Bakıdakı ABŞ diplomatlarının şübhəli təmasları

0
624
 

Gənclər təşkilatlarından redakiyamıza daxil olan məlumata görə, ABŞ-ın Azərbaycandakı səfirliyi gənclərlə iş sahəsində yenidən fəallaşaraq, ayrı-ayrı qurumların təmsilçiləri ilə görüşlər keçirməyə başlayıb. Əlaqələr əsasən müxalifət və səfirliyin vaxtilə sıx təmasda olduğu qurumlarla saxlanılsa da, ABŞ diplomatları həm də iqtidaryönlü təşkilatlarla görüşmək niyyətini ifadə edirlər.

Ekspertlər hesab edirlər ki, səfirlik Riçard Morninqstarın dövründə gənclər sahəsində müşahidə edilən fəallığını bərpa etməyə çalışır. İqtidaryönlü təşkilatlara gəldikdə, bunun daha çox əsl niyyəti pərdələmək məqsədi güddüyü  iddia olunur.

Bakıdakı Qərb institutları və diplomatları ilə hökumət rəsmiləri arasında əvvəllər bu mövzu ilə bağlı gedən gərgin müzakirələrin detallarına, Azərbaycan hakimiyyətinin məsələyə yanaşmasına yaxından bələd olan ekspert məsələni virtualaz.org saytına şərh edərkən bildirib ki, əvvəlki dövrdə müşahidə olunmuş xoşagəlməz halların hazırkı dövrdə təkrarlanması yalnız təəssüf doğura bilər.

Mənbəmiz qeyd edib ki, ABŞ-ın Azərbaycanda səfirləri olmuş Rino Harniş və Riçard Morninqstarın fəaliyyəti dövründə ABŞ-Azərbaycan əlaqələrində ciddi soyuqluq yarandı. ABŞ dövlət katibinin Avropa və Asiya ölkələri üzrə sabiq köməkçisi, dünyada “mütləq Amerika liderliyi”nin təmin etməyi hədəfləmiş “yeni Amerika əsri” layihəsinin əsas fiqurlarından sayılan Viktoriya Nulandın təlimatları ilə işləyən səfir R.Morninqstarın vaxtında ABŞ-ın səfirliyi Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrinə nüfuz etməyə çalışdı. Səfirlik Azərbaycanda QHT-lər arasında ayrı-seçkilik salmaqla vətəndaş cəmiyyəti institutları arasında ikitirəliyi gücləndirdi.  

“2013-cü ilin yanvarında radikal müxalifət partiyalarının fəalları olan bir qrup başıpozuq gəncin “əsgər ölümünə etiraz” aksiyaları və “molotov kokteyli inqilabı” təşəbbüslərinin əsas təşkilatçısı ABŞ fondları olmuşdu. Həmin hadisələrdən sonra ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Aleks Qriqorevs öz hesabından çıxardığı 2 milyon dolların hansı məqsədlərə xərcləndiyinə dair heç bir izahat verə bilməyərək, biabırçı şəkildə Azərbaycanı tərk etməyə məcbur olmuşdu. Səfir Riçard Morninqstarın “Azadlıq” radiosuna müsahibəsində Azərbaycanı “inqilabla” hədələməsi  isə hadisələrin kulminasiya nöqtəsi kimi xarakterizə edildi”-uzun müddətdir ABŞ-Azərbaycan münasibətlərinin təhlili ilə məşğul olan ekspert deyib.

Ekspertin sözlərinə görə, Morninqstarın “dan ulduzu” batandan sonra onu səfir postunda əvəz etmiş Robert Sekuta  bir müddət bu təlimatdan uzaq dururmuş kimi görünürdü. Bu da ümid etməyə əsas verdi ki, o, Azərbaycan reallığında inqilab eksperimentləri üçün siyasi müstəvi olmadığını anlayıb və sələflərinin aqibətindən düzgün nəticə çıxarıb.

Mənbə onu da əlavə edib edib ki, ABŞ-ın yeni prezidenti Donald Tramp seçkiqabağı dövrdə ABŞ vergi ödəyicilərinin pulları hesabına xaricə “demokratiya ixracı” planlarını dayandıracığını və  bu vəsaiti ölkənin  illərlə, on illərlə yığılıb qalmış daxili sosial problemlərinin həllinə yönəldəcəyini açıqlamışdı. Bu da Dövlət Departamentində Nuland erasının bitəcəyinə bir işarə idi: “Həqiqətən də, bir müddət sonra V.Nuland öz postunu tərk etdi və onu bu vəzifədə Con Heffern əvəzlədi. Ötən ilin sonunda Azərbaycana səfər edən Dövlət katibinin Avropa və Asiya ölkələri üzrə köməkçisinin müavini Bricit Brink isə regional proseslərdə Azərbaycanın rolunu yüksək qiymətləndirmişdi. Bütün bunlar onu göstərir ki, ABŞ Dövlət Departamenti ayrı-ayrı ölkələrlə münasibətlərdə əvvəlki mövqeyindən geri çəkilərək öz fəaliyyətini Prezident Trampın siyasi kursu əsasında qurmağa çalışır. Lakin görünür ABŞ-ın yeni administrasiyasının mesajları heç də bütün diplomatların qulağına çatmayıb və bəzi səfirlər hələ də Nuland dövründən qalma təlimatlarla işləməyə davam edirlər. Bu isə yaxşı hal deyil. Hesab edirəm ki, vəziyyətin bu cür davam etməsi Bakının Vaşinqtonla münasibətləri qarşılıqlı maraqlar üzərində inkişaf etdirməyə yönəlmiş səylərinə zərbə vura bilər”.

Bu tipli fəaliyyətin davam etdiriləcəyi təqdirdə Azərbaycanın cavabının necə olacağına gəldikdə mənbəmiz deyib ki, Azərbaycan hakimiyyət bu kimi hallara qarşı barışmaz mövqe tutur və heç bir halda ölkənin daxili işlərinə müdaxilə cəhdlərini qəbul etmir.

“Yəqin ki, bu görüşlərin davam etdiriləcəyi təqdirdə Azərbaycan hakimiyyəti əvvəlcə diplomatik kanallarla məsələni ABŞ hakimiyyətinin diqqətinə çatdıracaq. Çox böyük ehtimalla Vaşinqton səfir Sekutaya nəyin harada olduğunu başa salacaq. Əks təqdirdə, Morninqstarın aqibəti hələ də unudulmayıb”-hakimiyyətin əvvəllər bu məsələdəki yanaşmasına yaxından bələd olan mənbə vurğulayıb.

Virtualaz.org

BIR CAVAB BURAXIN