Bakı gözəli Nərgiz Xəlilovanın faciəvi həyat hekayəsi

0
1228

Dosent Regina Krasivskayanın bu günlərdə çapdan çıxmış “Bakı şəhərinin əfsanəsi — Nərgiz” kitabı köhnə bakılıların diqqətindən kənarda qalmadı. Kitabda Bakının və Azərbaycanın ən gözəl qadını adlandırılan Nərgiz Xəlilovanın həyat hekayəsindən bəhs edilir. O, təkcə öz zahiri gözəlliyi ilə deyil, həm də qeyri-adi zehni, incə davranışı və bənzərsiz cazibəsi ilə zamanında hər kəsi heyran edib.

İlk Bakı gözəli haqqında kitabın müəllifi, onun xalası qızı Regina Krasivskaya Sputnik Azərbaycan-a müsahibəsində danışıb.

Nərgiz XəlilovaNərgiz Xəlilova

— Regina xanım, Nərgiz Xəlilova kimdir?

— Təəssüf ki, müasir Azərbaycan gəncliyi Nərgiz haqqında heç nə bilmir. İnternetdəki məqalələri oxuyarkən hər dəfə bir suala rast gəlirəm: Nərgiz Xəlilova kimdir? Hamı onun haqqında ətraflı bilmək istəyir. Ona görə də mən kitab yazmaq qərarına gəldim. Mən altını cızaraq deyirəm: Nərgiz fenomeni onunla bağlıdır ki, o, aktrisa, yaxud müsiqiçi olmayıb, yalnız özünün xüsusi keyfiyyətlərinə görə 60-cı illər nəslinin simvoluna çevrilib. O, çox geniş təhsilli insan idi. Beş dil bilirdi, Bülbül adına musiqi məktəbini və Konservatoriyanı bitirmişdi.

Nərgizin atası Ramazan Xəlilovgil Tbilisidə yaşayıblar. O, avar knyazının oğlu olub. Jurnalistka təhsili var idi. 1930-cu ildə “Bakinskiy raboçiy” (Bakı fəhləsi) qəzetinin müxbiri kimi Leninqradda akkreditə edilib və orada da Nərgizin gələcək anası ilə tanış olub.

Onun anası Elvira Xəlilova Belorusiyada anadan olub. Onun da çox gözəl görünüşü var idi. Cütlük 20 il bir yerdə yaşadılar. Nərgiz dəfələrlə etiraf etmişdi ki, onun uşaqlığının ən gözəl çağları Üzeyir Hacıbəylinin ailəsi ilə bağlı olub. Onları qohumluq əlaqələri bağlayırdı (Nərgizin ata nənəsi Üzeyir Hacıbəyli və böyük Müslüm Maqomayevin (onlar bacanaq idilər) həyat yoldaşlarının bacısı olub-red.).

Nərgizin uşaqlığı qayğısız idi. Onu diqqət və isti münasibət əhatə etmişdi. Onun anası ürək xəstəsi idi. Ona görə də mənim anam tez-tez onu ziyarət edirdi. Anam da xalam Elvira kimi gözəl idi. Mən həmişə özüm haqda deyirəm ki, “işləri azca atam korlayıb”. Həyat yoldaşı öləndən sonra Nərgizin atası dərin depressiyaya düşdü. Amma sonra yenidən evlənmək qərarına gəldi.

— Bəs Nərgizin şəxsi həyatı necə pisləşdi? 

— O, çox hörmətli bir ailədən olan yaraşıqlı gənc mühəndis Məlik Axundovla tanış oldu. Onun anası tibb elmləri doktoru, atası isə səhiyyə naziri di. Onlar bir-birilərini sevirdilər və evlənmək qərarına gəldilər. 1959-cu ildə Nərgiz Konservatoriyanın nəzəriyyə bölməsini bitirdi və bir müddət özünün yeni həyat yoldaşı titulunu daşımalı oldu.

