Böyük Britaniya “Breksit”ə doğru: Avropa İttifaqı parçalanır

0
328

Ötən həftənin sonlarında Böyük Britaniyada keçirilən parlament seçkilərinin nəticələri nəinki adıçəkilən ölkə, həm də Avropa İttifaqı üçün müəyyən qədər gözlənilməz olub. Buna da səbəb çoxlarının gözləmədiyi halda Baş nazir Boris Consonun başıçılıq etdiyi Mühafizəkarlar Partiyasının parlament seçkilərində əsas rəqibləri olan Leyboristlər Partiyası üzərində böyük səs çoxluğu ilə qalib gəlməsidir. Belə ki, parlament seçkilərində Mühafizəkarlar Partiyası 364 yer əldə edərək rəqiblərinə ağır zərbə vurublar. Bununla da Mühafizəkarlar Partiyası son illərdə Böyük Britaniya və Avropa İttifaqının baş ağrısına çevrilən “Breksit”in reallaşdırılması üçün böyük imkanlar əldə edib.

 Parlament seçkilərində qələbəsini mühafizəkarların tarixi uğuru hesab etdiyini vurğulayan Baş nazir Boris Conson isə öz növbəsində  bildirib ki, seçicilərin inamını bərpa etmək üçün gecə və gündüz işləyəcək.

Yeri gəlmişkən onu da deyək ki, Mühafizəkarlar Partiyası  sonuncu dəfə bütün dünyada “dəmir ledi” kimi tanınan və SSRİ adlı imperiyanın dağıdılmasının memarlarından biri olan xanım Marqaret Tetçerin zamanında belə böyük səs çoxluğu ilə rəqibləri üzərində qələbə çalmışdı. O vaxt Marqaret Tetçer də indiki Baş nazir Boris Conson kimi Avropa İttifaqı ilə qarşıdurmaya gedərək onları Böyük Britaniyanın  pullarını “yemək”də günahlandırmışdı. O həmin dövrdə əl çantasını təhdidedici şəkildə yelləyərək Avropa İttifaqına ultimatum vermişdi: “Pulumuzu bizə qaytarın”.

İndiki şəraitdə isə Mühafizəkarlar Partiyasının qalib gəlməsi ilə Tetçerin o dövrdə səsləndirdiyi məşhur ifadə dövrünə uyğun şəkildə mənasını dəyişərək “Biz “Breksit”i sona çatdıracağıq” çağırışına çevrilib. Günümüzdə Avropa İttifaqından çıxmaq  Böyük Britaniyanın gələcəyi üçün müqəddəs bir amala çevrilib.

 Baş nazir Boris Consonun rəhbəri olduğu Mühafizəkarlar Partiyasının parlament seçkilərində böyük səs çoxluğu ilə qalib gəlməsi öz növbəsində ABŞ Prezidenti Donald Tramp tərəfindən böyük sevinc və məmnunluqla qarşılanıb. O, parlament seçkilərinin ilkin nəticələrinin elan edilməsindən az sonra  Böyük Britaniyanın Baş naziri Boris Consonu sədrlik etdiyi partiyanın növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Bununla bağlı Donald Tramp “Tvitter”ində yazıb

“Boris Consonu böyük qələbə münasibətilə təbrik edirəm. “Breksit”dən sonra Böyük Britaniya və ABŞ yeni ticarət razılaşmasını əldə etməkdə sərbəst olacaq. Bu razılaşma Avropa İttifaqı ilə birgə əldə edilə biləcək hər hansı razılaşmadan daha böyük və daha gəlirli olacaq. Bunu qeyd et, Boris!”.

Təbii ki, Baş nazir Boris Consonun son seçkilərdə qələbə çalması ilə “Breksit”in taleyinə də aydınlıq gətirilmiş olub. Məsələyə münasibət bildirən Böyük Britaniyanın Baş naziri Boris Conson Londonda seçiciləri qarşısında çıxış edərkən deyib ki, Birləşmiş Krallıq 2020-ci il yanvarın 31-nə qədər “Breksit” prosesini həyata keçirərək Avropa İttifaqını tərk edəcək:

 “Biz “Breksit” prosesini vaxtında, yanvarın 31-dək həyata keçirəcəyik. Artıq “amma”, “əgər”, “ola bilər” kimi şərtlərə yer yoxdur. Qanunlarımız, sərhədlərimiz, maliyyəmiz, ticarətimiz və miqrasiya sistemimiz üzərində nəzarəti özümüzə qaytaracağıq”.

Mühafizəkarlar Partiyasının son parlament seçkilərində qalib gəlməsi həmçinin Böyük Britaniyada ”Breksit”lə bağlı referendum keçirilməsi təhlükəsini də aradan qaldırmış olub. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Boris Conson öz növbəsində deyib ki, dekabrın 12-də ölkədə keçirilən parlament seçkilərinin nəticələri “Breksit” üzrə təkrar referendum keçirilməsi təhlükəsini aradan qaldırıb.

Onu da deyək ki, son parlament seçkilərində rəqiblərinə böyük üstünlüklə qalib gələn Aleksandr Boris de Pfeffel-Conson 19 iyun 1964-cü ildə Nyu-Yorkda anadan olub. Həmin vaxt onun atası Stenli Conson Kolumbiya Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alırdı. Sonrakı illərdə S.Conson əhali və ətraf mühit üzrə ekspert kimi tanındı. O 1979-1984-cü illərdə isə Avropa Parlamentinin (Mühafizəkarlar Partiyasından) deputatı olmuşdu.

