“Dini təhsil dalınca gedənlər qorxulu qruplaşmalara cəlb olunur”

0
650

Azərbaycanda dini təhsil almaq üçün hər il bəlli sayda tələbə xarici ölkələrə üz tutur. Əldə edilən məlumatlara görə, bu günədək xaricdə dini təhsil alan azərbaycanlı vətəndaşların sayı 3000-dən çoxdur. Onların arasında dövlət proqramı  ilə təhsil alan yoxdur. Bəzən isə xaricdə dini təhsil alan vətəndaşlar özlərini doğrultmur, müxtəlif dini ideologiyaların təhsilinə məruz qalırlar. Ölkəyə qayıtdıqdan sonra da bu təsir özünü biruzə verir.

Bu gün dini ayin icraçılarının əksəriyyəti Azərbaycanda dini təhsil almış şəxslərdir. Qanunvericiliyə edilmiş son dəyişikliyə görə vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilə bilər. Bəs dini təhsil almaq arzusunda olanlar daha çox hansı ölkələrə üz tuturlar? Onların ölkəyə gətirdiyi yeniliklər nə olur?

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı AzEDU.az-a danışan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev daha çox Türkiyəyə üz tutan gənclərin Azərbaycanda iş tapmaqda xeyli problemlərlə üzləşdiklərini bildirib:

“Gənclər xaricdə təhsil almaq üçün daha çox, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Misirə üz tuturlar. Əvvəllər Suriyaya gedənlər də az deyildi. Vaxtilə Misirə gedən 52 nəfər tələbə var idi. Bu gün xaricdə dini təhsil alıb gələn tələbələrin işə düzəlməsi qadağan olduğuna görə onların sayı xeyli azalıb. Yəni, onlar xaricdə aldıqları təhsillə burada işə düzələ bilmirlər. Azərbaycanda təhsil alanların isə çalışmalarına icazə var. Amma onların da işə düzəlməsi çox çətin məsələdir. Çünki ən yaxşı halda  mədrəsələrdə dərs deyə bilərlər. Ölkəmizdə isə mədrəsələrin sayı azdır. Bəziləri rayonlarda fəaliyyət göstərirlər, amma onlar məktəb tipli mədrəsələr deyil, yalnız Qurani-Kərim və din öyrədilir. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsindən hər il əlli nəfər məzun olsa da, onların demək olar ki, yalnız 10%-i iş tapa bilir. Bu səbəbdən əksəriyyəti jurnalistika və digər qeyri-ixtisaslarda çalışır, dinlə məşğul olub təhsillərini təcrübədə reallaşdırmırlar”.

O, xaricdə dini təhsil alan tələbələri maliyyələşdirən xüsusi xeyriyyə cəmiyyətlərinin sonradan onlardan öz məqsədləri üçün istifadə etdiklərini vurğulayıb:

“Xaricdə təhsil alanlar ali məktəbi bitirib Azərbaycana qayıdırlar. Onların təhsil xərclərini müəyyən  xeyriyyə  cəmiyyətləri ödəyir. Təbii ki, həmin dini cəmiyyətlərin öz məqsədləri olur, boş yerə pul töküb azərbaycanlıları xaricdə oxutmurlar. Oxumayan, pulsuz gəncləri öz məqsədləri üçün istifadə edirlər. Amma nə qədər uğur qazandıqlarını deyə bilmərik. Onlarla dövlət arasında hazırda elə də narazılıq yoxdur. Xaricdə dini təhsil almaq üçün viza məsələləri bu gün elə də problem deyil. Qəbul kağızını alandan sonra tədris ili boyunca viza verilir və təhsillərini davam etdirirlər”.

Professor onları digər ölkələrdə dinə cəlb edən səbəblərə də aydınlıq gətirib:

“Məncə, xaricə dini təhsil dalınca gedənlər burada özlərinə təhsil yeri tapa bilməyənlərdir. Ola bilsin ki, onların orta təhsilləri çox zəifdir. Heç olmasa, dörd il gedib xarici təşkilatların hesabına oxuyurlar. Bəzən bu dörd il ərzində özlərinə müəyyən bir biznes qura bilirlər. Kimlərləsə tanış olurlar. Onlar 4 il ərzində burada heç yerdə işləmədən pulsuz qala da bilərdilər. Amma bu, çox çətindir. Ona görə də xaricə üz tuturlar. Burada müəyyən maddi maraq da var. Maddiyyat bu mövzuda mənəvi və ideoloji marağı üstələyir. Xaricdə onlara yataqxana, yemək, təqaüd verirlər. Bu tələbələr sonra “Allaha pənah” deyib özlərini dörd il xarici şirkətlərin hesabına dolandırırlar”.

Xaricdə dini təhsil alanların əsasən kişilər olduğunu deyən professor, onların ölkəyə hansı yeniliklər gətirmələri məsələsinə də toxunub:

“Xaricdə dini təhsil alanların Azərbaycana hansı yenilikləri gətirməsi onların oxuduğu ölkədən asılıdır. Əgər Türkiyədə, Misirdə  oxuyublarsa, ölkəyə  gətirdikləri yalnız sünni məzhəbinin qayda-qanunları olur. Səudiyyə Ərəbistanındakılar vəhhabizmin yayılmasına çox meyl edirlər. İrandakılar isə şiə məzhəbinin tərəfdarları olur, müxtəlif qruplaşmalara qoşulurlar. Orada həm şiə, həm də vəhhabi qruplaşmaları var. Əgər onlar dini cəhətdən yaxşı təhsil alıblarsa və başqa insanlara təsir etmək imkanları varsa, qruplaşmalar onları özlərinə cəlb edir, bu tələbələrdən istifadə edirlər”.

Mövzu ilə bağlı “Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli isə mediaya verdiyi açıqlamalarda Suriyadakı münaqişələrdən sonra oraya təhsil üçün gedənlərin sayının azaldığını bildirib:

“Bəzən dini təhsil adı ilə insanlara yanlış ideologiyalar aşılayırlar. Ona görə də daha yaxşı olar ki, dini təhsil şəxslərə Azərbaycanda verilsin. Bu istiqamətdə də addımlar atılır. Ölkədə dini təhsil müəssisələri yaradılır, artıq  bu, bir sıra bölgələrdə də reallaşdırılacaq. O cümlədən ölkədə müəyyən dini institutlar fəaliyyət göstərir. Yəni təhsilin keyfiyyəti artdıqca azərbaycanlıların xaricə axınına da ehtiyac qalmayacaq”.

BIR CAVAB BURAXIN