Bakını daha bir söküntü qalmaqalı gözləyir

0
601

Nazirlər Kabineti bu ilin aprelində Xətai rayonu, Cavanşir küçəsi 10 və 14-də yerləşən, qəzalı vəziyyətdə olan iki  yataqxananın sökülməsi barədə qərar verdi. Qərara əsasən həmin yataqxanalarda faktiki yaşayan ailələrin hər birinə 45 min manat kompensasiya ödənilməsi nəzərdə tutulub.

Cavanşir küçəsi 14-də yerləşən yataqxana 2003-cü ilə qədər Bakı avtomobil zavodunun balansında olub. Sonradan otaqlar özəlləşdirilib, sakinlərə order və “kupça”lar verilib. Amma yataqxananın sökülməsi barədə qərardan sonra sakinlər arasında narazılıq yaranıb. Sakinlər deyirlər ki, Nazirlər Kabinetinə kompensasiya ilə bağlı göndərilən siyahı düzgün tərtib edilməyib. Buna görə də sakinlər yataqxananı boşaltmaqdan imtina edirlər. Və belə görünür ki, Bakını daha bir səs-küylü, qalmaqallı və etirazlı söküntü hadisəsi gözləyir…

Cavanşir küçəsindəki yataqxananın sakinlərindən biri, şəhid anası Sevil Əliyeva da narazılardan biridir. Onun danışdıqlarından: “Xətai Rayon İcra Hakimiyyətininin bizi qəbul edən əməkdaşına şəhid anası olduğumu söylədim. Dedi ki, nə olsun şəhid anasısan, ölkədə sənin kimi yüzlərlə şəhid anası var. Sənin oğlunu hərbi xidmətə mən göndərməmişəm ki. İndiyədək qapımı açıb soruşmayıblar ki, hansı şəraitdə yaşayırsan, vəziyyətin necədir? İndi də iki mənzilə cəmi 45 min manat kompensasiya ödəyirlər. Səbəb də odur ki, vaxtında istədikləri rüşvəti verib otağın birini övladımın adına sənədləşdirə bilməmişəm”.

-Otağın sənədləşdirilməsi üçün sizdən kim pul tələb edib ki?-Sevil Əliyevadan soruşuruq.

-Mənzil istismar sahəsindən demişdilər ki, pul ver, otağı qızının adına sənədləşdirək. Dedim ki, məktəbdə xadimə işləyirəm, ayda cəmi 120 manat maaş alıram. Haradan alım o pulu verim, oğurluq edim? Qızım 3 övladı ilə kirayədə yaşayırdı. Oğlum öləndən sonra yanıma gətirdim. Neçə illərdir ki, 2 balaca otaqda 10 nəfər yaşayırıq.

Sevil Əliyeva deyir ki, vaxtilə zavod ailə tərkibini nəzərə alaraq 101 və 103 saylı otaqları onlara verib. “Otaqlar həyat yoldaşım İbadət Cabbarovun adına özəlləşdirilib. Kommunal xidmət haqqını vaxtlı-vaxtında ödəmişik. Amma iki otaq üçün 45 min manat kompensasiya ödəniləcək. Biz bu pulla haradan, necə ev alacağıq?”-deyə şəhid anası soruşur.

S.Əliyevanın ailəsinin mənzil şəraiti doğrudan da acınacaqlıdır. Sahəsi təxminən 15 -20 kvadratmetr olan  otaqda iki çarpayı yerləşdirilib. Otağın küncündə qoyulmuş masanın üstündə yemək hazırlanır. Yerə sərilmiş süfrənin ətrafında bir-birinə bənzəyən 3 uşaq yemək yeyir.

“Bunlar nəvələrimdir. Mən övladlarımı bu balaca otaqda böyütdüm. İllərdir yataqxananın söküləcəyini, bizə ev veriləcəyini gözləmişik. Düşünürdüm ki, heç olmasa nəvələrim rahat yaşayar. Buna görə də Abid Şərifovun qəbuluna getdim. Orada da bizi heç kim dinləmədi”-Sevil xanım kədərlə deyir.

Yataqxanada 100-dək ailə yaşayıb. Onlardan 25-i məcburi köçkün ailəsidir. Məcburi köçkünlərə 45 min manat verilməsi digər sakinlərin narazılığına səbəb olub.

“Yataqxanada yalnız  zavodun işçiləri üçün otaq verilib. Sonradan otaqlar mənzil kimi özəlləşdirilib, dövlət reyestrində qeydiyyata salınıb. 1993-cü ildə bəzi otaqlara məcburi köçkünlər məskunlaşıblar. Mənzilləri zəbt edilən zavod işçilərinə kompensasiya veriləcəyi vəd olunmuşdu”.

Bunu isə Adil adlı yataqxana sakini deyir.  Onun sözlərinə görə, bir qrup sakin mənzillərində  məcburi köçkün məskunlaşdığı üçün kompensasiya ala bilməyib. Amma onlardan “kupça”lar geri istənilir. Digər sakinlərin  isə  2-3 mənzili olsa da, yalnız bir otaq üçün kompensasiya ödənilir.

Yataqxana sakinləri ilə söhbətləşəndə məlum oldu ki, köçmək istəməyən sakinlərə işıq, qaz və su xəttinin kəsiləcəyi ilə bağlı xəbərdarlıq edilib.

“Deyirlər ki, qazınız, işığınız olmayandan sonra özünüz məcbur olub çıxmaq istəyəcəksiz. Biz pil istəmirik. O məbləğə ev alıb versinlər” -bunu isə yataqxananın həyətinə toplaşan sakinlərdən biri söyləyir.

