Bakı Dövlət Universitetinin professor-müəllim heyəti Azərbaycan tarixi fənni üzrə dərslərin azaldılmasına etiraz edirlər: Prezident İlham Əliyevə müraciət

0
1695


BAKI DÖVLƏT UNİVERSİTETİ, TARİX FAKÜLTƏSİ, AZƏRBAYCAN TARİXİ (TƏBİƏT FAKÜLTƏLƏRİ ÜZRƏ) KAFEDRASININ PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA MÜRACİƏTİ

Hörmətli Cənab Prezident! Respublikanın bütün Ali məktəblərinin bütün fakültələrdə tədris olunan “Azərbaycan tarixi” fənni xalqımızın beş min illik dövlətçilik tarixinin öyrənilməsində, müasir gənclərin milli şüurunun formalaşmasında onların vətəninə, millətinə və dövlətinə sıx bağlı olan vətəndaş kimi yetişməsində heç bir başqa fənn ilə müqayisə edilməyəcək dərəcədə fövqəladə rola malikdir. Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda müharibə ərəfəsində olduğumuz indiki şəraitdə çox mühüm siyasi və ideoloji silah olan “Azərbaycan tarixi” fənninin ali məktəblərdə tədrisinə ayrılan saatların azaldılması biz müəllimlərdə böyük təəccüb və təəssüf doğurur. Məlumat üçün bildiririk ki, XX əsrin 90-cı illərinin əvvəllərində bütün Ali məktəblərdə, o cümlədən BDU-da “Azərbaycan tarixi” fənni iki semestr ərzində 108 saat həcmində tədris olunurdu. Sonrakı dövrdə ali məktəblər üçün hər yeni dövlət standartları hazırlananda, vətənimizin tarixinə ayrılan saatlar azaldılmış, əvvəlcə 90,sonra isə 75 saata endirilmişdir. İndi hazırlanan yeni standartlarda “Azərbaycan tarixi” fənninin 60 və yaxud 45 saat həcmində tədris olunması nəzərdə tutulmuşdur. Bu azalma tendensiyasının sürəkli olaraq davam etməsi “Azərbaycan tarixi” fənninin tədris prosesindən çıxarılması kimi çox təhlükəli bir vəziyyət yarada bilər. Tariximiz, xalqımızın gələcəyi üçün təhlükəli və çox acı nəticələr verə biləcək bu prosesin qarşısının vaxtında alınmasını Sizdən xahiş edirik. Hörmətlə Prof. Süleymanova Sevda Yunis qızı. Prof. Bayramov Zabil Həsrət oğlu. Dos. Nəsibov Yunis Məsməli oğlu. Dos. Şəbiyev Bəymirzə Şabi oğlu. Dos. Cavadova Almaz Sabir qızı. Dos. Hüseynli Rəsul Sabir oğlu. Dos. Ağayeva Ülviyyə Əjdər qızı Cavanşir Nurlana Allahyar Həsənov Ərşad Həsən oğlu. İslamova Zəhra Rüstəm qızı. Qəribova Aysel Əkrəm qızı.