Dünyanı sarsıdan Notr-Dam kilsəsi – Qaranlıq məqamlar

0
697

Dünyanın ən məşhur tarixi abidələrindən olan Paris Notr-Dam kilsəsinin böyük bir hissəsinin dünən yanması bütün dünyada böyük üzüntü ilə qarşılanıb.

Daha çox böyük fransız yazıçısı Viktor Hüqonun “Notr-Dam kilsəsi” romanı ilə xatırlanan bu əzəmətli tikilinin bir sıra özəllikləri var.

Arazinfo.com kult.az-a istinadən Notr-Dam kilsəsi haqqında yazını təqdim edir:

Kilsənin qızılgül pəncərələri

Notr-Dam kilsəsi Parisin II Jan-Pol meydanında yerləşir. Qotik üslublu kilsənin inşasına 1163-cü ildə Paris yepiskopu Moris de Süllinin təşəbbüsü ilə başlanılıb. Kilsənin tam inşası 1345-ci ildə başa çatıb.

Kilsədə həm erkən qotik memarlıq üslubu, həm də XIII əsr qotik memarlıq üslubu cəmlənib. Transeptin hər iki tərəfindəki qızılgül pəncərələri öz həcmlərinə görə Avropada ilk sıradadır. İnşası tamamlananda bu kilsə qərbin ən böyük kilsələrindən biri olub.

İnqilablardan sonra 1844-1864-cü illərdə arxitekt Violle-le-Dükün rəhbərliyi altında kilsə restavrasiya olunub və yeni motivlər əlavə edilib.

Öz memarlığı ilə fərqlənən kilsə kralların tac geyindiyi Reyms Notr-Dam kilsəsi, Amyen Notr-Dam kilsəsi və Bove Notr-Dam kilsələri ilə müqayisə edilir.

Tarixi hadisələrə şahidlik

Bu kilsə Napoleonun tacqoyma mərasimi, Bordo hersoqunun xaç suyuna salınması, Adolf Tier və Sadi Karnonun dəfn mərasimləri kimi tarixi hadisələrə şahidlik edib.

1853-cü il yanvarın 30-da III Napoleonun nikah mərasimi Notr-Dam kilsəsində baş tutub.

1944-cü ildə Parisin azad edilməsi günündə general Şarl de Qollun hüzurunda kilsədə Maqnifikat sərgilənib.

1931-ci il fevralın 11-də Parisdə sürgün həyatı yaşayan meksikalı intellektual gənc kilsənin mərkəzində, 2013-cü il mayın 21-də isə yazıçı Dominik Venner qurbangah qarşısında özünü vuraraq intihar edib.

Hüqo kilsəni necə “diriltdi”

XIX əsrin 70-ci illərində Paris Kommunası kilsənin dağıdılması barədə qərar verib. Kommuna nümayəndələri skamya və stullara atəş açıb, kilsəni yandırmağa çalışıb, lakin ciddi bir ziyan vura bilməyib.

Viktor Hüqo “Paris Notr-Dam kilsəsi” romanını yazıb və bu roman çox böyük şöhrət qazanıb. Romanın yazılmasında əsas məqsəd kilsəyə olan diqqəti artırmaq idi. Əsərdə həmçinin kilsənin dağıdılması, xəzinəsinin talanması, pəncərələrinin qırılması və baş yepiskopların öldürülməsi məsələlərinə xüsusi diqqət çəkilir.

Bu əsər kilsəyə böyük maraq yaradır. Viktor Hüqonun romanı ölümcül vəziyyətdə olan tarixi abidəyə yeni həyat verilir. Bundan sonra kilsə təmir edilir, tikiliyə memarlar tərəfindən yeniliklər əlavə edilir.

850 illik təmir

Bütün çətinliklərə rəğmən, kilsə iki dünya müharibəsindən sağ-salamat çıxır.

Kilsənin 850 illik yubileyi münasibətilə böyük işlər görüldü. Bəzi yerlər yenidən restavrasiya edildi, axşam ziyarətləri və konsertlər üçün şərait yaradıldı. 2013-cü ildə böyük orqanın idarə edilməsi tamamilə kompüterləşdirildi. 2014-cü ildə isə kilsədəki 12 min boru təmizləndi. Yeni qapı kilidləri və xüsusi naqillər quraşdırılmış yanğından mühafizə sistemi quruldu.

Naqillər kilsənin dizaynını pozmasın deyə gizlədildi.

Beləliklə kilsəyə orta əsrlərdəki görünüşünə oxşar görünüş verildi.

Xalqın pulu ilə təmir edilən kilsə

2017-ci ildə kilsənin baş yepiskopu yenidən restavrasiya üçün 20 il müddətində 100 milyon avroluq məbləğin yığılması ilə bağlı çıxış etdi.

10 milyon avro işçilər üçün, 10 milyon avro kilsənin yanında müqəddəs yer üçün, 20-30 milyon avro isə su arxlarının dayaqlarını gücləndirmək üçün nəzərdə tutulmuşdu.

Kilsə ilə bağlı müəyyən qaranlıq məqamlar da var. Belə ki, qazıntılar bu tikilinin memarlıq tarixini tam olaraq müəyyən etməyə imkan vermir.

Kilsəni il ərzində 20 milyondan çox insan ziyarət edir. 2013-cü ildə kilsənin tikintisinin başlanmasının 850 illik yubileyi qeyd edilib.

İki dəhşətli Dünya müharibəsindən salamat çıxan 856 illik Paris Notr-Dam kilsəsi 2019-cu il aprelin 15-də yanğın nəticəsində məhv oldu.