Digər sakin də söhbətə qarışır: “Qarşıda tikilən villanı görürsüz? Hündürlüyü yataqxananın binasından böyükdür. Xətai Rayon İcra Hakimiyyəti başçısının müavinlərindən birinindir. O, villasının qarşısını təmizləmək istəyir. Buna görə də bizi tez-tələsik köçürmək istəyirlər”

Məcburi köçkün İsmayıl Ağayev söhbətə qarışıb deyir ki, onlara 4 otağın müqabilində 45 min manat veriləcək: “1 otaq 45 min manat hesablanır. Amma mənim 4 otağımın üçü nəzərə alınmadı”.

54-cü mənzildə yaşayan Günay Məmmədovanın da adı siyahıya salınmayıb. Şikayətçi deyir ki, adının siyahıya salınmamasının səbəbini subay olması ilə əsaslandırıblar: “23 ildir bu yataqxanada yaşayıram.  Bizim iki mənzilimiz var. Deyirlər ki, sən ailə qurmadığın üçün ayrıca təsərrüfat kimi qeydiyyata alınmırsınız. Halbuki ayrıca ev kimi kommunal xərcləri ödəmişik. Mənə deyirlər ki, ailə qur, sənə də 45 min manat ödəyək. Xətai Rayon İcra Hakimiyyəti Maliyyə Nazirliyinə, onlar isə Nazirlər Kabinetinə göndərirlər”.

Yataqxananın digər sakini Rövşən Məmmədovun sözlərinə görə, mənzillər qeydiyyata alınarkən sakinlərlə görüşməyiblər: “Mənim 2, qardaşımın 3 uşağı var. Biz ayrı-ayrı mənzillərdə yaşayırıq. Digər mənzildə isə valideynlərim və qardaşım yaşayır. 11 nəfərlik ailəyə cəmi 45 min manat təklif edirlər. Bizim ailə üzvlərimizin sayı nəzərə alınmayıb. Yalnız qardaşımın mənzilini qeydiyyata salıblar. Buna görə də bu pulun müqabilində ev verilməsini tələb edirik”.

0-cu mənzilin sakini isə adının siyahıya salınmamasına etiraz edir. Deyir ki, 1984-cü ildən burada yaşayır, uzun illər zavodda rəis müavini işləyib. Amma ona kompensasiya verməkdən imtina edirlər. “Hara müraciət ediriksə, deyirlər ki, məhkəməyə verin.  Xətai Rayon Məhkəməsinə Xətai Rayon İcra Hakimiyyətindən şikayət etməyimizin bir nəticəsi olmayacaq. Heç Nazirlər Kabineti bizim müraciətimizə reaksiya vermir. Təsəvvür edin ki, icra hakimiyyəti, Nazirlər Kabineti, Maliyyə Nazirliyi arasında qalmışıq”-sakin deyir.

İcra Hakimiyyətindən sakinlərə orderdən imtina etmələri üçün ərizə yazmaqları tapşırılıb. “Bizə deyirlər ki, imtina ərizəsi yazın. Ərizədə mənzillərin müqabilində ödəniş olunduğu qeyd edilir, alkin konkret məbləğ göstərilmir. Əgər, Nazirlər Kabinetinin sərəncamı ilə yataqxana ləğv edilirsə, orderlər də qanunla qüvvədən düşməlidir. Biz niyə məbləğ göstəilməyən ərizəyə imza atmalıyıq”-sakinlərdən biri danışır.

Sakinlər 122 saylı MİS rəisi və avtomobil zavodunun həmkarlar ittifaqının sədrinin əlbir olmasından, sakinlərdən xəbərsiz siyahı tərtib etməsindən şikayətlənirlər.

95 saylı mənzilin sakini Söylü Güləliyeva deyir ki, ona çatacaq kompensasiyanı məcburi köçkünə veriblər: “Demişdilər ki, məcburi köçkün evlər təmin ediləndən sonra otaq sizə qaytarılacaq. Həmin köçkünün Sulu Təpə ərazisində evi var. Mənim isə evim yoxdur. 122 saylı MİS-də orderim qeydiyyatdadır. Amma əlbir olub, sakinlərə veriləcək kompensasiyanı ödəmirlər. Xəyal Vəliyev adlı şəxsin adına saxta order düzəldib, kompensasiyanı ona veriblər”.

Sakinlər  deyirlər ki, xəbərdarlığa baxmayaraq köçməyəcəklər, yataqxananın işıq, qaz, su xətti kəsilsə etiraz aksiyalarına başlayacaqlar.

Problemlə bağlı 122 saylı mənzil istismar sahəsinə müraciət etdik. Lakin məsələnin onların səlahiyyətində olmadıqlarını söyləyib dəstəyi asdılar.

Xətai Rayon İcra Hakimiyyətindən isə telefon zəngimizə cavab olaraq yataqxanada faktiki yaşayanlara kompensasiya veriləcəyini, siyahının artıq təsdiqləndiyini deməklə kifayətləndilər. Bu dəfə  şəhid anası Sevil Əliyevanın ittihamlarını İcra Hakimiyyətinin əməkdaşına xatırlatdıq, qadına niyə o cür münasibət göstərilməsinin səbəbini soruşduq. “Bu suala cavab vermək bizim səlahiyyətimizdə deyil” deyib dəstəyi asdılar…

Ülviyyə Xudiyeva

Fotolar Samirə Həsənovanındır

Virtualaz.org

BIR CAVAB BURAXIN