BEYNƏLXALQ BANKDA NÖVBƏTİ QANUNSUZLUQ – Bankın rəhbərliyindəki təyinatlar barədə qanun nə deyir?

0
706

samir-sherifov-1

Abbas İbrahimovun “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinə üzv və sədrin birinci müavini təyin olunması qanunvericiliyin tələbinə ziddir. “APA-Economics” xəbər verir ki, “Banklar haqqında” qanunun 26-cı maddəsinə əsasən İdarə Heyəti 3 nəfərdən az olmamalı, o cümlədən tək sayda üzvlərdən ibarət olmalıdır.

Qeyd edək ki, ABB-nin bu gün yaydığı açıqlamada deyilir ki, bankın Müşahidə Şurasının toplantısında İdarə Heyətinə yeni üzvün qəbulu və İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyinatı məsələsinə baxılıb. Bu vəzifəyə A.İbrahimov təyin edilib. Beləliklə, ABB-nin İdarə Heyətinin üzvlərinin sayı 6-ya (sədr + I müavin + 4 müavin) çatıb. Bu təyinatadək A.İbrahimov “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Cari ilin yanvar ayının 10-da ABB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda Bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib. X.Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edirdi.

Həmin gün Aqşin Əmirov X.Əhədovun müavini təyin olunub. Bunadək A.Əmirov “Bank Respublika” ASC-də analoji vəzifəni tutub.

“MÜŞAHİDƏ ŞURASI QANUNSUZLUQ EDİB”

ekremHüquqşünas Əkrəm Həsənovqanunun həmin müddəasını uğursuz hesab edir. Buna baxmayaraq, mütəxəssis deyir ki, qanunun tələblərinə riayət olunmalıdır: “Dünya praktikasında belə hallara rast gəlinmir. Uğursuz bir müddəadır. Düzdür, bu, başqa mövzudur. Qanunun tələblərinə riayət olunmalıdır. Görünən odur ki, “Azərbaycan Beynəlxalq Bankı”nın Müşahidə Şurasının həmin qərarı da qanunsuzdur. Müşahidə Şurası ya əlavə bir nəfər də təyin etməli idi, ya da bir nəfəri tutduğu vəzifədən azad etməli idi”. Ə.Həsənov əlavə edib ki, təyinata razılıq verən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) da qanunsuzluğa yol vermiş olacaq.

Qeyd edək ki, bankın Müşahidə Şurasının sədri maliyyə nazirinin müavini Azər Bayramovdur. Şuranın üzvləri isə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov, Maliyyə Nazirliyinin Hüquq şöbəsinin müdiri Xalıq Rəhmanov, Maliyyə Nazirliyinin şöbə müdirinin müavini Müşviq İsrafilov, “Moskva Mehmanxana” ASC-nin İdarə Heyətinin sədri Səidə Bayramovadır. Qərar bu şəxslərin iştirakı ilə baş tutmuş toplantıda verilib.

BANK VƏ TƏNZİMLƏYİCİ NƏ DEYİR?

aqsinBankın mətbuat xidmətindən “APA-Economics”ə bildirilib ki, ABB-nin İdarə Heyətinin üzvlərinin sayı 5 nəfərdir: “Bankın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışan Aqşin Əmirovhazırda İdarə Heyətinin üzvü deyil. ABB-də struktur dəyişikliklərinin aparılması və İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsinə bankın Müşahidə Şurasının növbəti iclaslarından birində baxılacaq”. Maraqlıdır ki, bankın saytında Aqşin Əmirov İdarə Heyəti sədrinin müavini kimi göstərilib.

MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov isə “APA-Economics”ə açıqlamasında bildirib ki, Abbas İbrahimovun təyinatının təsdiqlənməsi ilə bağlı palataya müraciət olunmayıb: “Xalid Əhədovun (bir müddət öncə ABB-nin İdarə Heyətinin sədri təyin olunub – red.) təyinatı ilə bağlı bizə müraciət daxil olub, lakin müavinlərinin (birinci müavin Abbas İbrahimov və müavin Aqşin Əmirov – red.) təyinatı ilə bağlı müraciət yoxdur”.

ABB-dəki QANUNSUZLUQLARDA MALİYYƏ NAZİRLİYİNİN İZİ…

Elmar_MammadovQeyd edək ki, Azərbaycan Beynəlxalq Bankında baş verən bir çox qanunsuzluqlar məhz Maliyyə Nazirliyi və birbaşa nazir Samir Şərifovun adı ilə bağlanılır. Bu barədə Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev bir sıra ciddi ittihamlar səsləndirib.

Cahangir Hacıyevdən sonra ABB-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilən Elmar Məmmədovun qısa müddətdə banka ayrılan milyardları “əritməsi” də onun Samir Şərifovla birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir. Samir Şərifovun yaxın adamı kimi tanınan Elmar Məmmədovun “Azər-Türk Bank”ın sədri vəzifəsindən Beynəlxalq Banka məhz bu milyardları “yerbəyer” etmək üçün gətirildiyinə dair iddialar var.

Elə Elmar Məmmədovun Beynəlxalq Bankın sədri olduqdan sonra  “qara bazar” olayına birbaşa rəhbərlik etməsi də bununla bağlanılır. Ancaq bu hadisənin üstünün açıldığı və ən üst səviyyədə E.Məmmədovun cəzalandırılması ilə bağlı göstəriş verildiyi bildirilir.

Bu başqa yazının mövzusu olduğundan üzərində geniş dayanmırıq. Ancaq qeyd edək ki, Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə yaranmış maliyyə böhranını bank sektorunun fəaliyyəti ilə bağlayıb. Sitat: “Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.

Təbii ki, burda söhbət nəzarət-səhm paketi dövlətə məxsus banklardan gedir ki, bura da Beynəlxalq Bank və “Azər-Türk Bank” aiddir.  Hər iki banka nəzarət Maliyyə Nazirliyi tərəfindən həyata keçirilib. Hətta son dövrlər rəhbərlikdə də nazir Samir Şərifovun adamları olub.  Odur ki, Prezidentin cəzalandıracağı şəxslər arasında Maliyyə Nazirliyinin rəhbərliyindəki şəxslərin, o cümlədən nazir Samir Şərifovun da olacağı ehtimalı çox yüksəkdir. Təsadüfi deyil ki, hökumət çevrələrində S.Şərifovun tezliklə vəzifəsindən uzaqlaşdırılacağı gözləntisi var. 

Murad Məmədov
AzPolitika.info

BIR CAVAB BURAXIN