Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib

0
675

Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva paradda iştirak ediblər.

Bu gün Azərbaycan Respublikasının paytaxtı Bakı öz tarixinin ən əlamətdar günlərindən birini yaşayır. Düz 100 il əvvəl – 1918-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin zəfərini bayram edirdi. Həmin gün indi yenidən təkrarlanır. Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yetərincə əks etdirir və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu göstərir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verdi.

Dövlət başçıları əsgərləri salamladılar.

Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa etdi.

Sonra sözləri görkəmli Azərbaycan şairi Əhməd Cavada, musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyliyə məxsus “Çırpınırdın Qara dəniz” mahnısı səsləndirildi. Daha sonra ölməz sənətkar Müslüm Maqomayevin ifasında məşhur “Azərbaycan” mahnısının sədaları “Azadlıq” meydanına yayıldı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli Türkiyə Cümhuriyyətinin Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Hörmətli qonaqlar.

Əziz hərbçilər, xanımlar və cənablar.

İlk növbədə, mənim dəvətimi qəbul edib Azərbaycana gəlmiş əziz qardaşım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan Azadlıq meydanından bütün türk bacı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram.

Biz bu ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. İlk dəfə olaraq, müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz fəxr edirik ki, bu respublikanı yaradan Azərbaycan xalqı olmuşdur. Ancaq gənc müstəqil Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Azərbaycan hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi. Bakı şəhəri və bir neçə başqa şəhər işğal altında idi. Azərbaycan hökuməti Gəncə şəhərində yerləşmiş və orada fəaliyyət göstərmişdi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır.

Biz bu gün əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəhidlərimizin məzarlarını ziyarət etdik. Onların məzarları yan-yanadır. Onlara Allahdan rəhmət dilədik, onların xatirəsi bizim qəlbimizdədir və onların göstərdikləri qəhrəmanlıq bu gün Türkiyə və Azərbaycan birliyini daha da möhkəmləndirir.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Əfsuslar olsun ki, iki ildən sonra Cümhuriyyət süqut etdi, Azərbaycan öz dövlət müstəqilliyini itirdi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etmişdir və bizi ilk tanıyan Türkiyə olmuşdur. Bu da bir qardaşlıq nümunəsi idi.

Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Bizim birliyimiz bütün sahələrdə özünü büruzə verir. Təkcə bu il Prezident Rəcəb Tayyib Ərdoğanla mənim altı görüşüm olmuşdur – ikisi Azərbaycanda, ikisi Türkiyədə, ikisi isə beynəlxalq tədbirlər çərçivəsində. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir və hər görüşün böyük əhəmiyyəti var. Siyasi əlaqələr bu gün ən yüksək zirvədədir. Biz uğurlu iqtisadi əməkdaşlıq edirik. Ticarət dövriyyəsi artır. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Biz birgə enerji-nəqliyyat layihələrini uğurla icra edirik. O layihələr ki, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP layihəsinin bu il istifadəyə verilməsi tarixi layihələrdir. Birgə siyasi iradə ortaya qoyulmuşdur. Birgə maliyyə resursları təşkil edilmişdir və bu nəhəng transmilli layihələr uğurla icra edilmişdir. Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq. Keçən ilin oktyabrında əziz qardaşımın iştirakı ilə Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı mərasimi keçirilmişdir. Bu dəmir yolu yeni nəqliyyat damarıdır. Bu dəmir yolu ilə daşınan yüklərin həcmi getdikcə artır və artacaq. Bizim ölkələrimizin əhəmiyyəti, önəmi artır. Bütün bu böyük layihələri ancaq biz birlikdə edə bilərdik və etdik. Nəzərə alsaq ki, bu layihələr böyük maliyyə resursları, böyük siyasi iradə tələb edir, ancaq birgə səylərimizlə biz buna nail ola bilmişik. Bu gün Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bu layihələrin bəhrəsini görür. Bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə dəfə müştərək hərbi təlimlər keçirilir. Bu gün Türkiyə və Azərbaycan ordularının əsgərləri Azadlıq meydanında yan-yana dayanıblar və onlar bizim önümüzdən qardaş kimi keçəcəklər.

Türkiyə son illər ərzində çox böyük və şərəfli yol keçmişdir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilibdir. Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz. Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu, bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır. Türkiyə böyük iqtisadi gücə sahib bir ölkədir. Təsadüfi deyil ki, Türkiyə iqtisadiyyatına milyardlarla dollar xarici sərmayə qoyulur. Təkcə Azərbaycanın Türkiyəyə qoyduğu və qoyacağı sərmayə 20 milyard dollara bərabərdir. Türkiyənin dünya miqyasında çox güclü ordusu var. O dünya miqyasında ən güclü ordulardan biridir və həm Türkiyə, həm də bizim üçün bu, qürur mənbəyidir. Bütün bu uğurlar yalnız güclü liderin yorulmaz fəaliyyəti və xalqın Rəcəb Tayyib Ərdoğana olan dəstəyi nəticəsində mümkün olmuşdur. Bu gün mən Azadlıq meydanından bütün bu uğurlar münasibətilə Türkiyə Cümhuriyyətinin Prezidentini və bütün türk xalqını ürəkdən təbrik etmək istərdim.

