Ermənistana səfər edən Vladimir Putinin Paşinyana münasibəti çox saymazyana oldu

0
57

“Avrasiya İqtisadi Birliyinin İrəvanda keçirilən toplantısında Baş nazir Nikol Paşinyan özünün diletantlığını və səriştəsizliyini, bir çox məsələlərdə həddən artıq düşüncəsiz olduğunu sübut etdi. Hətta bir sıra dünya ldierləri onun bu hərəkətlərinə mat qaldılar desəm, yanılmaram. Deyərdim ki, o, bu toplantıda olan-qalan nüfuzunu da itirdi”.

Bu fikirləri Publika.az-a açıqlamasında politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Avrasiya İqtisadi Birliyinin İrəvanda baş tutan növbəti sessiyası haqqında fikirlərini bölüşən politoloq bildirib ki, Nikol Paşinyanın baş nazir seçilməsindən bəri ilk dəfə Ermənistana rəsmi səfər edən Rusiya prezidenti Vladimir Putinin ona münasibəti çox saymazyana oldu: “Ayaqüstü görüşün keçirilməsi də buna bariz sübutdur. Ayaqüstü görüş zamanı hər hansı fundamental məsələnin müzakirəsini edib, müəyyən nəticələrə gəlmək mümkünsüzdür. Belə görüşlər, ən yaxşı halda, nəzakət xatirinə keçirilir. Çünki ev sahibliyini Ermənistan edirdi və bu ölkənin Baş naziri kimi Paşinyan Avrasiya İqtisadi Birliyinin aparıcı gücü olan Rusiyanın prezidentindən, heç olmasa, iltifat xatirinə salam-əleyk almalı idi”.

Qabil Hüseynli xatırladıb ki, bu gün Soçidə Avrasiya İttifaqından heç də geridə qalmayan “Valday” elmi-intellektual diskussiyası keçirilir: “Bu görüşə Azərbaycan Prezidenti İlham Əliyev də dəvət olunub. Bu dəvət İlham Əliyevin böyük nüfuza malik olmasının göstəricisidir. Diskussiya çərçivəsində ölkə başçımızın Vladimir Putinlə ikili görüşü də nəzərdə tutulub. Açığı, bu görüşdə Azərbaycan tərəfi bölgədə vəziyyəti bütün kəskinliyi ilə Putinə çatdırmaq niyyətindədir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına dair danışıqların dalana dirənməsi, Ermənistan siyasi rəhbərliyinin beynəlxalq diplomatik qaydalara uyğun olmayan bəyanatları və davranışları, yəqin ki, görüşdə müzakirə olunacaq. Putin Minsk qrupunun həmsdər ölkələrindən birinin prezidentidir, amma bu bölgə, eyni zamanda, keçmiş Sovet İttifaqına daxil olduğuna görə burada Putinin nüfuzu və siyasəti daha çox əhəmiyyətə malikdir. Bu səbəbdən də Azərbaycan tərəfi Putinin qarşısında kəskin məsələlər qoymaq niyyətindədir. Söhbət, ən azından, yeddi rayonun tezliklə geri qaytarılması və Azərbaycan tərəfinin hərbi gücdən istifadə edə biləcəyi barədə səsləndirdiyi fikirlərdən gedir”.

Politoloq qeyd edir ki, Ermənistanın, nəinki, Dağlıq Qarabağı, hətta onun ətrafında işğal edilmiş rayonları da qaytamaq fikrində olmaması heç kimə sirr deyil: “Hələ bir meydan oxuyan tərzdə “gücünüz varsa, gəlin və alın” deyir. Bununla yanaşı, Ermənistan çox yaxşı dərk edir ki, Azərbaycanın Dağlıq Qarabağı və yeddi rayonu qaytarmaq üçün kifayət qədər gücü var. Bu məsələni bir neçə gün ərzində həll edə bilər. Sadəcə olaraq, arxayındırlar ki, bölgədə hərbi qarşıdurmanın baş verməsinə Rusiya mane olacaq. Bunu İrəvanda olarkən Rusiyanın Xarici işlər naziri Sergey Lavrov da açıq şəkildə bəyan etdi ki, ölkəsi bölgədə hərbi münaqişənin baş qaldırmasına imkan verməyəcək. Çox ziddiyyətli bir hal var. O baxımdan ki, Rusiya həm həmsədr dövləti kimi bölgədə sülh yaratmaq istəyir, digər tərəfdən isə sülhün yaradılması üçün hər cür danışıqlardan imtina edilir. Yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürür. Bununla da danışıqlar prosesi pozulur. Beynəlxalq qurumlar da bu məsələdə hələ ki, fəallıq nümayiş etdirmirlər. Xüsusilə, Birləşmiş Millətlər Təşkilatından xüsusi dəstək gözləyirik. Çünki ATƏT-in Minsk qrupunu yaradan və bu təşkilata bu mandatı verən də elə BMT-dir.

Açığı, mən Dağlıq Qarabağ və bölgənin durumu ilə bağlı narahatlıq keçirirəm. Əhalidə də bu narahatlıq hissini duymamaq mümkün deyil. Ona görə mən güman edirəm ki, ölkə prezidenti cənab İlham Əliyev Putinlə görüşlərində Dağlıq Qarabağ məsələsini çox açıq və bütün tərəfləri ilə onun diqqətinə çatdıracaq”.

Sabiq dövlət müşaviri yanvarda Putinin nümayəndəsi Nikolay Patruşevin həm Ermənistana, həm də Azərbaycana səfərini xatırladıb: “Səfər zamanı onun təklifləri beş rayon ətrafında fırlansa da, Ermənistan tərəfi hər hansı bir torpaq geri verilməsinin müzakirə mövzusu olmadığını bildirdi. Bir sözlə, bölgə təhlükəli məqama daxil olub. Burada Rusiyanın kifayət qədər məsuliyyəti var. Azərbaycan xalqı və həmsədrlər yaxşı başa düşür ki, bölgədə bu cür xoşagəlməz vəziyyətin yaranmasında bir məsuliyyət daşıyan tərəf varsa, o da Rusiyadır. Rusiya öz imicini bərpa etmək üçünsə daha ciddi səy göstərməlidir”.