Dünyanın məşhur futbolçuları: Devid Bekhem (2)

0
570

1993-1994-cü illər mövsümündə Devid Bekhem “Mançestr Yunayted” komandasının əvəzedici heyətində çıxış etdi. Əslində Devid Bekhem “Mançestr Yunayted” komandasının əsas heyətində oynamağa layiq olduğunu çoxdan sübuta yetirmişdi. Lakin həmin dövrdə “Mançetr Yunayted” komandasında adlı-sanlı futbolçular çox idi və baş məşqçi gənc Bekhemə əsas heyətdə oynamaq şansı verməyə ehtiyat edirdi. Bununla belə, 1994-1995-ci illər mövsümündə, belə demək mümkünsə, bəxt Devidin üzünə güldü və onu əsas heyətdə oynatmağa başladılar. 1994-cü ilin dekabr ayının 7-də Çempionlar liqasında Devid Bekhem “Mançestr Yunayted” komandasının əsas heyətində “Qalatasaray”a qarşı oyunda meydana çıxdı. Oyun 4:0 hesabı ilə ingilis komandasının xeyrinə başa çatdı. “Qalatasaray”ın qapısına vurulan qollardan birinin isə müəllifi Devid Bekhem oldu. Amma həmin il Çempionlar liqasının qrup mərhələsində “Mançestr Yunayted” növbəti mərhələyə çıxa bilmədi. “Qalatasaray”ın qapısına qol vurmasına baxmayaraq “qırmızı şeytanlar”ın baş məşqçisi ser Ferqyuson tam şəkildə Bekhemə inana, etibar edə bilmirdi. Ona görə də oyun təcrübəsini artırması üçün bu dəfə Ferqyuson Bekhemin “Preston Nort End” klubuna verilməsini daha məqsədəuyğun hesab etdi. “Preston Nord end” klubunda 5 oyunda meydana çıxan Devid Bekhem rəqib qapılarından iki top keçirdi. 1995-ci ilin yazında Bekhem yenidən “Mançestr Yunayted” komandasına qayıtdı.

Əsas heyətdə möhkəmlənir

1995-1996-cı il mövsümünün açılış oyununda əsas heyətdə meydana çıxan Devid Bekhem “Mançestr Yunayted” komandasının “Uimbldon”la oyununda meydanın mərkəzindən əla zərbə ilə qol vurdu. Həmin il Devid Bekhemin gözəl oyunu dərhal diqqəti cəlb etdi və onu İngiltərə yığma komandasının əsas heyətinə dəvət etdilər. İngiltərə yığma komandasının heyətində Devid Bekhem ilk oyununa sentyabr ayının 1-də Kişinyovda Moldova yığması ilə oyunda meydana çıxdı. Bu oyunda Bekhem qol vurmasa da, gözəl oyunu ilə yadda qaldı. Bundan sonra Bekhem İngiltərə yığma komandasının heyətinin daimi oyunçusuna çevrildi və onun ünvanına çoxlu təriflər yağdırmağa başladılar. Bekhem eyni zamanda gözlənilmədən “Mançestr Yunayted” komandasını tərk edərək “Everton” komandası ilə anlaşma imzalayan Kançelskisin yerinə əsas heyətdə daimi olaraq çıxış etməyə başladı. Əsas heyətdə oynamaqdan ruhlanan Devid Bekhem “Mançestr Yunayted”də meydana çıxdığı oyunlarda biri-birindən gözəl qollar vurmağa başladı. Liqa kubokunun yarımfinal oyununda “Çelsi”nin qapısna standart vəziyyətdən vurduğu olduqca gözəl qol isə uzun müddət dünya futbolunda dönə- dönə xatırlanan idman hadisələrindən birinə çevrildi. 1996-1997-ci ilmövsümünü, belə demək mümkünsə, “Mançestr Yunayted” komandasının əsas heyətində birnəfəsə keçirən və gözəl oyunu ilə azarkeşlərin rəğbətini qazanan Bekhem tanınmış futbol mütəxəssiləri tərəfindən ən perspektivli gənc oyunçu kimi təriflənməyə başladı. Nəticədə Devid Bekhem “Mançestr Yunayted” komandasının azarkeşləri arasında keçirilən rəy sorğusunda ilin ən yaxşı gənc futbolçusu elan edildi. Bekhemin yüksək səviyyəli oyunu və vurduğu gözəl qollar nəticəsində “Mançestr Yunayted” 1996-1997-ci il mövsümündə İngiltərə çempionu oldu. Növbəti mövsümdə Devid Bekhemin vurduğu qollar sayəsində “Mançestr Yunayted” Çempionlar Liqasının yarımfinalına qədər gedib çıxa bildi. Lakin 1997-1998-ci il mövsümündə “Mançestr Yunayted” komandası çempion titulunu qoruyub saxlaya bilmədi. Devid Bekhemin komandası çempion titulunu “Arsenal”a uduzdu və bunun ardınca İngiltərə kubokunda da məğlub olaraq öz çıxışını dayandırmağa məcbur oldu. Çempionlar liqasının oyunlarında da “Mançestr Yunayted” komandası uğursuzluğa düçar oldu. Bekhemin komandası Çempionlar liqasının dörddəbir oyununda ” Monako”ya uduzaraq növbəti mərhələdə oynamaq imkanını əldən verdi. Ümumiyyətlə, 1997-1998-ci il mövsümü həm Devid Bekhem, həm də “Mançestr Yunayted” komandası üçün ən uğursuz illərdən biri kimi yadda qaldı. Bekhemin həmin mövsümdə yeganə təsəllisi İngiltərə yığma komandasının heyətində dünya çempionatında iştirak etmək oldu.

