“Bilsəydim Bakı belədir bura gəlməzdim” – Məhəmmədi sakinləri fəryad edir

0
729

Məhəmmədi qəsəbəsi sakinləri onlara qarşı diqqətsizlikdən gileylənərək, xüsusən də qış aylarında çox əziyyət çəkdiklərini bildiriblər.

Moderator.az – ın əməkdaşı bunun izinə düşərək şikayətçi olan sakinlərlə görüşüb. Bir çox yerlərə baxış keçirdikdən sonra belə qənaətə gəldik ki, Bakı qəsəbələrindəki sosial vəziyyət hardasa ucqar bir rayon kəndindən heç nə ilə fərqlənmir. Biz hər dəfə həmin qəsəbələrdə sakinlərlə görüşüb, oxucularımızı yaranmış problemlərlə tanış edəcəyik.

Metronun “Koroğlu” stansiyasından çıxıb 217 saylı xətt üzrə hərəkət edən Məhəmmədi qəsəbə avtobusuna əyləşərək yola düşürük. Avtobusta sakinlərlə söhbətimiz zamanı məlum olur ki, Məhəmmədi qəsəbəsi çox qədim kənddir. Tarixini dəqiq deyən olmur. Sakinlər bildirirlər ki, məscidlərin tarixini bilirik, onu da qəsəbədə yaşayış olandan sonra sakinlər tikdirib. Qəsəbəyə çatdıqda biz də digər sərnişinlər kimi düşürük.

“Qışda qrunt suları evlərimizin altına dolur…”

Dayanacaqda əyləşmiş iki yaşlı kişiyə yaxınlaşıram. Jurnalist olduğumu dedikdə ürəkləri açılır. Problem qəsəbədə yol və kanalizasiya sistemidi:

“İşığımız, qazımız, suyumuz var, amma yolumuz və qəsəbədə kanalizasiya sistemi olmadığı üçün qışda qrunt suları evlərimizin altına dolur”.

mehemmedi

Ağsaqqalllar istiqamət verir ki, qəsəbədə ən çox əziyyət çəkən yeni yaşayış massivinin sakinləridi. Bura getmək üçün isə Kürdəxanı qəsəbəsinə gedən 173 saylı xətt üzrə hərəkət edən avtobusa minirik. Yeni yaşayış massivi Məhəmmədi qəsəbəsinin tərkibində olsa da, Kürdəxanı qəsəbəsinə daha çox yaxındı. Elə buranın sakinləri də evlərinə Kürdəxanı qəsəbəsinin avtobusu ilə gedirlər.

“Tovuzdan gəlməyimə it kimi peşmanam…”

Əslən Tovuz rayonundan olan Yeni yaşayış massivinin sakini əlindəki bel ilə yoldakı sulara çuxur açarkən rastımıza çıxır. Zahid Rzayev Tovuz rayonundandı, indi isə Bakıda işləyir. İş yerini yazmamağımızı deyir, qorxur ki, buna görə işindən də olar: “Tovuzdan gəlməyimə it kimi peşmanam, oğul. Uşaqlar gəldi, mən də məcbur olub onlarla gəldim. Payızda və qışda burda suyun içində oluruq. Evlərimizin zirzəmisi hamısı qrunt sularıdı. Adi ötən həftə yağan yağışın suyundan biz hələ ki, canımızı qurtara bilməmişik. Evdə körpə nəvələrim var, vallah bu suyun içində yaşamaq əməlli – başlı xəstəlikdi. Allah bilir axırda nə xəstəliyi tutacağıq. Dəfələrlə qəsəbə bələdiyyəsinə bildirimişik ki, biz bu zülmdəyik, amma baxan yoxdu.”

mehemmedi sakin

Elə bir neçə sakinin evlərinin zirzəmisinə də baxırıq. Gerçəkdən adamı vahimə basır. Bildirdiklərinə görə evin zirzəmisinə ancaq rezin çəkməylə girmək mümkündü. Yeni yaşayış massivində bir – iki ailəni çıxmaq şərti ilə qalanları hamısı bura rayonlardan pənah gətiriblər. Elə bura pənah gətirənlərdən biri də Nadir Əhmədovdu. Nadir əslən Beyləqan rayonundandı:

“Vallah rayondan kimsə gəlib bizi burda görsə, gülər…”

