BAKI DAİRƏLƏRİNDƏ “QIRĞIN OLACAQ” – Əsas rəqabət hansı namizədlər arasında gedəcək?

0
205

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində əsas rəqabətin Bakıda yerləşən seçki dairələrində olacağı gözlənilir. Ölkə üzrə tanınmış şəxslərin bir çoxu məhz paytaxtdakı dairələrdən seçki yarışına qoşulub. 

MSK-nın rəsmi saytına yerləşidirlən məlumatlar əsasında 12 dairə üzrə durumu təhlil edib namizədləri, onların rəqabət imkanlarını müəyyənləşdirməyə çalışdıq.

8 SAYLI BİNƏQƏDI BİRİNCİ SEÇKİ DAİRƏSİ

Bu diarədən 42 nəfərin namizədliyi irəli sürülsə də, hələlik 8 iddiaçının namizədliyi qeyd alınıb. Bunlar Azay Quliyev, Arzu Səmədbəyli, Vüsal Zülfüqarov, Kübra Əliyarlı, Şahmurad Məmmədov, Xəyal Məmmədxanlı, Kənan Eminbəyli və Araz Hüseyinovdur. 

Bu dairədən 3 tanınmış şəxs arasında qızğın rəqabət gözlənilir. Onlar deputat, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, tanınmış sığortaçı Xəyal Məmmədxanlı və Müsavat partiyasının üzvü, keçmiş deputat Arzu Səmədbəylidir.

9 SAYLI BİNƏQƏDI İKİNCİ SEÇKİ DAİRƏSİ 

Bu seçki dairəsindən deputatlığa 32 nəfər iddia etsə də, onlardan 10 nəfərin namizədliyi qeydə alınıb. Bunlar YAP-ın rəsmi namizədi Kəmaləddin Qafarov, AMİP funksioneri Əli Orucov, BAP-ın sədri Elşad Musayev, Orxan Mustafayev, Aybəniz Məmmədova, Şəhriyar Bayramov və Anar Əliyevdir. 

Əsas rəqabətin Kəmaləddin Qafarovla adıçəkilən namizədlər arasında gedəcəyini ehtimal etmək olar.

10 SAYLI BINƏQƏDI ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ

Bu dairədən 19 nəfər namizədliyini irəli sürüb. DSK hələlik onlardan cəmi 2-nin namizədliyini qeydə alıb. Bunlar 25 ildir ki, Milli Məclisdə əyləşən Hacı Madər Musayev və YAP-ın rəsmi namizədi Anar Əliyevdir. Tanınmış şəxslərdən Xalq Hərakatının tanınmış simalarından Qorxmaz İbrahimli də bu dairədən namizədliyini irəli sürüb. O, imza vərəqlərini DSK-ya təqdim etsə də, hələlik qeydə alınmayıb. 

Hələlik qeydə alınanların azlığı bu dairədə rəqabət aparan tərəfləri müəyyənləşdirməyə imkan vermir. Amma şübhəsiz ki, tərəflərdən biri məhz Madər Musayev olacaq.

11 SAYLI QARADAĞ SEÇKİ DAİRƏSİ

Bu seçki dairəsindən 14 nəfər namizədliyini irəli sürüb. Onlardan hələlik 6 nəfərin namizədliyi qeydə alınıb. Hamlet Ağalarov, Gülər Bəbirova, Məmməd Hacıyev, Aydın Hüseynov, Jalə Qədirova və Xəyalə Qurbanovanın adları seçki bülleteninə yazılacaq. 

Müsavat Partıyasının başqan müavini Səxavət Soltanlı imza vərəqlərini geri qaytarsa da, onun namizədliyi hələlik təsdiq olunmayıb.  

Bu dairədən hazırki deputat Aydın Hüseynovun əsas rəqibinin kim olacağı bir neçə gündən sonra dəqiqləşəcək.

12 SAYLI QARADAĞ-BİNƏQƏDI-YASAMAL SEÇKİ DAİRƏSİ

Bu dairədən 28 nəfər iddiaçı olsa da onlardan hələlik 9 nəfərinin namizədliyi qeydə alınıb. Natiq Cəfərli (Real), Reyhan Hacızadə, Eltun İbrahimov, Orxan Mütəllimov, Niyaməddin Orduxanlı, Aydə Şirinova, Səbinə Xasayeva qeydə alınan namizədlərdir. 

Bu dairədən əsas iddiaçı ReAL partiyasının icraçı katibi Natiq Cəfərlidir. 

Hakimiyyət onun qarşısına ciddi rəqib çıxarmadığına görə onun deputat seçiləcəyi gözlənilir.

13 SAYLI XƏZƏR-PİRALLAHI SEÇKİ DAİRƏSİ

Bu seçki dairəsinə deputat olmaq üçün 33 nəfər müraciət etsə də, onlardan hələlik 13 nəfəri rəsmi namizəddir. Bu dairədən YAP-ın rəsmi namizədi hazırki deputat Rauf Əliyevdir. 

Namizədlərin adlarına göz gəzdirdikdə digər tanınmış adlara rast gəlmədik. Ona görə, R.Əliyevin yenidən deputat mandatı alacağını ehtimal etmək olar.

14 SAYLI XƏZƏR SEÇKİ DAİRƏSİ

Bu seçki dairəsinə 16 nəfər namizədliyini irəli sürmək üçün müraciət edib. Onlardan 9 nəfərinin namizədliyi artıq qeydə alınıb. Xatırladaq ki, ötən seçkilərdə bu dairədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva millət vəkili seçilib. 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra Mehriban Əliyeva ölkənin ikinci ali postuna təyin olunub. Daha sonra dairə üzrə əlavə seçkilər keçirilməyib. 

