Beynəlxalq Bank 300 manat maaş alan şəxsə 1 milyon krediti necə verib?

0
127

Azərbaycan Beynəlxalq Bankının sabiq başçısı Cahangir Hacıyevin məhkəməsi davam etdirilib.

Bu gün proses Bakı Fındıq Emalı Zavodunun sabiq direktoru, təqsirləndirilən Azad Cavadovun dindirilməsi ilə başlayıb. Dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandıran A.Cavadov Cahangir Hacıyevlə tələbə yoldaşı və yaxın dost olduğunu, sonuncunun dəvəti ilə Bakı Fındıq Emalı Zavodunda əvvəl direktor müavini, daha sonra isə direktoru kimi fəaliyyət göstərdiyini deyib. Təqsirləndiriləın şəxs sualları cavablandırarkən bildirib ki, onun barəsində əvvəl də cinayət işi açılıb. Həmin cinayət işi zavodda aparılan yoxlamalara görə olub. Cavadov bankdan götürülən 17 milyon manatlıq kreditlə həmin borcu ödəyib və bundan sonra yeni cinayət işi açılıb.

Virtualaz.org-un xüsusi müxbiri məhkəmə zalından xəbər verir ki, dövlət ittihamçısının “Sizin qaynananızın adına 816 min manat kredit olub. Bu barədə nə deyə bilərsiz?” sualına Azad Cavadov belə cavab verib: “Həmin kredit əvvəl vəkil Akif Məlikovun adına olub. Akif Məılikov dedi ki, kreditlə soyuducu almaq istəyən zaman ona bildiriblər ki, adına böyük məbləğdə kredit var. Sonra həmin krediti qaynananmın adına keçirdim”.

Təqsirləndirilən şəxs vəkillərin suallarını cavabalandırarkən deyib ki, ümumilikdə 60 milyonluq kredit müəssisənin genişləndirilməsinə sərf edilib və Beynəlxalq Bank da pulların xərclənməsinə nəzarəti həyata keçirib. Həmin pullardan 6 milyon manatı isə, ittihama görə, mənimsənilib.

Daha sonra prosesdə “İnter Security” mühafizə şirkətinin 14 nəfər əməkdaşı dindirilib. Onlar rəhbərlik tərəfindən banka göndərildiklərini və götürülən kreditlərdən xəbərsiz olduqlarını deyiblər. Həmin şəxslər rəhbərliyin göstərişi ilə bankda gedib sənədlərə qol çəkdiklərini söyləyiblər.

Şahid qismində dindirilən Orxan Xanlarov ifadəsində Beynəlxalq Bankdan onun adına 895 min manat kredit götürüldüyünü deyib: “Mənə dedilər ki, şəxsiyyət vəsiqəni götür, ofisə gəl, sənədlərə qol çəkmək lazımdır, getdim. Müəssisənin problemləri ilə bağlı şirkətə kredit götürmək lazım olduğunu dedilər. Mən nə pul görmüşəm, nə də pul götürmüşəım. Pul hara gedib, hara xərclənib, bilmirəm. Dedilər ki, tez bir zamanda adınıza olan kredit bağlanacaq, razılaşdım. İşimi itirməkdən qorxduğum üçün razılaşdım”.

Şahid qismində dindirilən Hüseynağa Quliyev eyniməzmunlu ifadə verib. O əlavə edib ki, adına kredit götürülməsindın 3 ay sonra xəbər tutub.

Mühafizəçi işləyən İlqar Bayramov adına 1 milyon manat həcmində kredit götürüldüyünü deyib: “Adıma kredit götürülməsinə razılaşdım. Amma məbləği bilmirdim. Sonradan öyrəndim ki, kreditin məbləği 1 milyondur”.

Şahid Nəriman Paşayev ifadəsində göstərib ki, banka gələrkən işçilərin 10-15 nəfərinin orada olduğunu görüb. Sənədlərə qol çəksə də, kredit olduğunu sonra bilib: “Kreditə kompüter götürmək istəyəndə dedilər ki, adına 1 milyon manat kredit var. Mən 300 manat maaş alırdım, bəlkə heç adıma kredit götürülməsinə razılaşmayacaqdım. 300 manat alan şəxsə Beynəlxalq Bank 1 milyon kredit verib”.

Şahid Rövşən Vəliev, Mövsüm Allahyarov, Orxan Sultanov Ramin Musayev də eyniməzmunlu ifadələr veriblər.

Məhkəmə prosesi fasilədən sonra davam edəcək.

İnarə Rafiqqızı

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × four =