 Boris Consonun əsli-kökü Osmanlı imperiyasına, eyni zamanda Almaniya, Fransa və Rusiyaya gedib çıxır. Ata tərəfdən ulu babası Əli Kamal jurnalist olub və bir müddət Osmanlı imperiyasında daxili işlər naziri postunu tutub. Boris Conson 1989-1994-cü illərdə “The Daily Telegraph”da müxbir, 1994-1999-cu illərdə redaktor vəzifəsində çalışıb. Buna paralel olaraq 1994-cü ildə “The Spectator” jurnalında siyasi icmalçı kimi çalışıb. 1999-2005-ci illərdə isə bu jurnalda redaktor postunu tutub. Siyasi fəaliyyətini də davam etdirən Conson müxtəlif vəzifələrdə çalışıb, o cümlədən Henley-on-Thames dairəsinin deputatı olub, 2003-cü ilin oktyabrından 2004-cü ilin noyabrınadək Mühafizəkarlar Partiyasında sədr müavini postunu tutub, 2008-ci ilin mayından 2016-cı ilə kimi London meri olub, 2016-cı ilin 13 iyulunda Böyük Britaniyanın xarici işlər naziri  təyin edilib. Bu ilin iyul ayında isə Conson Baş nazir Tereza Meyin istefa verməsindən sonra Mühafizəkarlar Partiyasının sədri seçilib. Ümumiyyətlə Böyük Britaniyanın parlament seçkilərində qalib gələn indiki Baş naziri xarakter etibarı ilə müəyyən qədər ABŞ Prezidenti Donald Trampı xatırladır. Özünəməxsus dəlisov hərəkətlərinə görə Boris Conson bəzi tanınmış siyasətçilər tərəfindən Böyük Britaniyanın   Donald Trampı adlandırılır.

 Böyük Britaniyada Mühafizəkarlar Partiyasının seçkilərdə inamlı qələbəsi Leyboristlər Partiyasının rəhbəri Ceremi Korbinin istefaya getməsinə səbəb olub. Leyboristlərin əksəriyyəti seçkilərdə məğlubiyyəti “Breksit” amilindən mühafizəkarların bacarıqla istifadə etməsi ilə əlaqələndirirlər. Lakin leyboristlərin məğlubiyyətini yalnız “Breksit”lə bağlı onların uğursuzluğunda axtarmaq da düz olmazdı. İş orasındadır ki, Leyboristlər Partiyası, o cümlədən onun rəhbəri Ceremi Korbin seçicilərə verdikləri vədləri, əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması,  işsizliyin ləğv edilməsi, iqtisadiyyatın canlandırılması və digərlərini yerinə yetirə bilmədilər. Məhz bunun da nəticəsində leyboristlər ənənəvi olaraq güclü olduqları bölgələrdə,  o cümlədən Böyük Britaniyanın şimalında belə mühafizəkarlara məğlub oldular. Buna da səbəb qeyd etdiyimiz kimi mühafizəkarlar tərəfindən tətbiq olunan sərt iqtisadi tədbirlərin sosial sahəyə və iqtisadiyyata ciddi ziyan vurması, yoxsulluğun daha da artması oldu.  Leyboristlər Partiyasının lideri Ceremi Korbin də həlledici məqamda iradə nümayiş etdirə, ölkə iqtisadiyyatının  dirçəldilməsi və əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün qətiyyətli addımlar ata bilmədi və ya daha dəqiq desək, onun buna gücü çatmadı. Nəticədə Ceremi Korbin əhali arasında ən çox sevilməyən liderlərdən birinə, Leyboristlər Partiyası isə nüfuzunu itirən siyası “ölü”yə çevrildi. Məsələnin bu tərəfinə diqqəti cəlb edən Almaniyanın və dünyanın məşhur nəşrlərindən biri olan “Deutsche Welle”nin siyasi analitiki Robert Maç yazır:

“Leyboristlər Partiyası artıq dağıntı yığınıdır və Almaniyadakı Sosial Demokratların vəziyyətindədir. Beləliklə, Britaniyadakı son seçki prosesi daha çox “ən qeyri-populyar siyasətçilərin yarışına” bənzəyirdi və Conson ölkədə ən nifrət edilən siyasətçi olmamağı bacardı”.

 Boris Consonun son parlament seçkilərində qalib gəlməsi eyni zamanda bu ölkədə bəzi problemlər ortaya çıxarıb. Belə ki,  Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının lideri Nikola Stercen deyib ki, ölkəsində müstəqillik haqqında referendum keçiriləcək. Onun sözlərinə görə, şotlandlar Avropa İttifaqından ayrılmaq istəmir və “Breksit”ə yox deyir: “Referendum Şotlandiya xalqının gələcəyini təyin etmək üçün demokratik hüququn təsdiqidir”.
Yeri gəlmişkən xatırladaq ki, Şotlandiyada müstəqillik haqqında referendum 2014-cü ildə keçirilib. O vaxt referendumda iştirak edənlərin 55 faizi Şotlandiyanın Böyük Britaniyanın  tərkibində qalmasına səs vermişdi.

Öz növbəsində Boris Conson deyib ki, Şotlandiyanın qısa müddətdə ikinci dəfə müstəqillik haqqında referendum keçirməsinə ehtiyac yoxdur və əhali 2014-cü ildə öz seçimini edib.

Beləliklə, Mühafizəkarlar Partiyasının son seçkilərdə qələbə çalmasının Avropanın siyası həyatına  təsirsiz ötüşməyəcəyini, Avropa İttifaqında mərkəzdənqaçma meyllərinin artacağını və parçalanma prosesinin dərinləşəcəyini göstərir.

Emin Axund

Arazinfo.com