Gələn ay Azərbaycan dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd edəcək. Tarix üçün bu, çox qısa bir vaxtdır. Müstəqilliyimizin ilk iki ili çox ağır, faciəvi keçmişdir, torpaqlarımız işğal altına düşmüşdür, Azərbaycan böyük iqtisadi çətinliklərlə, iqtisadi-siyasi böhranla üzləşmişdir. Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Nəzərə alsaq ki, birinci iki ilimiz çox ağır keçmişdir, sonrakı dövrdə Azərbaycan böyük uğurlara imza atdı. Bu gün Azərbaycan bölgədə önəmli ölkəyə çevrilib, dünyadakı rolumuz artır, bizim beynəlxalq mövqelərimiz möhkəmlənir, dünya ictimaiyyəti bizim siyasətimizi dəstəkləyir. Bunun ən bariz nümunəsi odur ki, bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçmişdir. Bu, dünyanın Azərbaycana olan dəstəyinin təzahürüdür. İqtisadi sahədə aparılan islahatlar Azərbaycana böyük imkanlar gətirdi, biz böyük nailiyyətlərə çata bildik. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artmışdır. Ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulmuşdur. Sosial məsələlərin həlli işində böyük uğurlar əldə edilmişdir. Bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir. Azərbaycan dost ölkələrlə, ilk növbədə, Türkiyə ilə birlikdə böyük layihələr icra etdi. Yəni, bütün bunlar tam əminliklə deməyə əsas verir ki, Azərbaycanın gələcəyi də parlaq olacaq.

Ölkəmiz ordu quruculuğu sahəsində də böyük uğurlar əldə edib. Bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Bizim hərbi potensialımız artır. Bizim güclü ordumuza böyük ehtiyacımız var. Çünki torpaqlarımız işğal altındadır.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Mənfur qonşular 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərmişdir. Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır.

Əziz dostlar, bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir.

Yüz il bundan əvvəl Nuru paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildi. Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır. Nuru paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır.

Tarixi zəfərdən sonra qəhrəman əsgərlərimiz Bakı küçələrinə zəfər yürüşünə çıxmışlar. Minlərlə Bakı sakini onları alqışlayırdı, onları öpürdü, qucaqlayırdı, bağrına basırdı. Bu, bir birlik bayramı idi.

Bu gün minlərlə Bakı sakini şəhərin küçələrində bu paradı, türk və Azərbaycan əsgərlərinin möhtəşəm yürüşünü gözləyir. Bu gün Bakı şəhəri Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Küçələrdə, binalarda, hərbi gəmilərdə, səmada Türkiyə və Azərbaycan bayraqları dalğalanır. Bu gün bu möhtəşəm mərasimi təkcə Bakı şəhərinin sakinləri yox, bütün dünya görür. Milyonlarla insan Türkiyə və Azərbaycanda, milyonlarla soydaşımız xaricdə bunu görür və haqlı olaraq qürur hissi keçirir.

Əziz dostlar, bacılar və qardaşlar, mən bir daha sizin hamınızı tarixi gün münasibətilə – Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə təbrik etmək istəyirəm. Türkiyə və Azərbaycan xalqlarına daim inkişaf, tərəqqi arzulamaq istəyirəm. Bildirmək istəyirəm ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir.

x x x

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi başlandı. Qarnizonun birlik, birləşmə, hərbi hissə, dövlət xidmətləri və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən parad heyətləri tribunaya doğru irəlilədi. Qarşıda Azərbaycan Respublikasının dövlət bayrağı, onun ardınca isə Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları gətirildi.

2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqları da bugünkü parada gətirilib.

Ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından, Bakı Qarnizonu zabitlərindən ibarət parad heyəti tribunanın önündən keçdilər.

Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil oldular.

Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi oldu.

Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank texnikası, Hava Hücumundan Müdafiə silahları sistemlərinin, artilleriya silahları və əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdirdi.

Türkiyə Silahlı Qüvvələrinin məşhur “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil oldu. “Mehtəran” birliyi tribuna ilə üz-üzə dayanaraq “Əsgər marşı”nı ifa etdi.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçdilər.

Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin uçuşu oldu.

Hərbi Hava Qüvvələrinin uçuş nümayişini “Mi-17” tipli iki helikopter açdı. Birinci helikopter Azərbaycan Respublikasının dövlət bayrağını, ikinci helikopter isə Türkiyə Respublikasının dövlət bayrağını aparırdı.

“Su-25” hücum təyyarələri Bakı səmasında Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaratdılar.

“MİQ-29” təyyarəsi yüksək pilotaj fiqurları nümayiş etdirdi.

Sonra Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın uçuşları başladı.

Türkiyəli şahinlər Azadlıq meydanı üzərində yüksək məharətlərini nümayiş etdirdilər, Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəkli çəkdilər.

Bununla da Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad başa çatdı.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu paradı Xalq artisti, professor, general-mayor Yusif Axundzadənin rəhbərliyi ilə birləşmiş hərbi orkestr müşayiət edirdi.

Yüzlərlə hərbi texnikanın, uçuş vasitələrinin, zirehli texnikaların, raket və artilleriya silahlarının, hava hücumundan müdafiə sistemlərinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının, digər silah və texnikanın nümayiş olunduğu bu parad bir daha göstərdi ki, son illərdə ordumuz əhəmiyyətli dərəcədə güclənib. Güclü iqtisadiyyata söykənən güclü ordu formulu Prezident İlham Əliyevin fəaliyyətinin əsas qayələrindən birinə çevrilib. Ölkəmizin iqtisadi inkişaf tempi Silahlı Qüvvələrin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri olub.

 

BIR CAVAB BURAXIN