“Bizdən top kimi istifadə etdilər” – məxfi muzdlular barədə ŞOK DETALLAR

0
560

Suriyada məxfi Rusiya muzdluları aşkar edilib.

 

Publika.az xəbər verir ki, Britaniyanın “Sky News” telekanalı Rusiya hərbi təyyarələrində təlim keçən və Bəşər Əsədin rəqiblərinə qarşı vuruşmaq üçün hazırlıq keçən insanlarla söhbət edib.

 

Rusiya məmurları dəfələrlə bildirib ki, “təlimatçılar və hərbi məsləhətçilər”in məhdud sayından başqa, Suriya əməliyyatlarına quru qoşunlarının cəlb edilməsinə ehtiyac görmür. Rusiyada keçirilən sorğular da göstərir ki, əhali Suriya müharibəsinə onların ölkəsinin daha genişmiqyaslı cəlb olunmasına qarşıdır.

 

Amma “Sky News” kanalı ilə danışan insanlar bildirirlər ki, onları məxfi hərəkət edən “Vaqner” adlı şəxs hərbi şirkət cəlb edib və Rusiyanın hərbi-nəqliyyat təyyarələri ilə Suriyaya göndərib. Onların sözlərinə görə, aya üç min funt-sterlinq alıblar və qarşılığında üsyançı qruplaşmalarla ən sərt döyüşlərdə iştirak ediblər.

 

Bu qrupdan “Sky News”a danışan iki nəfər – Aleksandr və Dmitri (şərti adlardır) döyüşlərdən sağ çıxa biliblər.

 

“Sağ qalmaq şansı əlli əlliyədir. Pul üçün gedən insanların əksəriyyəti həlak olurlar. Kimlər ki, idealları üçün mübarizə aparırlar, onlarda sağ qalmaq şansı daha çoxdur”, – Aleksandr deyib.

 

Dmitri qeyd edib ki, Suriyada təxminən 500-dən 600-ə qədər Rusiya muzdlusu həlak olub. Onun sözlərinə görə, ən dəhşətlisi və qorxuncu odur ki, onlar haqqında heç kəs heç nə bilmir.

 

Fevralda Rusiyanın baş naziri Dmitri Medvedev xəbərdarlıq etdi ki, əməliyyatlara quru qoşunların cəlb edilməsi “dünya müharibəsi”nə gətirib çıxara bilər. “Amma görünür, o, bu hesablamalarında Rusiya muzdurlarından istifadəni nəzərə almamağa qərar verib. Analitiklər də heç nəyə təəccüblənmirlər”, – Britaniya kanalı bildirib.

 

Hərbi ekspert Pavel Felqenqauerin fikrincə, hərbi muzdurlarla əməliyyatlar Rusiyanın “hibrid müharibə” metodlarına tamamilə uyğun gəlir: “Görünür, “Vaqner” həqiqətən mövcuddur. Bu cür döyüşçülər Rusiyanın istəyindən asılı olaraq müxtəlif döyüş əməliyyatları zonalarında meydana çıxırlar. Əvvəlcə Krımda, sonra Donbasda, indi isə Suriyada. Amma onlar indiyə qədər qeyri-leqal hesab edilirlər”.

 

“Sky News” yeni bir əsgərlə “Vaqner”in agenti arasındakı söhbətin mətnini də dərc edib.

 

Əsgər: Mən eşitmişəm ki, “Vaqner” döyüşçülər axtarır. Mən orduda olmuşam, diviziyada.

“Vaqner”: səndə fiziki forma necədir?

Əsgər: mən 10 kilometr qaça bilərəm.

“Vaqner”: 13 dəqiqə ərzində 3 kilometr qaça biləcəksən?

Əsgər: əlbəttə! Mən orduda 40 dəqiqə ərzində 11 kilometr qaçırdım.

“Vaqner”: səndə qanunla bağlı hər hansı problemlər var?

Əsgər: məndə pul problemi var. Mən mənzil almaq istəyirəm.

“Vaqner”: səndə xarici pasport var?

Əsgər: bəli, əlbəttə.

Vaqner: yaxşı, Molkinoya gəl. Seçim üçün səndə bütün şanslar var.

 

Molkino Rusiyanın cənubunda yerləşən kiçik kənddir. Burada Müdafiə Nazirliyinin xüsusi qoşunlarının bazası yerləşir. Bazanın bir hissəsi seçim və yeni əsgərlərin hazırlığı üçün “Vaqner”ə verilib.

 

Suriyada bir sıra missiyalar həyata keçirən Aleksandrın sözlərinə görə, təlimə bütün hazırlıq səviyyələrində olan, hətta əlində heç vaxt silah tutmayan kişiləri qəbul edilirlər. O bildirir ki, döyüş məşqi çox intensiv keçir və adətən bir-iki aya qədər davam edir.

 

“Əgər insan orduda olmayıbsa, onu sıfırdan öyrədirlər. Onları adi ət topu kimi hazırlayırlar. Əgər insan artilleriya, kəşfiyyat və hücum briqadalarında xidmət edibsə, onun bacarıqları cilalanır. Mənimlə 564 əsgər var idi və bizi Rusiyanın Suriyadakı bazasında yerləşdirdilər. Bizdə iki kəşfiyyat bölüyü, bir zenit bölüyü, iki hücum qrupu, piyada qoşunu, ağır artilleriya, tanklar və sair var idi”, – Aleksandr əlavə edib.

