“Can Azərbaycanda olmağı, Bakıda konset verməyi çox arzulayıram”

0
779

Türkiyədə xalq musiqisinin mahir ifaçısı kimi tanınan Zara xanım Azərbaycanda da ən çox sevilən müğənnilərdən biridir. Çünki Azərbaycanda qanı qanımızdan olan qardaş Türkiyənin xalq mahnıların ifa edən müğənniləri çox sevirlər. Zara xanım həm də Azərbaycana böyük sevgisi ilə tanınır. Bu sevginin izlərini biz Zara xanımın Azərbaycan xalq mahnılarını sevə-sevə ifa etməsində də aydın görürük. Zara xanımın xalq artisti Polad Bülbüloğlunun “Gəl ey səhər” mahnısını yüksək səviyyədə ifa etməsi də ona hər iki ölkədə yeni bir şöhrət gətirib. Bunu nəzərə alaraq hörmətli Emin müəllimin təklifi və köməyi ilə məşhur müğənni ilə əlaqə saxlayaraq onunla müsahibə götürdük. Müsahibəyə keçməzdən əvvəl Zara xanım barədə oxucularımıza bəzi məlumatları verməyi özümüzə borc bildik. Əsil adı Nəşə Yılmaz olan müğənni 1976-cı ildə İstanbulda (Üsküdarda) anadan olub. Müğənninin valideynləri Adıyamandandırlar. Uşaqlıq illərindən şirin səsi ilə hamını heyran edən gələcək müğənninin “Nəşəcik” adlı 8 albomu işıq üzü görüb. Məktəb illərində lseylərarası mahnı və xalq oyunları müsabiqəsində Türk xalq musiqisinin qadın ifaçısı nominasiyasında birinci yeri tutub. O 1993-cü ildə də bu uğuru təkrar edib. İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasını bitirib.Türk xalq musiqisinin mahir ifaçısı kimi qısa müddətdə nəinki Türkiyədə, həm də bütün türk dünyasında məşhurlaşıb.

 

Beləliklə müsahibimiz Türk dünyasının ən çox sevilən müğənnisi olan hörmətli Zara (Nəşə Yılmaz) xanımdır.

 

-Zara xanım, sizi Azərbaycanda çox sevirlər və eyni zamanda onlar haqqınızda daha çox bilmək istəyirlər. Bununla əlaqədar sizi sevənlərə özünüz barədə nə məlumatlar verə bilərdiniz? Hazırda nə işlə məşğulsunuz?

 

-Məni Azərbaycanda sevən bütün insanlara təşəkkürümü bildirirəm. Azərbaycan həmişə mənim canımda, qəlbimdədir. Hazırda nələr üzərində çalışmağıma gəlincə, ”Quldurdan dünyaya hökmdar olmaz” adlı serialda əsas rollardan birində çəkilirəm. Eyni zamanda üzərində çalışdığım “Dərin Aşk”-ın (Böyük məhəbbət) 3-cü hissəsini də başa çatdırmaq üzrəyəm. Buna paralel olaraq konsert proqramlarım da davam etməkdədir. May ayının 4-də Parisdə, 5-də isə Brüsseldə konsert proqramı ilə çıxış edəcəyəm. Yəni bu günlərdə həmişəki kimi daha çox çalışmaqdayam. Əlbəttə, sevdiyim can Azərbaycanı da unutmamışam. Tezliklə Bakıya gəlmək, orada heyranlarım qarşısında konsert proqramı ilə çıxış etmək arzusundayam.

-Qloballaşma prosesləri nəticəsində dünyanın günümüzdə kiçik bir kənd halına gəldiyi bir vaxtda siz türk xalq mahnılarını gələcək nəsillərə çatdırmaq kimi şərəfli, məsul bir vəzifəni həyata keçirirsiniz. Gənc nəsil sizi dinləyir və sayənizdə önəmli mədəni irsimiz yaşamaqda davam edir. Bu baxımdan bilmək istərdik: Sizdə Türk xalq musiqisinə bu qədər məhəbbət haradandır?

