdi əməli bir nəticə vermədi. 1917-ci ilin baharında erməni əhalisinin alman kolonistlərinə qarşı təxribat xarakterli hərəkətləri davam edirdi. Bəzən alman kolonistlərinin mühafizə dəstəsi erməni quldurlarına qarşı güc tətbiq etməli olurdular.

1918-ci ilin aprelin əvvəllərindən Murut, Azat və Çaykənddə məskunlaşan ermənilər “şüurlu şəkildə və sistematik olaraq” alman kolonist təsərrüfatlarına ziyan vurmaqda davam edirdilər. Erməni Mülki Komitəsi millətçi-daşnak dəstələrinin cinayətkar fəaliyyətini dəstəkləyir, koloniya rəhbərlərindən erməni silahlılarından “müsadirə olunmuş silahların və sair əşyaların Erməni Mülki Komitəsinə təhvil verilməsini tələb edirdi”.

1918-ci ilin mayında hadisələrin gedişatı göstərirdi ki, Zaqafqaziya Federasiyasında dağılma prosesi gedir. Zaqafqaziya Respublikasının dağılması ərəfəsində Cənubi Qafqazda milli münasibətlərdə yenidən gərginlik yarandı. B6 may 1918-ci il tarixdə Yelizavetpol şəhər sakinləri Vano Akopov, Qamayak Ter-Qukasov, Ruben Ovanesyan, Artyom Ohanov müxtəlif çaplı silahlarla Yelenendorf koloniyasına basqın etmişdilər. Bu hadisədən iki gün sonra erməni əsilli Zurnabad sakinləri Yelenendorf koloniyasının milis dəstəsinə hücum etmiş, nəticədə basqınçılardan biri yaralanmış, onlara məxsus silahlar və sair əşyalar müsadirə edilmişdi.

Silahlı erməni dəstələrinin alman kolonistlərinə basqınları 1918-ci ilin may-iyun aylarında da davam etmişdir. Ermənilərin məqsədi almanları öz yaşadıqları yerlərdən qovmaq, onların torpaqlarını, evlərini və sair əmlaklarını ələ keçirməkdən ibarət idi. Qeyd edək ki, Yelizavetpol quberniyasının qərb qəzalarında Türkiyədən və İrandan gəlmiş minlərlə erməni qaçqını məskunlaşmaqda davam edirdi və onlar alman koloniyalarına basqınlarda fəal iştirak edirdilər.

1918-ci ilin mayında Yelenendorfda erməni quldurlarının qarşısını kəsə biləcək ən real silahlı qüvvə Alman özünümüdafiə batalyonu idi. Erməni Milli Komitəsi erməni silahlılarının qanunsuz hərəkətlərinə bəraət qazandırmağa çalışır, baş verən silahlı toqquşmalarda ermənilərə qarşı həmişə qətiyyətli mövqe tutan alman milis batalyonunun komandiri Ruşitsi təqsirləndirirdi. Erməni tərəfi, həmçinin kolonistlərdən erməni əhalisi qarşısında üzr istəməyi, ermənilərin koloniyaları tərk etməsindən təəssüfləndikləri barədə müraciət etməyi tələb edir, baş verə biləcək münaqişələrdə Erməni Mülki Komitəsinin icazəsi olmadan “heç bir separat hərəkətlərə əl atmamağı” tövsiyə edirdi.

