Erməni milyarderlər Sərkisyana qarşı

0
568

 

“Ermənistan Sərmayəçilər Klubu” üzvlərinin əksəriyyətinin borcunu Rusiyada yaşayan erməni milyarder Samvel Karapetyan ödəyib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, klub üzvlərinin çoxunun Ermənistan parlamentindəki “Çiçəklənən Ermənistan” fraksiyasının başçısı, milyarder deputat Qaqik Tsarukyana milyonlarla dollar borcu olub.

Ötən gün Ermənistanın baş naziri Karen Karapetyan bildirib ki, S.Karapetyanın təşəbbüsü ilə yaradılan “Ermənistan Sərmayəçilər Klubu”nun bir milyard dollarlıq sərmayə proqramını tezliklə açıqlayacaq.

Amma ölkədə son zamanlar baş verən digər məsələlər kimi “Ermənistan Sərmayəçilər Klubu”nun yaradılmasının da Ermənistanı növbəti müddətdə kimin idarə edəcəyi ilə bağlı hakimiyyət dəhlizlərində gedən mübarizənin tərkib hissəsi olduğu şübhə doğurmur.

K.Karapetyan bununla həm hökumət başçısı postunda qalmağa iddiaçi olduğunu bildirəcək, həm də prezident Serj Sərkisyana qarşı mübarizənin başladğının anonsunu verəcək.

2018-ci ildən Ermənistan parlamentli idarəetmə üsuluna keçəcək. Gələn ilin aprelində isə ölkə prezidenti Serj Sərkisyanın səlahiyyət müddəti başa çatır. Ancaq o, baş nazir olmaq istəyini də gizlətmir. S.Sərkisyana yaxın olan şəxslərin çıxış və bəyanatlarından da bu qənaətə gəlmək mümkündür.

K.Karapetyan oktyabrın 26-da hökumətin iclasında ölkədə aparmaq istədikləri islahatların bir hissəsinin kağız üzərində qaldığını, yaxud verilən tapşırıqların qismən reallaşdığını deməklə baş verənlərə etirazını bildirib.

Onun sözlərinə görə, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülüb, planlar hazırlanıb: “Ancaq əhalinin bundan xəbəri yoxdur. Sahibkarlara isə bu islahatlarla bağlı tədbirlər və planlar çatdırılmayıb”.

Ona qarşı təbliğat kampaniyası davam edir. Ötən gün keçirilən mətbuat konfransında Karen Karapetyan bildirib ki, Davos İqtisadi Forumunda iştirak etmək üçün dəvət alıb. O, jurnalistin “Qərblə işləməyə hazırsınızmı” sualına cavab olaraq deyib: “ABŞ, Avropa İttifaqı, Britaniyanın səfirləri ilə fəal şəkildə işləyir. Məni rusiyayönlü siyasətçi sayırlar” Qərb perspektivdə mənim bu vəzifədə qalmağımda maraqlı deyil”.

K.Karapetyanı Avropa ölkələrinə səfər etməməkdə də günahlandırırlar. Davosa səfər isə onun baş nazir kimi Avropaya ilk ziyarəti olacaq. Ancaq o bu səfərə də Serj Sərkisyanla çıxacaq. Bu baxımdan Karen Karapetyanın Serj Sərkisyanın kölgəsindən hələ çıxa bilmədiyini də söyləmək olar.

Serj Sərkisyan ötən gün Rusiya KİV-inə ətraflı müsahibə verməklə təbliğatının ərazisini genişləndirdi.

Ermənistan mətbuatı Serj Sərkisyanın müsahibəsini klassik “təsərrüfat müdiri”nin (“zavxoz”) çıxışı adlandıraraq Karen Karapetyanın bu sahədə ondan artıq olmadığını vurğulayıblar. Erməni mütəxəssislər hesab edir ki, Karen Karapetyan Moskvaya çatdırmaq istəyir ki, orada Serj Sərkisyana “təsərrüfat müdiri” kimi baxırlar, əgər Davosa o gedərsə, Qərb tərəfdarı ilə işləyib əlaqə qurar.

Ermənistan KİV-i Karen Karapetyanın İrana səfərinin də mənasını hələ anlamadıqlarını yazır. O, Tehrana ziyarətinin yekunu ilə bağlı mətbuat konfransı çağırsa da, bu barədə heç nə demədiyini yazıblar.

K.Karapetyanın rusiyayönlü olduğu və milyardları federasiyanın sayəsində əldə etdiyi istisna edilmir. Ona görə də S.Sərkisyana qarşı mübarizədə o, Rusiyadakı milyarder “həmkarları”nın yardımından yararlanmağa cəhd göstərir. Elə “Ermənistan Sərmayəçilər Klubu”nun yaradılması buna misal ola bilər. Düzdür, S.Sərkisyan da bu klubdan faydalanmaq istəyir. Ancaq K.Karapetyanla Samvel Karapetyan arasında münasibətlərdən bu klubun daha çox indiki baş nazirin xeyrinə işləyəcəyi qənaətinə gəlmək olar. Bundan başqa, Qaqik Tsarukyan müxalifət sayılsa da, Serj Sərkisyanın “milyarderi” hesab olunur. Ona olan borcların Samvel tərəfindən alınması klubun Sərkisyana qarşı fəaliyyət göstərəcəyini ehtimal etməyə əsasə verir. Bu baxımdan milyarderlərin indiki prezidentə qarşı birləşdiyini söyləmək mümkündür. Ancaq baş nazirlik uğrunda yarışda S.Sərkisyanın, yaxud K.Karapetyanın qalib gəlməsindən asılı olmayaraq, onların xeyir-duasını Moskva verəcək, fəaliyyətləri ərzində daim üzərlərində Kremlin nəfəsini hiss edəcəklər.

BIR CAVAB BURAXIN