Dünyada tapılan ən iri xəzinələr

0
632

 

Son 100-150 ildə dünyada xəzinə axtarışı prosesi kütləvi hal alıb. Bu da səbəbsiz deyil. Hər il dünyanın müxtəlif yerlərində nəinki xəzinə axtarışı üzrə ixtisaslaşan qruplar, həm də təsadüf nəticəsində hamını heyrətə salan və dəyəri milyonlarla dollar hesab edilən xəzinələr aşkar edilməkdədir. Belə xəzinələrdən biri 2007-ci ildə sirf bir təsadüf nəticəsində San-Fransisko sahilləri yaxınlığında dənizin dərinliklərində aşkar edildi. Belə ki, San-Fransisko sahillərində geoloji-kəşfiyyat işləri və xəzinə axtarışı üzrə ixtisaslaşan Odyssey Marine Exploration kompaniyası qazma işləri zamanı orta əsrlərdə batmış ispan gəmisini aşkar etdi. Gəmi yoxlanılarkən onun göyərtəsində 4-5 milyon dollar dəyərində qızıl və gümüş sikkələrə rast gəlindi. Məlum oldu ki, Ispaniyaya məxsus bu gəmi vaxtı ilə inklərdən talanan qızıl və gümüşü Avropaya aparırmış. Lakin güclü tufan nəticəsində gəmi San-Fransisko sahillərində batmışdı. Aşkar edilən xəzinə beynəlxalq aləmdə böyük əks-sədaya səbəb oldu. Eyni zamanda Ispaniya dərhal xəzinənin onlara aid olduğunu bəyan edərək Odyssey Marine Exploration kompaniyasını məhkəmə ilə hədələdi. Halbuki Ispaniya gəmisində tapılan qızıl-gümüş Peruda yaşayan inklərdən talanma, yerli əhalinin kütləvi qətlləri yolu ilə əldə edilmişdi. Eyni zamanda Peru da bu qızıl-gümüşün onlara məxsus olması barədə kompaniyaya qarşı iddia qaldırdı. Nəticədə iş beynəlxalq məhkəməyə qədər gedib çıxdı və tərəflər tapılmış xəzinədən demək olar bərabər miqdarda pay aldılar.

Sroda-Şlensk xəzinəsi

Avropada böyük əks-sədaya səbəb olan digər ən böyük xəzinə 1985-ci ildə gözlənilmədən Polşanın Sroda-Şlensk şəhərində tapıldı. Insaatçılar XIV-XV əsrlərdə inşa edildiyi ehtimal edilən qədim binada təmir işləri apararkən onun bünövrəsində hamını heyrətə salacaq dərəcədə böyük dəyəri olan xəzinə aşkar etdilər. Xəzinədə dəyəri 150 milyon dollar olan 3000 ədəd qızıl sikkə, həmçinin qızıl medalyonlar və Polşa krallarından birinə aid olduğu şübhə doğurmayan qızıl tac vardı. Olduqca nəfis şəkildə hazırlanan və gözəlliyi ilə ona baxanların gözlərini qamaşdıran qızıl tac həqiqətən də ən nadir sənət əsəri idi. Xəzinəni nümayiş etdirmək üçün Vrotslava muzeyinə verdilər. Hazırda hər il Vrotslavaya gələn on minlərlə yerli və xarici turist ilk növbədə bu muzeyə gedərək möhtəşəm xəzinəni, o cümlədən nəfis tacı seyr etməkdən doymaq bilmirlər.

38 milyon dollarlıq gümüş xəzinə

Digər möhtəşəm xəzinə 2012-ci ildə Irlandiya sahillərində aşkar edildi. Belə ki, dalğıclar İrlandiya sahilindəki Qoluey şəhərindən 300 mil məsafədə 4,7 kilometr dərinlikdə II Dünya müharibəsi zamanı Almaniya sualtı qayığı tərəfindən batırılan və göyərtəsində 48 ton gümüş olan “SS Gairsoppa” gəmisinə rast gəldilər. O vaxt gəminin 85 üzvündən yalnız kapitan köməkçisi Riçard Ayersu xilas ola bilmişdi. Qeyd edək ki, hələ 2010-cu ildə Böyük Britaniya dəniz nazirliyi Odyssey Marine Exploration kompaniyası ilə batmış gəminin tapılması barədə anlaşma imzalamışdı. Ümumiyyətlə gəmidən aşkar edilən 48 ton gümüşün qiyməti 38 milyon dollar idi. Bu məbləğin 80 faizi xəzinəni tapanlara çatdı.

22 milyard dollar dəyərində Hindistan xəzinəsi

Dünyada bu günə kimi ən böyük xəzinə 2011-ci ildə Hindistanın Sri Padmanambxasvami məbədindən aşkar edilib. XVI əsrdə inşa edilən bu məbəd indusların ən müqəddəs yerlərindən biri hesab edilir. Məbəddə xüsusi yerdə gizlədilən sərdabələrdə böyük həcmdə qızıl-zinət əşyaları aşkar edildi. Xəzinədəki qızıldan hazırlanan heykəlləri, tacları, brilyantları və digər qiymətli daş-qaşları saymaq və dəyərini hesablamaq üçün Hindistan mütəxəssisləri günlərlə çalışmalı oldular. Qeyd edək ki, uzun illər Hindistanı əsarət altında saxlayan ingilislər belə bu məbəddə 22 milyard dollar dəyərində qızıl-gümüş əşyaları ola biləcəyini ağıllarına belə gətirməmişdilər. Xəzinə aşkar edilən məbədi uzun illər ərzində cəmisi bir neçə mühafizəçi qoruyub. Hazırda məbədin mühafizəsi gücləndirilib və ona Hindistanın qorunan muzey-dövlət xəzinəsi statusu verilib.

SSRI-nin 3 milyard dollarlıq platini

2012-ci ildə xəzinə axtaran amerikalı Qreq Bruks rəsmi şəkildə bəyan etdi ki, II Dünya müharibəsi zamanı batan gəmi aşkar edib. Araşdırma zamanı məlum oldu ki, SSRİ-dən ABŞ-a qiymətli metallar, o cümlədən platin aparan Böyük Britaniyaya məxsus “Port Nikolson” gəmisi 1942-ci ildə ABŞ-in şimal-qərbindəki Keyp-Kord yarımadası sahillərində Almaniyanın sualtı qayığı tərəfindən batırılıb. 3 milyard dollar dəyəri olan platin və digər qiymətli əşyalar o dövrdə ABŞ-dan SSRİ-yə verilən hərbi texniki yardımın ödənilməsi üçün nəzərdə tutulmuşdu. Oxşar hadisə 1942-ci ildə Barents dənizində alman sualtı qayığı tərəfindən batırılan Böyük Britaniyanın “Edinburq” kreyseri ilə də baş vermişdi. SSRİ-dən 5,5 ton qızıl aparan gəmi 1981-ci ildə aşkar edilmiş və xüsusi texnikanın köməyi ilə su üzərinə qaldırılmışdı. Gəmidə cəmisi 5 ton qızıl aşkar edilmişdi. Yarim ton qızıl isə gəmi partlayan zaman okean sularına qərq olmuşdu. O vaxt 5 ton qızlın 1,6 tonu Ingiltərəyə, 3,4 tonu isə SSRİ-yə çatmışdı.

Əziz Mustafa

BIR CAVAB BURAXIN