Onun gözəlliyi Azərbaycanın bir çox məşhur şəxsiyyətlərini heyran etmişdi. Misal üçün, Bakının baş arxitektoru Əliş Ləmbəranski Bakının mərkəzində bir kafe tikdirmişdi və ona “Nərgiz” adını vermişdi. Şair Rəsul Həmzətov ona şeir həsr eləmişdi, Otar Taktaşişvili roman, Arkadi Arkanov hekayə yazmışdı. Hətta illər sonra onun həyatından bəzi faktlar Moskva teatrının “Yarasa” (“Letuçaya mış”) tamaşasının əsasını təşkil etmişdi.

  • Regina KrasivskayaRegina Krasivskaya

Təəssüf ki, bir neçə il sonra Nərgiz və Məlik ayrılmaq qərarına gəlirlər. Bunun bir neçə səbəbi vardı: xarakterlərin uyuşmazlığı, ortaq maraqların olmaması və həyat yoldaşının əsassız qısqanclıqları. Boşanandan sonra Nərgiz ata evinə qayıtdı. O, təkcə gözəlliyi ilə deyil, həm də stili ilə diqqəti cəlb edirdi, həmişə gözəl geyinirdi. Müslüm Maqomayev onun ata tərəfdən qohumu idi. Həmişə ona xaricdən dəbə uyğun geyimlər gətirirdi. Bakıda şalvarlı kostyumu ilk dəfə Nərgiz geyinmişdi.

— Boşanandan sonra o daha ərə getmədi? 

— Bir dəfə o, qardaşının ortağı Slavik Aqaranovla tanış olmuşdu. O varlı tat yəhudilərindən birinin oğlu və şəhərin “qızıl gəncliyi”nin lideri idi. O, Nərgizi dəlicəsinə sevirdi və onlar vətəndaş nikahında yaşayırdılar.

Sonra onlar Moskvaya köçmək qərarına gəlirlər. Orada sevgilisi valyuta tacirləri qrupuna qoşulur. Əcnəbilərlə tanış olur, onların dillərini öyrənir, rublu sərfəli qiymətlə valyutaya çevirir, həmçinin Bakıya dəbli və tapılmayan malları gətirərək hədsiz baha qiymətə satırdı. Əvvəlcə o tək işləyirdi. Sonra qrup şəklində işləməyə başladılar. Hətta o səviyyəyə çatdılar ki, valyuta ilə qızıl alıb onu xaricə satırdılar.

Bir dəfə onları saxladılar. Onların mənzillərində olan hər şeyi müsadirə etdilər. Mənim bədbəxt xalam qızı il yarım təsəvvürə gəlməyəcək dərəcədə əzab, alçaldılma, Lefortovo həbsxanasında bitib-tükənməyən sorğulanma ilə qarşılaşmalı oldu. Nərgiz beş il Bakıdakı ümumi rejimli qadın kolonunda cəza çəkməli oldu. O, qrup üzvlərinin sadəcə adını bilirdi. Amma onu onlarla əlaqədə günahlandırdılar. Bizim heç birimiz onların nə işlə məşğul olduğunu bilmirdik. Nərgiz bizə deyirdi ki, Moskvada dissertasiya üçün material toplayır və onun üzərində işləyir. Slavik isə Beynəlxalq Münasibətlər İnstitutunda oxuyur.

— Həbsxanadan sonra onun həyatı necə oldu? 

— Koloniyada müstəntiq İsaak Qerşveld işləyirmiş. O, Nərgizi həbsxanaya düşməzdən əvvəl tanıyırmış və ona gizlicə aşiq imiş. Nərgiz azadlığa çıxan gün o, Nərgizə ürəyini açıb və onun əlini tutub. Ona qədər Qerşveld evli idi və iki qızı vardı.

