Bu monastıra qadınlar girsə, zəlzələ baş verər

0
592

Fələstinin Beytüllahim şəhərinin yaxınlığında yerləşən, 5-ci əsrə aid Mar Saba Monastırı özünəməxsus adət-ənənələri qoruyur.

Adətlərdən birinə görə, qadın ziyarətçilər monastıra girə bilməz.

Mar Sabah Monastırı Beytüllahimin 20 kilometr cənubunda Ubeydiyə kəndində bir təpənin üzərində tikilib.

Xristian dünyasının önəmli şəxsiyyətlərindən olan Yuhanna el Demaşkinin bu monastırda uzun müddət qaldığı, Ortodoks kilsəsinə aid bir çox ritualın təməlini məhz burada qoyduğu, yalnız bundan sonra bu ritualların dünyaya yayıldığı güman olunur. Rahib Kelaritoş monastırın V əsrin sonlarında bu bölgəyə müridləri ilə gələn Aziz Mar Saba tərəfindən tikdirildiyini söyləyir. Əsrlər boyu bu monastır özünəməxsus ənənələrini qoruya bilib. Məsələn, monastırın içinə qadınlar daxil ola bilməz. Təpədə yerləşən monastıra güclə çıxan yerli və ya əcnəbi qadın ziyarətçilər giriş qapısının qarşısında gözləmək məcburiyyətində qalır. Rahib Kelaritoş bu qadağanı belə izah edir: “Qadınlar kişi rahiblərin olduğu monastıra girə bilməz. Üstəlik biz burada ibadətlə məşğuluq. Ətrafımızda qadının olması düz olmaz”.

 

Yerli sakinlər isə başqa bir fikrə inanır. Bu inanca görə, əgər monastıra qadın girərsə, zəlzələ baş verəcək, ona görə bu qadağanı pozmaq olmaz. Monastıra qadınların girişi qadağan olsa da, rahiblər gələn digər ziyarətçiləri əliboş yola salmır. Gələnlərə monastırın içindəki müqəddəs olduğuna inanılan mənbədən bir parç su və xurma budağı hədiyyə olunur. Yerlilər xurma budağı ilə qaynadılan suyun müxtəlif xəstəliklərə yaxşı təsir etdiyinə inanır. Bu xəstəliklərdən biri də sonsuzluqdur. Texnologiyadan uzaq, bayırla hər hansı bir əlaqə qurmayan Mar Saba monastırında elektrikdən də istifadə olunmur. Onlar vaxtı da günəşə baxaraq təyin edir. Qüdsdəki Roma Ortadoks Patriarxlığının yepiskopu Teofanes 15 rahibin yaşadığı Mar Saba monastırında ibadətdən başqa heç bir işlə məşğul olmadıqlarını söyləyib. Həmçinin monastırda yaşamış müqəddəslərin nəşinin qalıqları da xüsusi sandıqlarda qorunur.

Ubeydiyə Bələdiyyə başqanı Naci Redaydə də Mar Saba Monastırının interyerinin və eksteryerinin divar rəsmləri, keçidləri və nərdivanları ilə nadir bir sənət əsəri olduğunu deyir. Başqan monastırın YUNESKO dünya mədəni irsinin siyahısına salınması üçün müraciət etdiklərini bildirib: “Monastırı ildə üç yüz min kişi ziyarət edir. Siyahıya salınarsa, ziyarətçilərin sayı daha da artacaq”. Kulis.az

 

BIR CAVAB BURAXIN