Bakıda beynəlxalq elmi konfrans keçiriləcək Yahoo / Inbox

0
580

İyunun 19-dan  23-dək Bakı şəhərində “Qloballaşma dövründə Azərbaycan və ümumtürk tarixinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Arazinfo.com-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfransın təşkilatçıları AMEA-nın Rəyasət Heyəti, Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzidir.

Beynəlxalq konfransda “Azərbaycan: qloballaşma dövrünün başlıca çağırışları, yeni reallıqlar və inkişaf imkanları”, “Qloballaşma və Türk dünyası: keçmişin dərsləri, günün reallıqları və gələcəyə baxış” və “Qloballaşan dünya: Azərbaycan və ümumtürk tarixinin inkişaf perspektivləri” bölmələri üzrə məruzələr dinləniləcək.

Konfransın materialları çap olunacaq. Məruzələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və aprelin 30-dək Təşkilat Komitəsinə göndərilməlidir.

Məqalələrin həcmi 10 səhifədən artıq olmamalı və elektron variant turkdunyasi.konf@gmail.com e-poçt ünvanına göndərilməlidir.

Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1,5 olmalıdır. Sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin yol xərci öz hesablarınadır. Mehmanxana və qonaqlama isə dəvət edən təşkilat tərəfindən ödəniləcək.

Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar: AMEA-nın əsas binası, 6-cı mərtəbə, Tarix İnstitutu. Tel.: (+994 12) 539 36 15, (+994 50) 327 41 64.