Dörtqat qalib

1997-ci il Bekhemin həyatında daha bir əlamətdar hadisə ilə yadda qaldı. O, “Spice Girls” qrupunun üzvlərindən biri olan və çoxlarını gözəlliyi ilə özünə heyran edən Viktoriya ilə tanış oldu. Onların bu tanışlığı 1999-cu ildə rəsmi ailə qurmaları ilə nəticələndi.

1999-2000-ci il mövsümü Devid Bekhem üçün daha uğurlu oldu. Məşhur futbolçu “Mançestr Yunayted” komandasının heyətində həmin mövsümdə 4 fəxri mükafatın sahibi oldu. Bekhemin “Mançestr Yunayted” komandası həmin mövsümdə əvvəlcə İngiltərə çempionu oldu, sonra İngiltərə kubokunu qazandı. Bunun ardınca “Mançestr Yunayted” komandası Çempionlar Liqasında qalib gəldi və Qitələrərası kubok uğrunda mübarizədə də rəqiblərini məğlub edərək fəxri mükafatın sahibi oldu.

1999-cu ildə Bekhemin oğlu Bruklin dünyaya gəldi. 1999-2000-ci il mövsümündə Devid Bekhem Avropanın ən yaxşı ikinci oyunçusu seçildi. O, Rivaldodan sonra dünyanın ikinci ən yaxşı oyunçusu elan edildi. Amma Bekhemin qeyri-adi saç formasında meydana çıxması onun sərt şəkildə tənqid edilməsinə gətirib çıxarmışdı. Mətbuatda onun belə qeyri-adi saç forması çoxlu mübahisələrə və müzakirələrə yol açmışdı. Bundan əlavə, 1999-2000-ci il mövsümündə Devid Bekhemlə “Mançestr Yunayted” komandasının baş məşqçisi ser Aleks Ferqyuson arasında narazılıq əmələ gəldi. Buna da səbəb məşhur futbolçunun Ferqyusonsdan maaşının artırılmasını tələb etməsi oldu. Ferqyuson futbolçunun maaşının artırırmasına razılıq vermir, bunun hələ tez olduğunu söyləyirdi. Onlar arasında narazılıq tədricən dərinləşməyə başlayırdı. Buna baxmayaraq, 2000-2001-ci il mövsümündə Devid Bekhem vurduğu gözəl qollar ilə “Mançestr Yunayted” komandasının ölkə çemionu titulunu qazanmasında önəmli pay sahibi oldu.

2002-2003-cü illər mövsümündə Bekhem “Mançester Yunayted” komandasının heyətində 31 oyunda meydana çıxdı və rəqib qapılarından 6 top keçirdi. Bu mövsüm Devid Bekhemin “Mançester Yunayted”in heyətində keçirdiyi sonuncu mövsüm oldu. Həmin dövrdə Devid Bekhemə bir çox məşhur futbol klubları, o cümlədən Madridin “Real” komandası böyük maraq göstərirdilər. Onlardan bəziləri yeni 2003-2004-cü il mövsümündə Devid Bekhemin transferi üçün hərəkətə keçdilər.

Devid Bekhem “Real” Madirddə

Devid Bekhemlə ciddi şəkildə maraqlanan komandalardan biri də İspaniyanın Madrid şəhərinin “Real” futbol komandası

idi. Komandanın prezidenti “Real”ı dünyanın ən yaxşı futbol komandası kimi gələcəkdə də tanınmasını istəyirdi. Bu məqsədlə “Real” Avropanın güclü futbol klublarında oynayan tanınmış futbolçuları transfer etməyə başladı. Bu müstəvidə də “Real”ın rəhbərliyi Devid Bekhemin transferi ilə bağlı “Mançester Yunayted” prezidenti ilə danışıqlar aparmağa başladı. Devid Bekhemlə maaş məsələsi ilə bağlı aralarında narazılıq olan Aleks Ferqyuson məşhur futbolçunun transferinə etiraz etmədi. Digər tərəfdən də Bekhemin transferinə “Real” rəhbərliyi o dövr üçün rekord məbləğ hesab edilən 35 milyon avro təklif etmişdi. Öz növbəsində “Mançester Yunayted” rəhbərliyi belə böyük transfer məbləğindən vaç keçməmək qərarına gəldi. Nəticədə Devid Bekhem 35 milyon avroya “Real” komandasına transfer oldu.

Bekhem Madridin “Real” komandasının heyətində ilk oyununa 2003-cü il avqust ayının 27-də superkubok oyununda meydana çıxdı. O, “Malyorka” ilə superkubok oyununda hesabı açdı, oyunun 73-cü dəqiqəsində isə özünün ikinci, komandasının isə üçüncü qolunu vuraraq Madrid klubunun 3:0 hesabı ilə qələbə çalmasını təmin etdi. Ölkə çempionatının ilk oyununda meydana çıxan Bekhem matçın 3-cü dəqiqəsində qol vuraraq La Liqada qol hesabnı açmış oldu. La Liqanın ilk 16 oyununda Bekhem rəqib qapılarından 5 qol keçirdi. Amma 2003-2004-c il mövsümü “Real” Madrid üçün heç də uğurlu olmadı. Madrid komandası La liqada 4-cü yeri tutdu. Üstəlik, “Real” “Kral kubokunun finalında “Saraqosa” komandasına 2:3 hesabı ilə məğlub oldu. Bu oyunda hesabı Bekhem açsa da, “Real” qələbəni sona kimi qoruyub saxlaya bilmədi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN