Elçin Şıxlı: ‘’KİV haqqında qanun’dan daha heç nə qalmayıb’`

0
596

Milli Məclis “Kütləvi İnformasiya Vasitələri haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlara dəyişiklik etməyə hazırlaşır.

Təklif qəbul edilərsə, jurnalistlər dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparılan ərazilərdə sərbəst fəaliyyət göstərə bilməyəcəklər, onların fəaliyyət dairəsini əməliyyat aparan qurum müəyyənləşdirəcək.

Bu dəyişikliklə bağlı media çevrəsində iki mövqe var. Bir qrupun fikrincə, məqsəd – media mənsublarının informasiya əldə etmək hüququnu məhdudlaşdırmaqdır. Başqa bir qrup düşünür ki, belə əməliyyatlar həyata keçirilərkən, jurnalistlərin fəaliyyətinə bəlli çərçivə qoyulması normaldır.

 

“Əsas məsələ təcrübədə necə tətbiq olunacağıdır”

Hüquqşünas Xalid Ağəliyevin sözlərinə görə, təcrübədə də belədir ki, hüquq-mühafizə orqanları hər hansı əməliyyat keçirərkən, ordan informasiya əldə edilməsi qaydaları xeyli fərqli olur. Jurnalistlərin əməliyyat yerinə sərbəst giriş-çıxışı əngəllənir:

“Ümumilikdə informasiya azadlığı hüququ mütləq hüquq deyil. Ona hər hansı müdaxilə edilə, müxtəlif durumlarda informasiya əldə edilməsi məhdudulaşdırıla bilər. Bu istər bizim qanunlarda var, istərsə tərəfdaş çıxdığımız beynəlxalq müqavilələrdə, o sıradan Avropa İnsan Haqları Konvensiyasında. Amma burda bir məqam var: Jurnalistlərin informasiyaya çatımı məhdudlaşdırılarkən buna qanuni əsas olmalıdır. Məsələn, jurnalistin informasiya toplarkən, milli təhlükəsizliyin və başqalarının hüquq və azadlıqlarının qorunması kimi şərtlərə əməl etməlidir. Yəni bu dəyişikliyin əsası var”.

Amma Xalid Ağaəliyev necə tətbiq ediləcəyindən, sui-istifadə hallarına yol verilib-verilməyəcəyindən narahatdır:

“Bizdə belə bir narahatlıq var ki, hər hansı əməliyyat keçirilərkən, həmin ərazi qapalı saxlana və heç bir informasiya verilməyə bilər. Məsələn, ötən il Nardaranda keçirilən əməliyyat zamanı olduğu kimi. Və ya bir neçə il öncə Quba, İsmayıllı hadisələri zamanı xeyli cəhdlər oldu ki, informasiya qapalı dairədən çıxmasın. Yəni bu dəyişikliyin təcrübədə necə tətbiq ediləcəyi ilə bağlı narahatlıq olması normaldır”.

 

Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həyatını itirib. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs olunduğunu bildirib.

Güc qurumlarının keçirdiyi əməliyyatdan sonra qəsəbəyə giriş-çıxış məhdudlaşdırılmış, jurnalistlərin çəkiliş aparması yasaqlanmışdı.

Elçin Şıxlı: “Onsuz da məhdudlaşdırılıb, indi də rəsmiləşdirirlər”

“Ayna” qəzetinin redaktoru Elçin Şıxlının fikrincə, qanuna dəyişiklikdən məqsəd – jurnalistlərin informasiya əldə etmək hüququnu məhdudlaşdırmaqdır. “Onsuz da məhdudlaşdırılıb, indi də rəsmiləşdirirlər, sadəcə. Nardaranda 10-12 il əvvəl də əməliyyat aparılarkən, giriş-çıxış məhdudlaşdırılmışdı. Amma o zaman bizim uşaqlar kəndə girə bilir, görüşürdülər. İndi o həvəs də yoxdur. Tamam başqa şəkil alıb hər şey”.

Elçin Şıxlı KİV haqqında qanunun tez-tez dəyişdirilməsinə təəssüflənir: “KİV haqqında qanundan daha heç nə qalmayıb. Bu da normal deyil. Qanun qəbul edəndə, heç olmasa, 15-20 il işləməlidir, yoxsa qəbul olunur, sonra beş gündən bir düzəliş edilir. Bu da ya qanunun normal hazırlanmaması ilə bağlıdır, ya da siyasi konyunktura uyğun olaraq dəyişdirmək məsələsidir”.

Xalid Ağəliyev də son illər KİV qanunvericiliyinə, özəlliklə informasiya əldə edilməsi və ifadə azadlığı ilə bağlı qanunvericiliyə dəyişiklikləri “anormal hal” sayır.

BIR CAVAB BURAXIN