Berlində yük maşını Milad yarmarkasına çırpılıb – 12 ölü

0
547

 

Berlində izdihamlı Milad yarmarkalarının birinə yük maşınının çırpılması nəticəsində 12 nəfər həlak olub, daha 48 nəfər xəsarət alıb.

Almaniya mediası hadisə yerindəki polis əməkdaşlarına istinadən bildirir ki, açıq havada qurulan bazara hücum edildiyini göstərən əlamətlər var.

Hadisə İkinci Dünya Müharibəsindən xatirə kimi saxlanmış Kaiser Wilhelm kilsəsinin xarabalıqları yaxınlığında baş verib.

Reuters agentliyi yazır ki, hadisə ötən iyulda Fransanın Nitsa şəhərində ağır yük maşınının bulvarda gəzişən izdihamın üstünə sürülməsini xatırladır.

Bastiliya günündə 86 nəfərin ölümü ilə nəticələnmiş hücumu Tunis əsilli bir kişi törətmişdi.

Bu hücum üçün məsuliyyəti öz üzərinə İslam Dövləti adlandırılan qruplaşma götürmüşdü.

Xəbər verilir ki, Berlindəki hadisə yarmarkada Milad hədiyyələri alış-verişinin şıdırğı vaxtında baş verib.

Reuters-in məlumatına görə polis ətraf küçələri bağlayıb və böyük təhlükəsizlik əməliyyatına başlanıb.

Şahidlər bildirirlər ki, ağır yük maşını saatda təxminən 40 kilometr sürətlə gedirmiş.

Bəzi mənbələr “hücum edənlərin “iki nəfər olduqlarını və birinin öldürüldüyünü” xəbər verirlər.

Bu xəbərlərin polis mənbələrindən alındığı bildirilsə də rəsmən təsdiq edilməyib.

Bu arada Almaniyanın DPA xəbər agentliyi təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, sözü gedən yük maşınının sükanı arxasında ölkəyə fevral ayında gəlmiş əfqanıstanlı və ya pakistanlı qaçqın olub.

Polisin Tvitter hesabından göndərilmiş postda deyilir ki, yük maşınını sürən şəxs həbs olunub, onun yanındakı “sərnişin” isə aldığı xəsarətlərdən ölüb.

 

BIR CAVAB BURAXIN