“Ermənistan “erməni soyqırımı”nı unutduğu vaxtda yalnız iki paytaxt qeyd etdi”

0
255

“Erməni soyqırımı”nın 103-cü ildönümü Ermənistanda  formalaşmış ənənə əsasında qeyd edilmədi. Səbəb ölkədəki mitinqlərdir. “Erməni soyqırımı” mövzusunun ermənilər üçün heç də ən vacib məsələ olmadığı da bəlləndi”.

Bunu politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, ABŞ, Fransa və Rusiyanın paytaxtlarında “erməni soyqırımı” qeyd edilmədi: “Moskva erməniləri aprelin 24-ü ərəfəsində Yerevanda müxalifətin  mitinqlərinə dəstək aksiyası barədə cəhdlər göstərdilər. Ənənəvi qaydada, məşəl yürüşü ilə Türkiyə səfirliyinin qarşısında aksiya keçirmək yalnız İran İslam Respublikasının paytaxtı Tehranda və Gürcüstanın paytaxtı Tbilisidə müşahidə olundu. Gürcüstan demokratik dövlətdir. Müəyyən bir qrup əhalinin xarici siyasət məsələlərində fərqli düşüncəyə malik olması mümkündür. İranda ermənilər hər şeyi rəsmilərlə razılaşdırırlar. Bu həm hakimiyyətin total nəzarəti ilə, həm də ermənilərin fəaliyyət prinsipi ilə bağlıdır. Ermənistanın “erməni soyqırımı” kimi ümummilli məsələni unutduğu vaxtda Tehran və Tbilisidə bu aksiyaların keçirilməsi həmin dövlətlərin ermənlərlə xüsusi münasibətlərinin olduğunu sübut etdi”.

Politoloq qeyd edib ki, İran və Gürcüstan Dağlıq Qarabağ tənzimlənməsinə real tövhə verə bilərlər: “Gürcüstan erməni və azərbaycanlı vətəndaşlarının birgə yaşayışını dünyaya nümayiş etdirə, Azərbaycan və Ermənistan prezidentlərin görüşü üçün təşəbbüs irəli sürə bilər, amma etmir. Ola bilər, Ermənistan-Azərbaycan münaqişəsinin davamında Gürcüstanda müəyyən dairələr maraqlıdır. İran Dağlıq Qarabağ münaqişəsində regionun yeganə qonşusudur. İran erməniləri  bundan Dağlıq Qarabağ ermənilərinə dəstək məqsədilə istifadə edir. Erməni Apostol Kilsəsinin Tehran yeparxiyasının başçısı Sepux Sərkisyanın Dağlıq Qarabağa dəfələrlə səfərləri bunun bariz sübutudur. Gürcüstanda savadlı siyasətçilərin olduğu bəllidir. İran siyasətçilərinin və diplomatların savadlı və məntiqli olmasını arzulayırıq. Hər iki dövlətin rəsmiləri bilirlər ki, ermənilər üçün Dağlıq Qarabağ problemi “erməni soyqırımının” tanınması mövzusundan sonrakı yerdədir. Əgər ermənilər çətin vəziyyətdə “soyqırım” mövzusunu unudublarsa, deməli Qarabağ məsələsini də unutmuş kimidirlər”.

“Hər iki dövlətin rəsmilərinin, xüsusilə İranın diqqətini ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyətinə dair ənənəvi illik hesabatlarına  yönəltmək istərdik”, – deyən M. Əhmədoğlu əlavə edib ki, 2018-ci ilin aprelində  yayılmış hesabatın həm Azərbaycan, həm də Ermənistan bölmələrində Dağlıq Qarabağ tənzimlənməsinə dair tezis var: “Ermənistanın dəstəklədiyi separatçılar Dağlıq Qarabağ və Azərbaycanın digər rayonlarını nəzarət altında saxlayırlar”. ABŞ bu tezisdən 10 ildən çoxdur istifadə edir. ABŞ-dakı ermənilər İran və Gürcüstan ermənilərindən daha güclüdür. Bəlkə İran və Gürcüstan XİN-lərini bu tezisdəki “nəzarət” sözünü “işğal”sözü ilə əvəzləyib yaysınlar?! Dağlıq Qarabağ münaqişəsi başlayanda Azərbaycanın dövlət olacağı şübhə yaradırdı. Bu gün həm İran, həm də Gürcüstanla gördüyü işlər nəticəsində Azərbaycan dünya miqyasında olan dövlətə çevrilib. Kimlərsə bunu mətbuatdan oxuyursa, İran və Gürcüstan bunu əyani şəkildə bilir. Azərbaycan daha da inkişaf edəcək, Qarabağ problemini həll edəcək, Ermənistanla münasibətlərini normallaşdıracaq. O zaman Ermənistan İran və Gürcüstanın siyasətləri barədə Azərbaycana daha çox məlumat verəcək”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × two =