“Deməliyik ki, ruslar əllərində gül-çiçəklə gəlmişdilər?!” – Tarix İnstitutu

0
679

“Bütün bu tarixi məsələlər ölkə Prezidenti İlham Əliyevin çağırışları ilə həyata keçirilir”

“Azərbaycanın tarix dərsliklərində Rusiya-Azərbaycan münasibətləri olduğu kimi təqdim edilib. Tarixi pozmaq, onu yalan formada təqdim etmək olmaz”.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Rusiya KİV-lərində Azərbaycanın tarix dərsliklərində Rusiya ilə bağlı məlumatların düzgün verilməməsi, bu ölkənin işğalçı ölkə kimi təqdim edilməsi ilə bağlı səslənən iradlara münasibət bildirərkən deyib.
Rusiya KİV-lərində Azərbaycanın tarix dərslikləri ilə bağlı belə məlumatların verilməsini yenilik saymayan tarixçi alimin sözlərinə görə, 2012-ci ildə Rusiya tarixçiləri tərəfindən keçmiş müttəfiq respublikaların tarix dərsliklərində bu ölkənin hansı formada təqdim edilməsi ilə bağlı 384 səhifəlik məruzə hazırlanıb. Bu məruzənin də 60-70 faizi Azərbaycanla bağlıdır:
“Bu məruzədə iddia olunur ki, Azərbaycan tarixinə dair dərsliklər tarixçi alimlər tərəfindən Rusiyaya münasibətdə qərəzli şəkildə təqdim olunur və ya hadisələr təhrif olunmuş şəkildə verilir. 10-cu əsrdə rusların dağıdıcı yürüşləri, 1723-cü ildə general-mayor M.Matyuşkin tərəfindən Bakının işğalı, ondan 1 il əvvəl I Pyotrun Dərbəndə yürüşü və işğalı, 1803-cü il dekabrın 27-dən 1804-cü il yanvarın 4-dək Gəncə şəhərinin işğalı, 24 il Rusiya işğalına qarşı mübarizə aparan İrəvan xanlığının 1827-ci ildə işğalı, 1806-cı ildə Bakının yenidən işğalı və nəhayət, 1813-cü il “Gülüstan” müqaviləsi və 1828-ci il “Türkmənçay” müqaviləsi Azərbaycanın işğalının həyata keçirilməsi faktını təsdiq etmirmi? Biz bütün bu məsələləri necə təqdim etməliyik? Deməliyik ki, ruslar Azərbaycan torpaqlarına əllərində gül-çiçəklə gəlmişdilər?!”

Tarixçi alim qeyd edib ki, Azərbaycanın orta məktəblərində tədris olunan tarix dərslikləri dünyanın ən azı, 10 ölkəsindən, o cümlədən Rusiya Federasiyasının dövlət arxivlərindən gətirilən sənədlər əsasında yazılır. Buna görə də qaldırılan iddiaların heç bir faktiki və elmi əsası yoxdur: “Çar Rusiyasının və sovet Rusiyasının Azərbaycan siyasəti tarix dərsliklərində mənbələr əsasında tədqiq olunur və həqiqət necə varsa, elə də təqdim edilib. Belə bir sual ortaya çıxır – XIX əsrin I yarısında bütöv Azərbaycanı işğal edərək iki yerə bölən çar Rusiyası deyilmi?! Bu gün Azərbaycan xalqına qarşı soyqırım cinayətlərini törədən erməniləri Şimali Azərbaycan torpaqlarına köçürən çar Rusiyası deyilmi? 1918-1920-ci illərdə bütün Azərbaycan ərazisində Azərbaycan xalqına qarşı ermənilərlə birlikdə soyqırım cinayətini törədən sovet Rusiyası deyilmi?! 1920-ci ildə Şimali Azərbaycanı işğal edən sovet Rusiyası 1920-1937-ci illərdə 128 min nəfər Azərbaycan ziyalısının – öz vətəndaşının güllələnməsi əmrini verib”.
C.Bəhramov əlavə edib ki, Azərbaycanla bağlı bəzi faktlar Rusiya tarixçiləri tərəfindən qısqanclıqla qarşılanır:
“1941-1945-ci illər müharibəsi zamanı faşist Almaniyası üzərində qələbə qazanmaq üçün Azərbaycan xalqı Müdafiə Fonduna 75,2 milyon ton neft və istifadə olunan yanacağın 90 faizini verib. Bakı nefti olmasaydı, qələbədən danışmaq olardımı?! Ancaq bunun müqabilində sovet hökuməti Azərbaycan xalqının öz torpaqlarından deportasiya olunması haqqında qərar qəbul edib. Halbuki Azərbaycan xalqının övladlarının istər arxa cəbhədə, istərsə də ön cəbhədə – bütövlükdə faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlığı heç bir xalq göstərə bilməyib. Azərbaycan xalqının ən qiymətli təbii sərvətlərindən olan Bakı və Xəzər neftini əldə saxlamaq üçün ona qarşı ən ağır cinayətləri törədən sovet Rusiyası və sovet dövləti deyilmi?! 1990-cı il 20 Yanvar faciəsini biz tarixçilər necə təqdim etməliyik? Azərbaycan xalqı bu cinayətə görə sovet hökumətinə, onun başçısı Qorbaçova “sağ ol” deməli idimi?Buna görə də Azərbaycanın tarixçi alimləri öz vətəndaşlıq borclarını yerinə yetirərək dünyanın ən azı, 10 ölkəsinin, o cümlədən Rusiya Federasiyasının dövlət arxivlərindən gətirilən sənədlər əsasında Azərbaycan tarixinə dair problemləri tədqiq edirlər və bu məsələdə Tarix İnstitutunun gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Bu işdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun əməyi böyükdür. Bütün bu tarixi məsələlər ölkə Prezidenti İlham Əliyevin çağırışları ilə həyata keçirilir. Bunun bariz nümunəsi 2009-cu ildə Tarix İnstitutu tərəfindən nəşr edilmiş və 2012-ci ildə dövlət mükafatına layiq görülmüş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” monoqrafiyasıdır”.
Azərbaycanın qonşu dövlət olan Rusiya ilə qarşılıqlı fəal münasibətlərin qurulmasına həmişə hazır olduğunu vurğulayan C.Bəhramov qeyd edib ki, Azərbaycan heç bir dövlətlə düşmən olmaq niyyətində deyil. Bütün bunlara baxmayaraq, tariximiz olduğu kimi yazılmalıdır.
Azərbaycan Təhsil Nazirliyi yanında Dərslikləri Qiymətləndirmə Şurasının sədri Elmina Kazımzadə isə Trend-ə bildirib ki, Azərbaycanın hazırkı tarix dərsliklərindəki tarixi faktlar sovet dövründəki tarixi faktlardan fərqli formada verilib.
Onun sözlərinə görə, tarix dərsliklərindəki faktların yeni formada verilməsində əsas məqsəd şagirdlərdə tarixi düşüncənin düzgün formalaşdırılması, müəyyən faktlara birtərəfli deyil, bir neçə istiqamətdən baxılmasıdır:
“Şagirdlərin tarixi məsələlərə düzgün yanaşmasını təmin etmək vacibdir. Tarixdə dəyişkənlik qəbul olunmaldır. Sovet məktəbində Stalinlə, müharibə ilə bağlı faktlar başqa cür idi. Çünki bu faktlar sovet vətəndaşı üçün idi. İndi isə faktlar Azərbaycan vətəndaşı üçün təqdim edilir”.

BIR CAVAB BURAXIN