-Sözün düzü, mən konservatoriya təhsili alıncaya qədər rok musiqisi həvəskarlarından biriydim.  Etiraf edim ki, o dövrdə Türk xalq musiqisi haqqında da məlumatım bir o qədər çox deyildi. Ancaq konservatoriyada oxuduğum illərdə anladım ki, Türk xalq musiqisi bir dəryadır və o sehirli bir dünya kimi məni özünə cəlb etdi. Ona görə həyatımı Türk xalq musiqisini gənclərə daha da sevdirmək kimi müqəddəs bir işə sərf etməyi qərara aldım. Bu gün Türk xalq musiqisini gənclərə sevdirmək, onların da bu sehirli aləmi dərindən mənimsəmələri üçün əlimdən gələni edirəm. Buna görə özümü həm də xoşbəxt hesab edirəm.

 

– Siz həm də Azərbaycan xalq mahnılarını sevə-sevə oxuyur, ifa edirsiniz.İfanızda Azərbaycan xalq musiqisi olduqca şirin, məlahətli alınır. “Gəl ey səhər” mahnısını da məlahətli səslə ifa etdiniz. Repertuarınıza gələcəkdə Azərbaycan türkcəsində olan daha hansı xalq mahnılarını daxil etmək istəyirsiniz?

-Azərbaycan və Türkiyə xalq mahnıları eyni kökdən qaynaqlanır.Ona görə də bu mahnılar eyni kökdən olan xalqların qəlblərindən gəldikləri üçün hər iki ölkədə sevilirlər. Mən Azərbaycan xalq musiqisi ilə türk xalq musiqisi arasında ciddi fərq görmürəm. Cüzi ləhcə fərqi nəzərə alınmasa, hər iki olkə xalq mahnıları dərin bir dəryadır . Təbii ki, ona görə də Azərbaycan türkcəsində olan mahnıları da sevə-sevə ifa edirəm. Onlar mənim ruhuma çox yaxındır. Bir vaxtlar Azərbaycan türkcəsində “Ömrün payızında”adlı mahnını oxudum. Bu mahnı bütün Türkiyəyə səs salmışdı. O qısa müddətdə Türkiyədə ən çox sevilən mahnılardan birinə çevrildi. Azərbaycan xalq musiqisi çox zəngindir, insanı özünə valeh edəndir. Təbii ki,  gələcəkldə repertuarıma daha yeni Azərbaycan xalq mahnıları əlavə edəcəyəm.

 

-Bakıda konsert vermək istərdinizmi? Azərbaycan xalq mahnıları ilə daha yaxından tanış olmaq, onu araşıdırmaq, azəri heyranlarınızla Bakıda canlı ünsiyyət qurmaq niyyətiniz varmı?

-Bakıda konsert verməyi, can Azərbaycanda olmağı, Azərbaycan filmlərində çəkilməyi, heyranlarımla bir araya gəlməyi çox arzulayıram. Azərbaycanı, onun xalq mahnılarını, qardaş azəri türklərini çox sevirəm. Onlara buradan sevgi dolu salamlarımı göndərirəm.

-Azərbaycanın tanınmış müğənnilərindən kimləri tanıyırsınız? Azərbaycanın tanınmış musiqiçilərindən hansı ilə birgə duet oxumaq, konsert vermək istərdiniz?

-Azərbyacanın məşhur sənətçilərindən olan Şövkət Ələkbərova, Nərminə Məmmədova, Zeynəb Xanlarova, Alim Qasımov və digərlərini çox sevirəm, onların ifasını heyranlıqla dinləyirəm. Azərbaycanın tanınmış sənətçiləri ilə duet oxumaq təklifiniz də çox maraqlı gəldi mənə. Məsələn, Alim Qasımovla duet oxumaq çox maraqlı olardı.

 

-Gələcək çalışmalarınız, planlarınız  haqqında nə deyə bilərdiniz?

-Hazırda Türk xalq musiqisini dünya musiqsi halına gətirmək üçün çalışmalara başlamışıq. Həm aktrisa, həm də oyunçu kimi xaricdə işləmək, türk xalq musiqisini dünyada təbliğ etdirmək, onu sevdirmək istəyirəm. Buna görə də özümü indidən xoşbəxt hesab edirəm. Çünki əziyyətlərim hədər getmir. Sonda bir daha Azərbaycandakı heyranlarıma, Azərbyacan xalqına sevgilərimi, salamlarımı göndərirəm və onlarla tezliklə görüşəcəyimə, qarşılarında konsert proqramı ilə çıxış edəcəyimə ümidlər bəsləyirəm.

 Əziz Mustafa

 

BIR CAVAB BURAXIN