Bütün Cənubi Qafqaz miqyasında müzakirələrə səbəb olan erməni-alman qarşıdurması Yelenendorfda fəaliyyət göstərən lazaret ətrafında baş verdi. 1914-cü ildə alman kolonistlərinin vəsaiti hesabına yaradılan bu lazaret I Dünya müharibəsində yaralanan hərbçilər üçün nəzərdə tutulmuşdur. Sonralar “Ümumrusiya şəhərlər ittifaqının balansına keçən lazaret 1917-1918-ci ilin əvvəllərində tamamilə ermənilərin əlinə keçmişdi. 1918-ci ilin mayında lazaretə müdirliyi erməni əsilli doktor A.Əmirxanov həyata keçirirdi.Tədricən ermənilər lazaretə aid əmlakı – mebel, dərman ləvazimatı, tibbi alətləri, sarğı materiallarını qonşu Çaykənd və Çardaxlıdakı erməni lazaretlərinə daşıyırdılar. 10 may 1918-ci il tarixdə Yelenendorf kolonistlərinin lazareti koloniyaya qaytarmaq haqqında qərarı erməni-alman qarşıdurmasına səbəb oldu. Hətta iş o qədər mürəkkəbləşdi ki, Qafqaz atıcı alman alayının poruçiki Meybam və əsgərlər münaqişəyə müdaxilə etməli oldular ki, lazaretin talan edilməsinin qarşısını alsınlar.

Qeyd edək ki, lazaret ətrafında yaranan vəziyyət Tiflisdə Zaqafqaziya alman ittifaqının idarə heyətində də müzakirə edilmiş və almanların hərəkətinin qanunauyğun olduğu barədə qərar qəbul edilmişdir.

28 may 1918-ci il tarixdə Tiflis şəhərində Azərbaycan Milli Şurası Azərbaycanın istiqlaliyyəti haqqında Akt qəbul etdi və Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandı.

Respublikanın mürəkkəb beynəlxalq vəziyyəti, o cümlədən Cənubi Qafqaz regionunda baş verən siyasi hadisələr AXC hökumətindən təxirəsalınmadan daxili və xarici siyasət konsepsiyasının formalaşdırılmasını diktə edirdi. Əhalinin böyük bir hissəsinin azəri türklərindən ibarət olmasına baxmayaraq, statistik nöqteyi-nəzərdən Azərbaycan regionun ən polietnik dövləti idi və buna görə dövlət müstəqilliyinin möhkəmlənməsində düzgün milli siyasətin aparılması çox böyük əhəmiyyət kəsb edirdi. Milli siyasət sahəsində Azərbaycanda yaşayan milli azlıqların hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət yetirilirdi.Milli azlıqların dini etiqad azadlığının, onların öz mədəni və milli xüsusiyyətlərinin inkişaf etdirilməsinin təmin edilməsi gənc Respublikanın siyasi kursunun prioritet istiqamətlərindən biri idi. Hələ 1918-ci il 28 may tarixdə qəbul edilmiş, 6 maddədən ibarət Azərbaycanın istiqlаliyyəti haqqında Aktın 4-cü maddəsində deyilirdi: “Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər”. Həmin sənədin 5-ci maddəsində “Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan” verildiyi vurğulanırdı.

Azərbaycan hökuməti Gəncəyə iyunun 16-da köçmüşdü və onun fəaliyyəti hələlik başlanğıc mərhələsində idi. Hökumət ölkədə situasiyaya tam nəzarət edə bilmirdi. Belə bir mürəkkəb şəraitdə bir qrup alman kolonisti 1918-ci ilin iyunun əvvəllərində Yelizavetpolda olmuş alman generalı ilə görüşmüş, öz ağır vəziyyətləri barədə ona şikayətlənmişdilər. Bu hadisə ilə bağlı artıq 18 iyun 1918-ci il tarixdə ən yüksək səviyyədə şikayətçilər Gəncə qubernatoru tərəfindən qəbul edilmiş, Azərbaycan Cümhuriyyətinin alman əhalisinin problemlərinə biganə qalmadığı, mövcud problemlərin gələcəkdə həll ediləcəyi kolonistlərin nəzərinə çatdırılmışdır.

Azərbaycan hökumətinin fəaliyyətə başlaması ilə alman kolonistlərinə qarşı erməni quldur dəstələrinin cinayətkar basqınlarına son qoyuldu. Azərbaycanın alman əhalisinin azad iqtisadi, siyasi, mədəni quruculuq fəaliyyəti üçün imkan yaradıldı.

BIR CAVAB BURAXIN