Qeydə alınan namizədlər arasında Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi, 1974-cü il təvəllüdlü Soltan Məmmədovun adı diqqəti çəkir. Onun alternativləri arasında tanınmış şəxslər yoxdur.

15 SAYLI YASAMAL BİRİNCİ SEÇKİ DAİRƏSİ

Ən ciddi rəqabətin olacağı dairələrdən biri olan 15 saylıdan 43 iddiaçı var ki, onların bir neçəsi ölkə səviyyəsində tanınmış şəxslərdir. Hazırki deputat Ülvi Quliyev, Müsavat başqanı Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, AMİP funksioneri Elşən Mustafayev, politoloq Rövşən Novruzoğlunun adlarını çəkmək olar. 

Hələlik, DSK 6 nəfərin namizədliyini qeydə alıb. Əsas rəqabətin hazırki deputat Ülvi Quliyevlə Müsavat və ADP rəhbərləri arasında gedəcəyi gözlənilir.

16 SAYLI YASAMAL İKİNCİ SEÇKİ DAİRƏSİ

Bu dairə də namizəd bolluğu ilə seçilir. DSK-ya müraciət etmiş 36 nəfərdən hələlik 11-nin namizədliyi qeydə alınıb. Hakim Yeni Azərbaycan Partiyasının namizədi Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərovdur. Tanınmış şəxslərdən keçmiş deputat Gülər Əhmədova, ReAL Partiyasının üzvü, tanınmış hüquqşünas Erkin Qədirli də namizədlər sırasındadır. 

Daha bir diqqətçəkən namizəd “Paşa Bank”-ın baş mütəxəssisi Elvin Həsənovdur. 

Bu dairədən ən şansı namizəd Erkin Qədirli hesab olunur. Siyahıdan aydın görünür ki, hakim partiyanın nə özündən, nə də “müstəqillərdən” onun qarşısına güclü namizəd çıxarılmayıb.

17 SAYLI YASAMAL ÜÇÜNCÜ SEÇKİ DAİRƏSİ

Dairə Seçki Komissiyasına 25 iddiaçı müraciət etsə də, hələlik onlardan cəmi 3 nəfərin namizədliyi qeydə alınıb. Tanınmış şəxslərdən ReAL-ın keçmiş üzvü Azər Qasımlı, VİP sədri Əli Əliyev, tanınmış vəkil Cavad Cavadov bu dairədən namizəddirlər. YAP-ın rəsmi namizədi isə Heydər Əliyev Mərkəzi direktorunun müşaviri Elnur Allahverdiyevdir. 

Bu dairədə əsas rəqabətin adıçəkilən şəxslərlə hakim partiyanın namizədi arasında gedəcəyi gözlənilir.

18 SAYLI NƏRİMANOV-NİZAMI SEÇKİ DAİRƏSİ

Bu seçki dairəsinə 22 iddiaçı sənədlərini təqdim edib, 9 nəfərin namizədliyi qeydə alınıb. YAP-ın rəsmi namizədi “Minera” Şirkətləri Qrupunun rəhbəri Xudaqulu Rzayevdir. 

X.Rzayev DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) rəisi Əbülfət Rzayevin qardaşıdır. Hazırki deputat, politoloq Rasim Musabəyov da yenidən namizədliyini irəli sürüb. 

Tanınmış şəxslərdən vəkil Ceyhun Yusifov da əsas iddiaçılar arasındadır. 

19 SAYLI NƏRİMANOV BİRİNCI SEÇKİ DAİRƏSİ

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin də namizəd olduğu bu seçki dairəsində qızğın rəqabət gözlənilir. DSK-ya 25 nəfər müraciət etsə də, onlardan hələlik 7 nəfərinin namizədliyi qeydə alınıb. Hakim partiyanın bu dairədən namizədi hazırki deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğludur. Hüquqşünas Nicat Gözəlov, Pərviz Səmədbəyli (Elçibəyin kürəkəni Aqil Səmədbəylinin qardaşı), Ümid Partiyasından Elman Abbasov, idman ustası Güloğlan Cabbarov da bu dairədən namizəddirlər. Diqqətçəkən isimlərdən biri isə “ATA Bank” Biznesin İnkişafı Mərkəzinin direktoru Oruc İbrahimovdur. 

Seçki günü əsas rəqabətin İsa Qəmbərlə hakim partiyanın namizədi arasında gedəcəyi gözlənilir.

20 SAYLI NƏRİMANOV İKİNCI SEÇKİ DAİRƏSİ

Cəmiyyətdə “Adil Əliyevin dairəsi” kimi tanınan DSK-da hazırki deputatın ciddi alternativi yoxdur. YAP BDU Həmkarlar Komitəsinin sədri Nihad Allahyarlının namizədliyini irəli sürüb. Cəmi 18 nəfərin müraciət etdiyi dairədə hələlik 5 nəfərin namizədliyi qeydə alınıb.

Görünür, əvvəlki seçkilərin nəticələri tanınmış iddiaçıları Adil Əliyevə alternativ olmaq niyyətindən daşındırb. Hətta deputatın əzəli rəqibi İsa Qəmbər də bu seçkidə başqa dairədən namizəd olmağı üstün tutub. 

Bakının digər dairələrindəki vəziyyətlə bağlı növbəti yazıda məlumat verəcəyik.

“AzPolitika.info”