Dənizdəki ağ köpüklər nədir? – Xəzərdəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

0
557

Xəzər dənizinin Mərdəkan və Buzovna sahillərində suyun üzərində ağ rəngli maddələr müşahidə edilib. Çimərlikdə istirahət edənlər bu barədə sosial şəbəkədə videogörüntülər paylaşıb. Onlar ağ köpüyün hansısa kimyəvi maddə olduğunu iddia edirlər. Bu iddia ciddi narahatlığa səbəb olub.

 

Suyun üzərində müşahidə olunan ağ köpüyün mənbəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qənbərov Publika.az-a açıqlama verib.

 

M.Qənbərov bildirib ki, bu hadisə iki gün əvvəl baş verib. Həmin gün də sudan nümunələr götürülüb: “Əgər suya hər hansı yad məhsul axıdılıbsa, bu davamlı olmayıb. Son iki gündür Xəzərdən götürülən nümunələr də bunu təsdiqləyir. Götürülən nümunələrin bəzi göstəricilər üzrə nəticələri bəllidir. Həmin nəticələrdə zərərli maddələr aşkarlanmayıb. Lakin yekun nəticə söyləmək üçün analizlərin bütün göstəricilər üzrə nəticələrin əldə olunmasına ehtiyac var. Son iki gündə parıltılı, ağ köpük müşahidə edilməyib”.

 

Nazirlik rəsmisi Xəzərdə aşkarlanan yad maddənin mənşəyi barədə ilkin versiyalar da irəli sürdü: “Həmin ərazidə elektrik stansiyası var. Stansiyanı soyutmaq məqsədilə həmin ərazidən su götürülür. Onun içərisində heç bir zərərli maddə ola bilməz. Ola bilər ki, suyu götürərkən donmuş su ilə dəniz suyunun görüşməsi zamanı ağ köpük yaranıb. Küləkli havada bu köpüklər daha geniş əraziyə yayıla bilər. Yaxud da, 10-12 km məsafədə olan tankerlərdən biogen maddələr də dənizə atıla bilər. Lakin bunların hamısı versiyadır, şəxsi fikrimdir. Dəqiq nəticə yoxdur. Laboratoriya nəticələri əldə ediləndən sonra dəqiq fikir demək olar.”

 

BIR CAVAB BURAXIN