 

Dmitrinin sözlərinə görə, məşq üçün yeni əsgərlərə “Standart NATO” təchizatı verirdilər. O, isə bildirir ki, onunla birlikdə 900 döyüşçü olub.

 

“Vaqner”in döyüşçüləri komandirlərini ittiham edirlər ki, onları Suriya ordusunun hücumundan əvvəl üsyançı qruplaşmaların müqavimətinin zəiflədilməsi üçün təhlükəli əməliyyatlara yollayırdılar.

 

Aleksandr Palmiranın azad edilməsi üçün aparılan döyüşdən danışıb: “Palmiraya hücumu zamanı bizdən ət topu kimi istifadə etdilər. İlk olaraq vəziyyəti öyrənmək və müşahidə aparmaq üçün kəşfiyyatçılar getdi. Mənim hücum qrupumda 18 insan ölmüşdü”.

 

Rəsmi məlumatlara görə, Suriyada 19 rusiyalı həlak olub. Ancaq “Vaqner”in döyüşçüləri əmindirlər ki, döyüşlərdə onların yüzlərlə həmkarı öldürülüb. Onlar hakimiyyəti bu faktları gizlətdiyi üçün ittiham edirlər.

 

Dmitrinin sözlərinə görə, yüzlərlə insanın cəsədi Suriyada qalıb: “Onları bəzən dəfn edirlər. Bəzən isə sadəcə çuxura doldururlar. Bu, onların komandirinin necə insan olmasından asılıdır”.

 

Dmitri artıq Rusiyaya qayıdıb. Sənədlərini almaq üçün təlim keçdiyi bazaya gedən Dmitri həbs edilir. Ona bildirilir ki, “Vaqner” “mövcud deyil”. O, “Sky News”a danışıb ki, “Vaqner”in sağ qalmış daha 50 döyüşçüsü hazırda Moskvanın küçələrində sənədsiz dolaşır: “Onlar məni sadəcə taleyin özbaşınalığına atdılar”.

 

Xatırladaq ki, hələ bu ilin əvvəlində Rusiyanın “Fontanka” nəşri sözügedən mövzu ilə bağlı araşdırma aparıb. Araşdırmada deyilir ki, Rusiya Ukrayna və Suriyaya mövcud olmayan hərbi şirkətin döyüşçülərini yollayır.

 

Nəşrin yazdığına görə, Rusiyanın mövcud olmayan şəxsi şirkətlərinin döyüşçüləri Ukrayna və Suriyada itkilər verirlər. Məzar daşlarında döyüşçülərin yaşadığı illər və ölüm tarixləri var. Amma son döyüş yeri haqqında məlumatlara gəlincə, çox “xəsis” davranırlar.

 

“Vaqner” şirkəti rəsmi olaraq mövcud deyil. Nə güc strukturlarında, nə hüquqi şəxslərin reyestrində onun adını tapmaq mümkündür. Döyüşçülərın adları şəxsi heyətin formulyar siyahılarında da yoxdur.

 

Bundan başqa, Rusiyada şəxsi hərbi şirkətlər haqqında qanun mövcud deyil. Şəxsi hərbi şirkətlər Rusiya Konstitusiyasına uyğun olaraq qadağan edilib. Qanuna uyğun olaraq arsenalında zirehli hərbi maşınlar, daşınabilən zenit kompleksləri və minaatanlar olan mülki təşkilatlar ola bilməz. “Amma o var”, – “Fontanka” yazıb.

 

2013-cü ildə Suriyada dağıdılan “Slavyan korpusu” əsasında formalaşdırılmış “Vaqner” 2014-cü ilin yazından Krımda, daha sonra isə Luqansk vilayətində hərəkət edib.

 

Vaqner kimi tanınan şəxs ehtiyatda olan polkovnik-leytenant Dmitri Utkindir. O, 2013-cü ilə qədər Müdafiə Nazirliyinin Əsas kəşfiyyat məntəqəsində çalışıb.  Ehtiyata çıxandan sonra dəniz gəmilərinin mühafizəsi sahəsində ixtisaslaşan şəxsi şirkət “Moran Security Group”da işləyib. 2013-cü ildə MSG-nin menecerləri “Slavyan korpusu”nu təşkil edərək onu Suriyaya Bəşər Əsədi müdafiə etməyə göndərib. Korpus bir sıra müvəffəqiyyətsiz döyüşlərdə iştirak edib. Dmitri Utkin 2014-cü ildən şəxsi bölmənin komandiridir və onun çağırışı ilə bölmə “Vaqner” adını alıb.

 

“Fontanka”nın yazdığına görə, “Vaqner”in döyüşçüləri Ukrayna və Suriya ərazisində döyüş hərəkətləri üçün dövlət mükafatları alırlar.

 

2015-ci ilin sentyabrında Suriyaya girən bölükdəki 93 nəfərdən yalnız üçdə biri geri qayıda bilib. Əsas itkilər 2016-cı ilin yanvar-fevral aylarında Palmira şəhəri uğrunda gedən döyüşlərdə olub.

 

Martın 26-da Suriya hərbçiləri Palmiranı azad edərək nümayişkaranə şəkildə “İslam dövləti”nin (İŞİD) bayrağını yandırdılar. Rusiya Silahlı Qüvvələrinin Baş qərargahı şəhərin azad edilməsi uğrunda hərbi əməliyyatı şərh edərək Rusiya qoşunlarının qələbənin qazanılmasında xüsusi töhfə verdiyini qeyd edib.

 

Ömər Dağlı

BIR CAVAB BURAXIN