Batumidə 50 turistin pulunu kazinoda kim xərcləyib?

0
562

Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov virtualaz.org saytına açıqlamasında azərbaycanlı turistləri Batumidə aldadan turizm şirkətlərinin adını açıqlayıb. Turistlərin özlərinin dediyinə görə, bunlar “Art Travel”, “Ray Travel”və “East Gate Travel”olub.

“East Gate Travel” turizm agentliyindən virtualaz.org saytına bildiriblər ki, belə bir hadisənin baş verməsi onların özlərini də pis vəziyyətdə qoyub: “Hadisə barədə dünən xəbər tutmuşuq, inana bilmirik. Əvvəl “Ray Travel” şirkəti ilə əməkdaşlıq etmişik. Turla bağlı bizə müraciət olunanda “Ray Travel”ə yönəldirdik. Bizim orada cəmi 5 turistimiz olub. Turistlərin pulları “Ray Travel” şirkətinin əməkdaşları Ülvi və Hüseyn adlı şəxslərə verilib”.

“East Gate Travel”in əməkdaşı dünəndən bəri ardıcıl olaraq “Ray Travel” turizm şirkəti ilə əlaqə saxlamağa çalışdıqlarını, amma telefonlara cavab verilmədiyini bildirib.

Digər iki turizm şirkəti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb. Mövzunu diqqətdə saxlayacağıq.

İnarə Rafiqqızı

Virtualaz.org

*   *   *13:22

Azərbaycanın Batumidəki Baş konsulluğu azərbaycanlı turistlərin Batumidə aldadılması ilə bağlı yaranan vəziyyətə aydınlıq gətirib.

Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılov “Trend”ə bildirib ki, həmin turistlərə lazımi köməklik göstərilib: “Bu gün həmin turistlər Batumidəki Baş konsulluğa müraciət ediblər. Baş konsulluq və şəxsən mənim müdaxiləmdən sonra turistlərin pasportları geri qaytarılıb”.

Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin Batumiyə apardığı 50-yə yaxın turisti yolda qoyması xəbəri konsulluğa daxil olan kimi baş konsulluq bununla bağlı tədbir görüb: “Sözügeden şirkət turistləri yerləşdirdiyi otelin ödənişini etmədiyinə görə, onların pasportları otel tərəfindən götürülüb. Baş konsulluq və şəxsən mənim müdaxiləmdən sonra turistlərin pasportları geri qaytarılıb. Çox güman ki, təsdiq olunduğu halda, adıçəkilən turizm şirkəti törətdiyi əmələ görə məsuliyyət daşıyacaq. Bu isə artıq hüquq-mühafizə orqanlarının işidir. Baş konsulluq səlahiyyəti daxilində zərərçəkmiş azərbaycanlı turistlərin hüquq və müdafiəsi üçün lazmi tədbirləri həyata keçirib”.

Baş konsul eyni zamanda, turistlərin kazinoya aparılmasına da münasibət bildirib: ”Turistlərin yazdığı ərizədə bu barədə heç nə qeyd olunmayıb”.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin əməkdaşları Batumidə otel və turistləri aparan avtobus üçün ödənilməli olan pulu kazinoda uduzublar və nəticədə, turistlər çətin vəziyyətdə qalıb.

BIR CAVAB BURAXIN