“Uzun zaman Rusiyada yaşadım. Sonra yaxınlarım mənə dedilər ki, gəl sənə Bakıda torpaq alaq ev tik. Mən də razılaşdım. Bilsəydim Bakı buradı, gəlməzdim. Vallah rayondan kimsə gəlib bizi burda görsə, gülər. Deyər gül kimi rayonu qoyub bu palçıqda niyə batmısan. Evlərimizin zirzəmisini torpaq gətirib doldururuq ki, su döşəməyə qalxmasın. Biz doldururuq, su qalxır. Bu çıxış yolu deyil axı, bura kanalizasiya çəkilməlidi. Yollarımız o qədər su olur ki, səhər işə gedə bilmirik”.

“Gələn ancaq torpaq satıb pul qazanır…”

Əslən Astara rayonundan olan Nuranə Mirzəyeva da adı çəkilən problemlərdən şikayətçidi. Bir neçə ildir aldığı torpağa görə torpaq sahibi ilə Məhəmmədi bələdiyyəsinin əlindən zülm çəkdiyini deyir:

“Sizə deyilən problemlərin hamısı düzdü. Mən də bir qonşu kimi qonşularımın dediyi problemlərdən əziyyət çəkirəm. Azyaşlı uşağım var. Qızım bu il birinci sinifə gedir. Bu yol ilə məktəbə uşaq aparmaq olar? Kürəyimdə aparıram uşağı asfalta qədər. Bu torpağı da qonşumdan alıb ev tikdim. O da başıma bəla oldu. Neçə ildir ki, bələdiyyə deyir torpaq mənimdi, torpağı mənə satan deyir torpaq mənimdi. Ortada mənim əsəblərim korlanıb. Bələdiyyə sədrimiz Vaqif Nəbiyev idi. Deyilənə görə onu da işdən çıxarıblar. Təzə bələdiyyə sədri gəlib. Amma, heç bilmirik kimdi. Guya bilib neynəyəcəyik. Heç kim bizimlə maraqlanmır. Gələn ancaq torpaq satıb pul qazanır. Axı prezidentin qərarı var ki, Bakı ətrafı kənd və qəsəbələrdə yolları bələdiyyələr təmir etməlidi”.

“Bizə müvafiq qurumların da köməyi lazımdı ki…”  Həmçinin oxu  BAKIDA BƏLƏDİYYƏ SƏDRİ İŞDƏN ÇIXARILIB – İcra başçısının qəzəbinə gəlib

Sakinlər bildirir ki, məcbur olub özləri – özlərinə gün ağlayırlar. Pul yığıb yolarını təmir edirlər. Bu işi isə sakinlərdən biri Ceyhun Allahverdiyev öz üzərinə götürüb:

“Bir neçə dəfə yollarımızı təmir etmək üçün sakinlərlə öz aramızda pul toplamışıq. Siz gördüyünüz bu yolun indi hələ yaxşı vəziyyətidi. Burdan vaxt olub nə maşın ilə, nə də piyada keçmək mümkün olmayıb. Gördüyünüz bu daş tozunun bir Kamazını 50 manata gətirib yollara yayırıq ki, keçmək mümkün olsun. Bizə müvafiq qurumların da köməyi lazımdı ki, şəraitimizi yaxşılaşdıraq. Bizdə də o qədər vəsait yoxdu axı hər şeyi özümüz həll edək.

Vallah o gün təcili yardıma zəng vurduq gəlib burdan o yana keçə bilmədi. Onları da qınamalı deyil. Yollarımızda o qədər böyük çalalar var ki, böyük maşınlar da batır. Hamımızın xeyrimiz – şərimiz var, belə olmaz axı. Gərək bir şey fikirləşsinlər. Sabah bu yolu biz düzəldəndən sonra bələdiyyələr öz adlarına çıxacaqlar ki, guya yolları bunlar təmir edib”.

***

“AzPolitika.info”dan: Nəzərinizə çatdıraq ki, bu qəsəbənin problemlərini saymaqla bitməz. Uzun illərdir bu qəsəbə baxımsızlıqdan əziyyət çəkir. Qəsəbənin yolları, marşurutu (217-N-li marşurut) bərbad vəziyyətdədir.

Mövzunu diqqətdə saxlayacağıq.

BIR CAVAB BURAXIN