“Cənnət park”da mənzil biznesi: 8500 manatlıq fırıldaq

0
737

Vətəndaş Quliyeva Rübabə Xasay qızı Ölkə.Az-ın redaksiyasına “Cənnət park” yaşayış kompleksində onlara qarşı edilən özbaşınalıq barədə şikayət məktubuyla müraciət edib.

Şikayətçi bildirir ki, 20.09.2016-cı il tarixində Abşeron rayonu “Cənnət park” yaşayış kompleksində tikilməkdə olan ikinci binadan 65 kvadramtmetrlik mənzil alıb. Mənzili almaq üçün 8150 manat ilkin ödəniş etməli olduğu halda, iki dəfə artıq-16300 manat ödəyib:

“Rəsmi şərtlərə görə üç il müddətinə ayda 355 manat ödəməliydim. Ödəniş edərkən şirkətin Sona adlı meneceri bildirdi ki, borularda su var. Ancaq mənzilin təmirinə başlayarkən məlum oldu ki, su yoxdur. Şirkətdə İlhamə adlı başqa bir menecer də var. Bu adam özünü digər menecerin vəkili kimi aparır. Məsələn, biz hər hansı problemlə bağlı Sona xanıma müraciət edəndə, dərhal İlhamə xanım müdaxilə edir”.

Şikayətçi bildirir ki, mənzilini çətinliklə də olsa, təmir etdirib köçəndə binanın lifti də  işləmirmiş:

“Bu barədə dəfələrlə kompleksin rəhbəri Qəmbər Fətullayevlə danışdıq amma xeyri olmadı. Əşyaları yuxarı qaldıranda ayağımdan ağır zədə aldım. Ancaq buna baxmayaraq, yenə də hər ay ödənişi edirdim. Subyektiv səbəblərdən işimi itirdiyim üçün evimi tərk edib, qohumumgildə qalası oldum. Həm də o ərəfədə binanın nə işığı, nə də suyu yox idi. 2017-ci ilin mart ayında qohumumuzun vasitəsilə Moskvaya köçəsi olduq. Həmin ilin iyun ayında şirkətə 250 manat ödəniş etdim və bildirdim ki, xahiş edirəm, biz sizi anlayışla qarşıladığımız kimi siz də eynisini edin. Yəni, ödənişləri gecikdirdiyimə görə bizə güzəştə gedin. Yeri gəlmişkən, şirkətin təqdim etdiyi çıxarışda gecikdirilməyə görə ödəniləcək məbləğin bir faiz olduğu göstərildiyi halda, göndərdiyim beş yüz manatı qəbul etməyərək, bildirdilər ki, əlavə 8500 manatlıq faiz ödənməlidir. Halbuki binaya işıq və su bu ilin yanvarında verilib. Bunu həmin binada yaşayan sakinlər də təsdiq etməyə hazırdırlar.  Halbuki bizə mənzili satarkən fotoda gördüyünüz kompelksin üç ay ərzində tikiləcəyini bildirmişdilər. Ancaq özünüz də gedib kompleks dedikləri yerin nə vəziyyətdə olduğunu görə bilərsiniz”.

R.Quliyeva bildirir ki, məhz sözügedən şirkətin məsuliyyətsizliyi ucbatından vətənindən didərgin düşüb:

“Həyat yoldaşımı itirmişəm, vətənimdən məhz bu adamlara görə didərgin düşmüşəm. Bəlkə də həmin binaya köçərkən xəsarət alıb işimi itirməsəydim, ödənişi də vaxtında edərdim. İki övladımla vətənimdən uzaq düşmüşəm. Aidiyyatı qurumlardan xahiş edirəm ki, haqqımın tanınmasında mənə yardımçı olsunlar və şirkətin mənə qarşı qaldırdığı əsassız iddianın reallaşdırılmasına imkan verməsinlər”.

 

Sözügedən şikayətlə bağlı yaşayış kompleksi ilə şərti müştəri qismində əlaqə saxladıq.

Məlum oldu ki, kompleks müştərilərini aldadaraq asan qazanc yolunu tapıb. Belə ki, şirkət rəsmi internet səhifəsindəki məlumatda (reklamda) mənzillərin daxili kreditlə (5 illik) satışında ilkin ödənişin 10%-50% arası olduğu bildirir. Əslində isə 5 illik daxili kreditdə tikinti olan bina üçün 10 min manat, təmirə hazır olan və yaşayışa hazır olan binalarda isə 15-18 min manatdan başlayaraq ilkin ödəniş edilməlidir. Bunlardan başqa şirkət rəsmi internet səhifəsində mənzilin 1kv. m-nin 349 manat olduğu bildirilsə də, bu rəqəm 599 manatdan başlayaraq 699 manata qədər dəyişir. Bu isə Azərbaycan Respublikası reklam haqqında qanunun 4.2. maddəsinə tamamilə ziddir. Çünki maddədə qeyd olunub ki,  reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı və çaşqınlıq hissi yaratmamalıdır. 

Sözügedən şirkət Azərbaycan qanunlarının 18.0.5. maddəsini də pozub. Maddədə bildirilir ki, malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılması qəti qadağandır.

Şirkət qeyd etməsə də bildirmək istəyirik ki, şirkət sadəcə daxili kredit verir və dövlət ipoteka kreditindən imtina edir.

Mövzunu diqqətdə saxlayacağıq.

BIR CAVAB BURAXIN