“Canavarlar” Putinin müharibəsinə qoşuldu – “CUKANOVİÇ İŞİ”

0
605
“Canavarlar” Putinin müharibəsinə qoşuldu – “CUKANOVİÇ İŞİ”

Oktyabrın 16-da Monteneqronun baş naziri Milo Cukanoviç sui-qəsd cəhdi olub. Keçirilən əməliyyat nəticəsində 50-ə qədər şəxs saxlanılıb.

Saxlanılanların arasında Monteneqro və Serbiya vətəndaşları ilə yanaşı, Rusiya vətəndaşlarının da olması nəzərləri Kremlə doğru yönəltdi. Monteneqro hökuməti də bəyan etdi ki, baş naziri rus millətçiləri öldürmək istəyib. Doğrudur, sonradan Kreml bunu təkzib etdi. Monteneqro hökuməti də Rusiya ilə münasibətlərin yaxşı olduğunu, Moskvadan şübhələnmədiklərini bildirdi. Lakin burada məsələ Moskva yox, rus amilidir. Yəni baş nazirin ölüm fərmanında Rusiya izi var, amma bunun Rusiya dövlətinin olduğunu demək hələlik tezdir.

Publika.az xəbər verir ki, sui-qəsd cəhdini araşdırmaq üçün təyin olunan xüsusi prokuror Milivoe Katniç baş nazirin ölüm fərmanının rus millətçiləri tərəfindən verildiyini deyib: “Rus millətçiləri cinayətkar qrup yaradıblar. Məqsəd 16 oktyabrda baş nazirə sui-qəsd etmək olub”.

Plan dəyişdi: Cukanoviçi aradan götürün

Ölkədə Rusiyameyilli olan “Demokratik cəbhə” oktyabrın 16-da parlament binası yaxınlığında mitinq keçirməyi planlaşdırıb. Məqsəd referendum aktından NATO-ya giriş məsələsinin çıxarılmasını, həmçinin, saxtalaşdırılmış parlament seçkilərinin nəticələrinin ləğvini tələb etmək olub.

Rus millətçilər isə Cukanoviçi güc yolu ilə devirməyi planlaşdırıb. Bunun üçün müxtəlif versiyalar olub. Əvvəlcə polis formasında rusiyayönümlü müxalifətin parlament binasının yanında keçirəcəyi mitinqə gəlmək və kütləyə atəş açmaq istəyiblər. Mitinqə hücum zamanı digər qrup da xüsusi təyinatlı qüvvələri sıradan çıxaracaqdı. Bununla camaat təxribata çəkiləcəkdi və ölkə rəhbərliyi, o cümlədən, Cukanoviç ya həbs ediləcək, ya da heç olmasa istefaya gedəcəkdi.

Prokuror Kantiç hesab edir ki, sui-qəsdçilər güman ki, Cukanoviçin həbsi planını təxirə salaraq, “qətl planı”nı tətbiq etməyə başlayıblar.

Serb canavarları

Monteneqro rəsmi şəkildə sui-qəsdin təşkilatçılarının Serbiya vətəndaşları olduğunu açıqlayıb. Ölkə polisi serb jandarmasının keçmiş komandiri Dikiç Bratislavı və 20 Serbiya vətəndaşını saxlayıb. Noyabrın əvvəlində ikinci həbs dalğası da başlayıb. “Cinayətkar qrupun” yaradılmasında şübhəli bilinən Dikiç yaxın vaxtlarda yaradılan “Serbiya Vətənpərvərlər Hərakatı”nın lideridir. Bu hərəkat NATO-ya qarşı Rusiya ilə ittifaqa girməyi sərt şəkildə dəstəkləyir. Onlar özlərinə “serb canavarları” deyirlər. Məlumdur ki, Dikiç Ukraynanın Şərqində döyüşüb və terrorçu kimi axtarışa verilib.

Rusiyadan gələn iki müəmmalı şəxs

Monteneqro prokurorluğu bildirir ki, sui-qəsd hərəkatında iki rus olub. Onlar Serbiyaya gələrək, bu plana qoşulublar. Həmin vaxt onlar Serbiya xüsusi xidmət orqanlarının nəzarəti altında olublar. Bu hadisələrdən sonra isə həmin ruslar Serbiyanı sağ-salamat tərk ediblər, hazırda Rusiyadadırlar. Serbiyanın onları məsuliyyətə cəlb etməməsi şübhəli görünür. Lakin haqqında danışılan rusların adları açıqlanmır. Sadəcə olaraq, oktyabrın sonunda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Belqrada səfəri diqqətçəkən təsadüfdür. Media yazır ki, Patruşev Monteneqrodakı proseslərə görə Serbiyaya gedib.

Açıq qalan suallar

Burada diqqət çəkən məqamlardan biri də odur ki, prokuror Katniç məhz Patruşevin Belqarada səfərindən sonra “sui-qəsd cəhdinə Rusiyanın dövlət səviyyəsində daxil olduğu haqda danışmağa heç bir əsas yoxdur” deyə bildirdi. Yəni söhbət Rusiya dövlətindən yox, planda iştirak etmiş hansısa rus millətçilərindən gedir. Bu, dövlətlərarası münasibətləri yoluna qoymağa imkan verir. Lakin açıq qalan suallar da var.

1. Sui-qəsdçilər ciddi qorunan baş nazir Cukanoviçin peyk şəkillərini, hərəkət marşrutunu haradan əldə ediblər?
2. Onlarda şifrələrlə idarə olunan üç telefon, həmçinin, yad ələ düşən zaman öz-özünü məhv etmə qabiliyyətinə malik olan yaddaş kartı olub. Bunları haradan əldə diblər?
3. Serbiya və Montenoqro polisi üç telefondan ikisini tapıblar. Üçüncüsü isə Rusiyadadır və əlçatmazdır. Maraqlıdır ki, Rusiyada şifrəli telefonlar yalnız xüsusi xidmət orqanlarının əməkdaşlarında olur.

Həmçinin, “Sui-qəsdin arxasında Rusiya dayanırsa, bu, Moskvanın nəyinə lazım ola bilər?” sualı da müsbət səviyyədə olan Montenoqro-Rusiya münasibətləri fonunda yada düşür. Versiyalardan biri belədir ki, hansısa millətçi qruplar bunu həyata keçiriblər. əgər uğurlu olsaydı, onlar bunun qarşılığında Rusiyadan dəstək qazanmaq istəyiblər.

NATO-Rusiya müharibəsi

Montenoqroda baş verən sui-qəsd nəzəriyyəsinə bu kontekstdən də baxmaq lazımdır. Montenoqro limanları NATO-nun Aralıq dənizində nəzarət etdiyi yeganə ərazidir. Montenoqro 2017-ci ildə NATO-ya daxil olacaqsa, NATO-nun Aralıq dənizində təsiri daha da artacaq. Xüsusilə bu limanlarda “lövbər atmaq” Şimal Alyansına Şərqi Avropada daha yaxşı yerləşmək imkanı verir. Rusiya məhz bunu istəmir.

Güman ki, “Cukanoviç işi” detallarına qədər ictimaiyyətə açıqlanmayacaq. Lakin bundan sonra Balkanlarda Rusiya-Qərb qarşıdurmasının daha da güclənəcəyi gözləniləndir.

Asif

BIR CAVAB BURAXIN