Bu ölkəni yalnız Türkiyə xilas edə bilər

0
339

Tripolidəki hökuməti xilas edə biləcək tək ölkə Türkiyədir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə parlamentinin Liviyaya hərbi yardım göndərilməsi ilə bağlı qərarını şərh edərkən deyib. O bildirib ki, Liviyanın mərkəzi hökuməti Türkiyədən hərbi dəstək gözləyir:

“Müxalif general Haftarın hərbi birlikləri paytaxt Tripoliyə yaxınlaşır. Tripolidəki hökuməti xilas edə biləcək tək ölkə Türkiyədir. Ankara Tripoliyə dəstək verəcək, əks halda Haftar Liviyada nəzarəti tam ələ keçirəcək. Belə olan halda isə Liviya Aralıq dənizində formalaşan antitürkiyə blokuna (İsrail-Kipr Respublikası-Yunanıstan-Misir) qoşulacaq. Bu baş verməsin deyə, Türkiyə yaxın günlərdə hərbi birliklərini Tripoliyə göndərəcək. Açıq demək lazımdır ki, Tripolidə türkiyəli hərbi mütəxəssislər indi də var, sadəcə, əlavə güc lazımdır”.

Ekspertin sözlərinə görə, Türkiyə Suriyadan sonra Liviyaya da hərbçilərini göndərməyə məcburdur:

“Cümhuriyyət Xalq Partiyası Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid edərək deyir ki, “türk hərbçilərinin Suriyada və Liviyada nə işi var. Əlbəttə, Türkiyədə bu mövqeyi dəstəkləyənlər az deyil. Ancaq medalın başqa üzü də var. Türkiyə öz sərhədlərindən kənarda fəal olmasa, antitürk qüvvələr ətrafdakı boşluqları öz xeyirlərinə dolduracaqlar. Bu isə Türkiyənin bölgədəki imkanlarını məhdudlaşdıracaq. Avrasiya qaynayır, öz qınına çəkilən böyük güc demək olar ki, yoxdur”.

Qeyd edək ki, Türkiyə parlamenti 325 lehinə, 184 əleyhinə olmaqla hərbi qüvvələrin Liviyaya müdaxiləsinə icazə verib.