“Büyükfırat” restoranlar şəbəkəsinin sahibini Azərbaycana buraxmırlar

0
589

Azərbaycanda fəaliyyət göstərən “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfırat Bakıya buraxılmır.

“Azadlıq” nəşrinin məlumatına görə, məşhur biznesmen Türkiyədən gələrkən sərhəddən geri qaytarılıb.

Azərbaycana girişinə qadağa qoyulan ünlü iş adamı özü ilə bağlı bu qərarı FETÖ-nün Azərbaycanda güclü olması ilə əsaslandırıb. Hüseyn Büyükfırat illərdir ki, Fətullah Gülənə qarşı mübarizə apardığını və onun Azərbaycandakı tərəfdarları ilə gərgin münasibətdə olduğunu deyib.

O həmçinin, Azərbaycana buraxılmamasına görə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun narahat olduğunu və bu məsələni rəsmi Bakı ilə müzakirə edəcəklərini bildirib.

Qeyd edək ki, Hüseyn Böyükfıratın qardaşı Abdulqafur Büyükfırat Türkiyənin Azərbaycandakı səfirliyində təhsil müşaviridir. İş adamının diplomat qardaşı açıqlamasında ortada dəyişən bir şeyin olmadığını deyib. Abdulqafur Büyükfırat qardaşının səfirliyə və Azərbaycanın müvafiq orqanlarına müraciət etdiyini bildirib: “Müraciətləri var. Hələlik hər hansı bir cavab yoxdur. O da cavab gözləyir”.

Qeyd edək ki, Azərbaycanın müvafiq strukturları tərəfindən türk biznesmeninin ölkəyə buraxılmaması ilə bağlı hər hansı şərh, açıqlama verilməyib.

BIR CAVAB BURAXIN