Nərgiz ona ərə getməyə razılıq verir və onunla 16 il bir yerdə yaşayır. Onlar nikaha girəndən sonra Qerşveld bir daha sistemdə işləmək hüququndan məhrum edilməklə tutduğu vəzifədən azad olundu. O vaxtkı qanunlara görə, hüquq-mühafizə sistemində işləyən şəxslərin həbsdə olmuş qadınla evliliyi uyğun hesab edilmirdi. Sonra onlar Moskvaya getdilər. İsaak orada tipoqrafiya açdı. Həbsdən çıxandan sonra onun keçmiş sevgilisi Slavik Nərgizə yalvardı ki, onun yanına qayıtsın. Amma Nərgiz imtina etdi.

— Daha sonra o, nə işlə məşğul oldu?

— O, Parisdə, Nyu Yorkda, sonra isə vətəndaşlığını aldığı İsraildə olmuşdu. Ötən əsrin son onilliyində Nərgiz fəal işgüzar həyat yaşadı. O, həm də dünyəvi bir qadın olaraq Milli İncəsənət Muzeyində çalışıb, xeyriyyə işləri görüb, Üzeyir Hacıbəyli fondunu zənginləşdirib, gənc musiqiçilərə və digər mədəniyyət xadimlərinə sərmayə qoyub.

O, tez-tez baş rolları Lyüdmila Duxovnaya və Murad Yegizarovun oynadığı Rus Dram Teatrını ziyarət edirdi. Təkcə Bakıda deyil, Moskvada müxtəlif sərgilərə və tədbirlərə qatılırdı. 1998-ci ildə onun atası vəfat etdi. O, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru idi. Onun ölümündən sonra Nərgiz bu şərəfli vəzifəni öz üzərinə götürdü. O, muzeyin yenidən qurulmasını planlaşdırırdı.

Həmin illərdə Nərgiz özünü pis hiss etməyə başladı. Halsızlıq, tez yorulma onu əldən salırdı. Ona səhv diaqnoz qoydular: ağciyərlərin soyuqlaması. Onu güclü antibiotiklərlə müalicə etməyə başladılar. Amma nəinki onun vəziyyəti yaxşılaşdı, əksinə, getdikcə daha da pisləşməyə başladı. 1998-ci ildə onun qardaşı Rüfət öz arvadı ilə birlikdə Nərgizi Moskvaya apardı. Orada onu yoxlanmaq üçün Gertsen adına onkologiya institutuna yerləşdirdilər. Orada ona dəhşətli diaqnoz qoyuldu — leykemiya (sümük iliyi xəstəliyinə aiddir, qan hüceyrələrinin, əsasən ağ qan hüceyrələrinin çoxalması ilə nəticələnən qan xərçəngidir — red.).

Nərgiz vəfat edəndə onu sink tabutda Bakıya gətirdilər. Aeroportda ağlasığmaz sayda tanış və tanış olmayan adamlar toplaşmışdı. Onlar Nərgizlə vidalaşmağa gəlmişdilər.

— Və bütün bunlarla yanaşı Nərgiz özünü xoşbəxt insan sayırdı? 

— Nərgiz öz müsahibələrindən birində demişdi ki, çox əziyyətlər çəkib, itkiləri çox olub, anasını, ikinci əri İsaakı tez itirib, xəyal qırıqlığına uğrayıb, amma yenə də özünü xoşbəxt insan hesab edir. İllər, onilliklər keçəcək, amma Nərgizin obrazı, onun həyatı, taleyi, ümumiyyətlə hamı tərəfindən qəbul edilmiş Bakının ilk gözəli fenomeni hələ uzun illər yeni bakılılar nəslini həyəcanlandıracaq, valeh edəcək. Şübhə etmirəm ki, onun haqqında yenə də yazacaqlar və hətta ola bilsin, film də çəkdilər.

 

 

P.S. Nərgiz Xəlilovanın övladı olmayıb.

sputnik.az

BIR CAVAB BURAXIN