“Bakıdan yüz erməni əsiri Primakovun təyyarəsinə doldurub apardıq Yerevana…”

0
680

Rusiyanın keçmiş baş naziri və xarici işlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Yevgeni Primakovun vəfatından iki il keçir. Virtualaz.org xəbər verir ki, bu münasibətlə Primakovun yaxın dostu, Rusiya xarici işlər nazirinin müavini və MDB işləri üzrə naziri olmuş Boris Pastuxov “Komsomolskaya Pravda”ya onunla bağlı xatirələrini danışıb.

Pastuxov deyib ki, hamı Primakovu şərqşünas kimi tanıyır, ancaq yada salmırlar ki, o, MDB məkanındakı münaqişələrin nizamlanmasında da rol oynayıb, qan axıdılmasını dayandırıb. Pastuxov Primakovun 90-cı illərin ortalarında Azərbaycanla Ermənistan arasında əsirlərin dəyişdirilməsində necə şəxsən iştirak etdiyi barədə də danışıb.

Boris Pastuxov

Pastuxov deyir: “Biz Primakovla Bakıdan yüz ermənini götürüb Rusiya təyyarəsindəYerevana çatdırmalıydıq. Və oradan elə həmin təyyarə ilə yüz azərbaycanlı əsiri Bakıya gətirməliydik”.

Beləliklə, Primakovun təyyarəsi Bakı aeroportuna enir, Azərbaycan tərəfi əsirlərin dəyişdirilməsinə dair razılaşmaya müvafiq olaraq erməni əsirləri gətirib təyyarəyə mindirir. Primakovu aerportdan prezident Heydər Əliyev yola salır, Azərbaycanın ədliyyə nazirinin müavinini də əsirlərin mübadiləsi əməliyyatı üçün Primakovun təyyarəsində Yerevana göndərir. Pastoxov xatırlayır ki, Heydər Əliyev Primakovu çox yüksək qiymətləndirirdi.

Boris Pastuxov bildirib ki, onlar erməni əsirlərlə birlikdə Yerevana uçanda həmin yüz nəfərin istənilən vaxt bunt qaldıra, təyyarəni xaricə qaçıra biləcəyindən qorxurdu. Və Pastuxov Primakovun mühafizəçisi Valeridən soruşub: “Səndə neçə patron var?”. Mühafizəçi cəmi bir dolu sandıqçası olan “Makarov” tapançasını göstərib.

“Mən həmin ermənilərin yanına getdim. Onlarla danışdım və başa düşdüm ki, bu adamlar ancaq evə qayıtmaq istəyirlər, başqa niyyətləri yoxdur. Salonun əvvəlində bizimlə ədliyyə nazirinin müavini oturmuşdu, qorxudan əsirdi. Primakov qarantiya verdi ki, heç kim ona toxunmayacaq, həmin nazir müavinini Yerevandakı Rusiya səfirliyində yerləşdirdi və ertəsi gün həmin təyyarə ilə bizimlə birlikdə geri qayıtdı”, – Primakovun dostu bildirir.

Belə məlum olur ki, erməni tərəfi razılaşmanı pozmaq istəyib və siyahıdakı azərbaycanlı əsirlərin hamısını azad etməkdən imtina etməyə çalışıb. “Biz sonra Primakovla Dağlıq Qarabağın mərkəzində olduq-və orada həmin yüz azərbaycanlı əsirin içərisindən bir, yaxud iki nəfəri qaytarmaq istəmirdilər. Primakov dedi ki, əgər siyahıdakıların hamısını almasaq Ermənistandan uçan deyilik”, – Pastuxov danışıb.

Yerevandan azərbaycanlı əsirlərlə Bakıya qayıdan Primakovu Heydər Əliyev qəbul edir, Pastuxov isə həmin vaxt Azərbaycan prezidentinin qəbul otağında kitabxanada vaxtını keçirir. Və özünün dediyi kimi orada “Böyük azərbaycanlılar” şerlər kitabının nadir cildini tapır. “Əliyev sonra onu mənə bağışladı”, – Pastoxov xatırlayır.

Onun dediyinə görə, Primakov üçün Bakıda təhlükəsiz deyildi. O, 1989-cu ildə Bakıya uçanda Qorbaçova zəng edib demişdi ki, hərbi əməliyyatlara rəhbərlik edə bilməz. “Nəticədə, onun yerinə Yazovu ora ezam etmişdilər”, – Pastoxov bildirib. Lakin Heydər Əliyev əmin edir ki, Primakov Bakıda özünü tam təhlükəsiz hiss edə bilər və ona mühafizəçi ayırmır…/Virtualaz.org

BIR CAVAB BURAXIN