“Bütöv Azərbaycan məsələsi Şəhriyarın yaradıcılığında” mövzusunda diskussiya keçirildi

0
713
Bütöv Azərbaycan Ocaqlarının (BAO)  təşkilatçılığı ilə “Bütöv Azərbaycan məsələsi Şəhriyarın yaradıcılığında” mövzusunda diskussiya keçirildi.
Tədbiri giriş sözü ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, BAO üzvü dosent Zəkulla Bayramlı açdı. Zəkulla bəy Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığına toxunaraq onun bir şair kimi XX əsrin ən böyük dühası olduğunu bildirdi. Qeyd etdi ki, öz sağlığında şeir dünyasını fəth etdiyi üçün ona ikinci Hafiz adını vermişdilər. Zəkulla bəy Şəhriyarın Bütöv Azərbaycan yolunda fəaliyyətinə toxunaraq onun yaradıcılığından bu məqsədlə yazdığı şeirlərdən nümunələr söylədi. Sonra isə çıxış etmək üçün sözü  AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent və Məhəmmədhüseyn Şəhriyar yaradıcılığının yorulmaq tədqiqatçısı Esmira   Fuada verdi. Geniş məruzə ilə çıxış edən Esmira xanım bu vətənpərvər şairin bizə məlum olmayan yaradıcılıq fəaliyyətindən danışaraq, onun bizim üçün, Bütöv Azərbaycan üçün böyük əhəmiyyətini qeyd etdi. Esmira xanım qeyd etdi ki, Şəhriyar özünün bütün fəaliyyətində hər şeyi ölçüb-biçib və bütün şeirlərində tutduğu xətti məntiqli şəkildə ortaya qoymuşdur. O, toxunduğu bütün sahələrdə özünün məharətini göstərmiş və uca zirvəyə qalxmışdır. Esmira xanım Şəhriyarın yetişməsində onun anasının və atasının əməyini xüsusilə qiymətləndirdi. Qeyd etdi ki, onun anası Bütöv Azərbaycanın şair və yazıçılarının əsərləri ilə tanış idi. Atası isə savadlı vəkil olmaqla bərabər, Azərbaycan ədəbiyyatını da yaxşı bilirdi. Şəhriyar özünün ilk şeirini dörd yaşında bədahətən demişdi. İkinci şeirini isə yeddi yaşında yazmışdı. Hələ uşaq olarkən Sərdari-milli Səttar Xan onu qucağına almış və ona dualar etmişdi. Şəhriyarın Bütöv Azərbaycan barədə yazdıqları şeirlərə toxunan Esmira anım onu da bildirdi ki, Şəhriyar bütün dünyaya ədalət prizmasından baxır, Azərbaycan xalqının ikiyə bölünməsini qəbul etmir, ümumiyyətlə insanlığın cəfalara düçar olmasına pis baxırdı.
Tədbirə İraq türkmanlarının nümayəndələri – ədəbiyyatşünas Eyub Hikmət Kərküklü, həyat yoldaşı Bəsirə Məcid Kərküklü və onları bizim məclisimizə dəvət edən şairə Raifə Sərxanqızı da iştirak edirdi. Çıxış edən Eyub Hikmət Kərküklü Şəhriyar yaradıcılığına toxunaraq, onu bütün Türk dünyasını bir araya gətirən Türk xalqlarının şairi adlandırdı.  Çıxış edən Cavanşır Beydullayev Şəhriyarın tarixi roluna toxunaraq, onun bir ordudan çox iş gördüyünü bildirdi. Bundan sonra söz şair Fəzail İsmayıla verildi. Fəzil bəy Şəhriyarla bir neçə dəfə görüşən şairdir. Bu görüşlərdən xatirələr danışdı. Sonra Şəhriyara həsr etdiyi şeirini oxudu. Tədbirdə çıxış edən Dilavər Əzimli Şəhriyarın Bütöv Azərbaycan ideyasının xalqın yaddaşlarına hopmasındakı rolundan danışdı və bildirdi ki, hələ Sovetlər zamanında Azərbaycan xalqı onun “Heydərbabaya salam” şeirini Quranla bir cərgəyə qoyurdular. Faiq Ələkbərli öz çıxışında Türk dünyasının problemlərindən danışaraq qeyd etdi ki, Azərbaycanda Şəhriyar kimi şairlər öz yaradıcılığında bu problemləri əks etdirərək xalqın yaddaşlarında iz qoyublar. Bu cür şairlər yanlışlıqlara da yol verə bilərlər. Amma  onları biz ona görə sevirik ki, xalqın qəlbində özlərinə yer ediblər. Bu da onların xalq həyatını tərənnüm etmələri ilə bağlıdı. Çıxış edən Raifə Sərxanqızı daTürk dünyasının problemlərinə toxunaraq qeyd etdi ki, bu problemlərin həllində bu cür tədbirlərin rolu böyükdür. Daha sonra çıxış edən tədqiqatçı Nazir Əhmədli qeyd etdi ki, XX əsr ədəbiyyat sahəsində Şəhriyardan da güclü şairlər vardır. Amma Şəhriyar ona görə yaddaşlarda özünə yer edibdir ki, xalq dilində yazıbdır.  Bu isə ciddi məsələdir. Çünki xalq onun anladığı dildə yazanı, onun istəyini onun dilində əks etdirəni daha çox sevir. Tədbirdə çıxış edən Rüfət Muradlı Şəhriyar poeziyasına toxunaraq qeyd etdi ki, Şəhriyar çox xoşbəxt şairdir. Çünki onun haqında hər il yaradıcılıq konfransları keçirilir. Rüfat Muradlı Şəhriyarın oğlu Hadi ilə dostluq münasibətlərinə toxunaraq əlavə etdi ki, atasının ruhu ona da hopmuşdur.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

BIR CAVAB BURAXIN